SOSİAL MEDİA XƏSTƏLİYİ  - Psixoloq yeni insan tipindən danışdı
20 may 2021 16:54 (UTC +04:00)

SOSİAL MEDİA XƏSTƏLİYİ - Psixoloq yeni insan tipindən danışdı

“Sosial media və ağıllı telefonlar günlük həyatımıza hökm etməyə davam edir. İnsanlar artıq real həyatda deyil, virtual mühitdə yaşamağı seçirlər. Sosial mediyaya olan bu aludəçilik “fomo” adında bir fobiyanı meydana çıxardı. Bu asılılıq zamanla insanda gündəmdəki dəyişiklikləri təqib etməmə qorxusuna çevrilir”.

Bu fikirləri Lent.az –a açıqlamasında psixoloq Sona Davudova bildirib. 

Psixoloq Sona Davudova

Psixoloq bildirir ki, sosial media bu gün insanların ünsiyyət qurmaq üçün istifadə etdiyi rəqəmsal dünyaya verilən ümumi addır:

“Sosial mediadan əvvəl rabitə bu qədər asan olmamışdı. İnsanlarda ünsiyyət rahatlığı, dəyərləri müsbət və ya mənfi olaraq dəyişdirdi. İndi yeni  insan tipologiyasına sahibik. Keçmişdə danışaraq, əldə etdiyi uğurları göstərən insanlar indi mesajlarını, statuslarını və şəkillərini sosial mediada paylaşaraq varlığını göstərməyə çalışır.

Sosial media asılılığı insanda yuxu pozuntusuna səbəb olur. Bu tip insanlar mütəmadi olaraq media hesablarını yoxlayır və nəticədə qayğı pozuqluğu yaşayırlar”. 

Sona Davudoba qeyd edir ki, bu şəbəkələrin son illər fərdlərin inancına, münasibətinə və davranışına müsbət və mənfi təsir göstərdiyi sübut olunub:


“Müsbət təsirlər sırasına məlumatın əldə edilməsi və yayılması, ünsiyyət vasitəsi və məlumat mənbəyi kimi istifadə olunma xüsusiyyəti aiddir. İnsanlar öz dostları ilə çox tez bir zamanda məlumat əldə edə və yaya bilərlər. Bu şəkildə fərdlər dərhal sosial şəbəkələr vasitəsi ilə hər kəs tərəfindən məşhur, izlənilən və təqdir olunma fürsəti əldə edirlər. Sosial mediada açıq paylaşımlar başqalarının şəxsi həyata dair fikir bildirməsinə şərait yaradır. 

Təəssüf ki, insanların əksəriyyətində “xüsusi xatirələrimi nə qədər çox bölüşsəm, bir o qədər də heyranlığa səbəb olacam” düşüncəsi var”.

Psixoloq vurğulayır ki, insanlar paylaşımları ilə sanki özlərini foto və mesajlara çevirərək, görüntü güzgüsü kimi istifadə edilirlər. 

“Fotoredaktor proqramı ilə düzəldilən şəkillərdə özünü olmadığı biri kimi göstərmək, bəyənilmək və qiymətləndirilmək istəyini təmin etməyə çalışırlar. Daha çox gənclərin aktiv olduğu bu tip paylaşımlarda qeyd olunan vasitələrlə onlara heyran olunmasını istəyirlər.
Sosial mediada paylaşdığı şəkli və ya mesajı bəyənməyən şəxs özünü dəyərsiz hiss edə  və depressiyaya düşə bilər. Hətta bu sosial media xəstəliyi insanı intihar həddinə çatdırır. Ancaq fərd olaraq və insan olaraq biz görüntüdən daha çoxuq. Unutmayaq ki, gerçəklik sadəcə görüntülərdən ibarət deyil”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3759
avatar

Nigar Adil

Oxşar yazılar