Sosial şəbəkə “cəngavərləri” niyə söyürlər, kimə söyürlər? - REPLİKA
20 fevral 2023 12:47 (UTC +04:00)

Sosial şəbəkə “cəngavərləri” niyə söyürlər, kimə söyürlər? - REPLİKA

“Koroğlu” dastanının son bölümündə maraqlı bir fikir var, tez - tez məsəl kimi işlədilir:  “Tüfəng çıxdı, mərdlik getdi”.

Hər dövrün mərdliyi aparan yenilikləri, icadları olur.  Son 10 ilin “tüfəngləri” də sosial şəbəkələrdir. Hamımızın kütləvi şəkildə cənginə düşüb, bir şəkildə axınına qapıldığımız bu virtual dünya əslində çoxları üçün əyri güzgülər krallığıdır. Burda dovşanlar özlərini şir, çirkinlər gözəl, kasıblar milyonçu kimi görüb ovuna və kimlərisə ovlaya bilirlər.  Cəmiyyət içində sözünün kəsəri, daxili azadlığı olmayanların özünü qəhrəman elan elədiyi dünyadır virtual dünya. Bəziləri üçün eşşək cənnətidir. 

Bu dünyadan hər kəs öz xislətinə uyğun istifadə edir.

Bıçaq bir qadının əlində yemək bişirmək üçün alətdirsə, bir qatilin əlində ölüm silahıdır.  Sosial şəbəkələrdən də eyni şəkildə istifadə olunur. Kimlər üçünsə bura öyrənmə, öyrətmə meydanı, kimlər üçünsə dünya açılan pəncərə, kimlər üçünsə içinin zəhərini qusmaq üçün yer, ruhunun manyak tərəflərini, içindəki heyvanı açıb buraxmaq  üçün  cəngəllikdir.

Sosial şəbəkələrdə hər hesabın arxasında real insan dayandığına görə, (hətta adına saxta hesab desək də) bu adamlar işlətdikləri ifadə və yaydıqları informasiyanın məsuliyyətini daşımağa hökmlüdürlər. Dünya təcrübəsinə görə, sosial şəbəkələr söyüşə, təhqirə, ictimai əxlaqı pozan görüntülərə, qadağan olunmuş mövzularda - porno və bu kimi məlumatların yaymayacaqlarına dair öhdəlik götürürlər. Belə olmalıdır. Kimsə kiminsə dəliliklərinə dözmək məcburiyyətində deyil. 

Bizim sosial şəbəkə mədəniyyətimiz nə dərəcədə inkişaf edib?

Bu suala cavab vermək üçün istənilən sosial şəbəkədə müxtəlif səhifələrdə bir balaca “gəzişmək” kifayət edir. Kimləri görəcəksiniz? Evdə isti divanında oturub, çöldəki tıqqıltıya səksənən, amma qarlı dağlarda keşik çəkən əsgərə söz atan “qəhrəmanı” da görəcəksiz, çılpaq arxasını yırğalayaraq müştəri gəzən, söz düşsə, özünü azad ruhlu qadın, başqasını “çuşka” elan edən qədim peşə sahiblərini də, “namazqılankaları” da, önünə çıxan hər qadına, statusundan, yaşından asılı olmayaraq “girişən”, “salam xaam, nə qəşəhsiz” deyən ac alfaları və s.

Ən qorxulusu da ağ-qara, yaxşı-yaman fərqi qoymadan hamıya söyənlər, ağıl paylayanlar, öz bəsit fikirlərinə təzad gördükləri hər şeyi düşmən bilib, hücum çəkən qrupdur. Düşünmədən eləcə danışmaq xatirənə danışıb, razılaşmamağı zəka məhsulu hesab edən bu adamlar bütün keçmiş travmalarını, emosiyalarını, qəzəblərini insanlara töküb rahatlayırlar. Niyə söyür, kimə söyür? Bunu da bilmir. Bəs dəliyə yer verib əlinə bel vermək olarmı? Olmaz. Ona görə, Daxili İşlər Nazirliyinin “TikTok”da söyüş söyənlərə qarşı mübarizəyə başlaması barədə xəbərini alqışlamaq lazımdır. Cinayətkarlar yalnız küçələrdə qaçmırlar. Əlimizdəki telefonlarla bir başa beynimizə xitab edirlər. Qanun hər yerdə və hamı üçün qanundur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar