“İşaldan azad edilmiş yerlərə tarixi şəxsiyyətlərimizin adının verilməsi çox gözəl təklifdir. Bununla yanaşı biz təklif edirik ki, şəhidlərimizin də adı verilsin. O ərazilər üçün fədakarlıq etmiş, canından keçmiş insanların adının verilməsi yaxşı olar”.
Lent.az xəbər verir ki, bu fikirləri Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
Emin Həsənli işaldan azad edilmiş bütün ərazilərdə bərpa işlərində rayonun, qəsəbənin, kəndin girişində böyük abidələr ucaldılması təklifi ilə çıxış etdiklərini bildirib: “Yaxşı olar ki, bu ərazilərdə abidə komplekləri olsun və bu komplükslərdə həmin ərazilər uğrunda canından keçmiş şəhidlərin şəkilləri yer alsın.Həmin yerlərdə xatirə muzeylərinin yaradılsın. Böyük bir park onların adını daşısın. Həmin parkda ağaclar əkilsin. Hər bir ağac simvolik olaraq bir şəhidin adını daşısın. Dünyanın müxtəlif yerlərndə, xüsusilə Türkiyədə, Şimali Kiprdə biz bunu görmüşük. Kiprdə şəhid olmuş 500 hərbçinin hər birinin adına bir ağac əkib və böyük bir park salınıb. Yaxşı olar ki, gələcəkdə azad edilmiş ərazilərdə qəhrəmanlıq parkları salınsın. İnsanlar gəlib oranı ziyarət etsinlər. O parkda da həmin ərazidə yaşayan qazilər üçün də xüsusi yerlər ayrılısın ki, qazilər buraya gələn məktəblilərə, tələbələrə, turistlərə həmin yerdə gedən döyüşlər haqqında məlumat versinlər. Azad olunmuş rayonların sakinləri olaraq bu müharibədə iştirak edən qəhrəman öladlarımız var. Onlar da bu prosesdə yaxından iştirak etməlidirlər. Həmin tarixi anlar unudulmamalıdır. Ümumiyyətlə bərpa prosesində, cənab Prezidentin də qeyd etdiyi kimi kiçik olsa da dağıdılmış yerlərin bir qismi saxlanılmalıdır. Ən əsası şəhidlərin adının əbədiləşdirilməsi üçün komplekslər salınmalıdır. İşğaldan azad edilmiş yerlərdə məktəblərə, xəstəxanalara, uşaq bağçalarına, küçələrə şəhidlərimizin adları verilməlidir. Bundan başqa yaxşı olar ki, Azərbaycanın hər rayonu və kəndində şəhid olmuş insanlarımızın hər birinin adı əbədiləşdirilsin. Hər bir rayon, yaxud kəndin girişində böyük bir abidə yaradılmalıdır. Dövlət başçısının bununla bağlı iki müvafiq sərəncamı var. Hesab edirəm ki, bu məsələlər gələcəkdə kompleks şəkildə həyata keçirilməlidir.
Şəhidlərimiz Azərbaycanın ən əziz və ölməz vətəndaşlarıdırlar. Azərbaycan xalqı daim onların əziz xatirəsini yad edəcək. Himnimiz onlar üçün yazılıb. Əhməd Cavad himnimizin misralarında şəhidlərimizi nəzərdə tuturdu. Tarixin müxtəlif dönəmlərində Azərbaycan uğrunda minlərlə can qurban olub. Bu, işlər şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə həsr olunur. Onlar canlarından, sağlamlıq, yaşamaq hüquqlarından ona görə keçiblər ki, təki Vətən yaşasın, üçrəngli bayrağımız dalğalansın.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can salığı versin”.