"Ödədiyim pul və "yoldaşınız pulu ödəyib, qızım" yazılmış bir kağız parçasını görəndə dünyam yenidən yıxıldı".
Əzizə Həsənova yazır bu sözləri. Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə xanım.
Lent.az xəbər verir Əzizə Həsənova sosial şəbəkə hesabında post paylaşaraq həyat yoldaşının şəhid olmasından sonra qarşılaşdığı bir hadisəni bölüşüb.
O yazır:
”Farizimin yeri hər yerdə qəlbimi sarsıda-sarsıda görünür... Bu gün evdə bəzi görülməsi lazım olan işlər var idi... Bunun görə lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum...Ora da ən çox kişilər gedir axı, qadınlar iki halda gedir ora ya yoldaşı ilə nə isə seçmək üçün gedir, ya da mənim kimi çarəsiz halda...
Evin kişisi də, qadını da mənəm deyib, məcbur olub kişi işlərini görmək üçün lazım olan əşyaları getdim almağa. Qapını açdım içəri daxil oldum. İçəridə bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, seçirdilər. Qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdı deyirlər satıcıya oda təşkil edir. Satıcı da 60 yaşlarında ağsaqqal bir dayı idi. Yanında da köməkçisi 18-20 yaş aralığında bir oğlan uşağı. Növbə mənə çatdı. "Buyur, qızım nə lazımdı?" deyə satıcı dayı məndən soruşdu. "Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdı" dedim. və davam elədim "Çəkic, silikon kley tapançası ilə, kəlbətin, mismar və s..."
Dayı onları yığdıqca üzümə baxırdı diqqətlə nəsə məyus bir formada. Ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi, pulu ödəyəndən sonra dayı mənə dedi:
-"Qızım, olar sənə bir sual verim?"
- "Buyur, dayı"
-"Bunları nə üçün alırsan, mismarın ölçüsü olur, silikon kley verdim sənə, amma nə yapışdırmaq üçün lazımdı? Yəqin evdə yoldaşın iş görür, o bilər mismarın ölçüsünü falan, yəni ona görə deyirəmki, səhv olmasın, əziyyət çəkib geri qaytarma birdə...zəng vur soruş, məndə bilim sənə nə verirəm, qızım".
Dayı məni vadar edirdi ki, zəng vurum bu dünyada olmayan yoldaşıma....Nə edim, necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də qadını da özüməm, yoxsa mən nə gəzirdim burda...? Qürurum imkan vermədi ki, ona deyim yoldaşım yoxdu, şəhid olub, bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm...yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram...yaxşıki, mismarın ölçüsünü falan o anda yadıma sala bildim. Dayı, sən demə hiss edibmiş, tanıyıbmış məni, amma biruzə vermirmiş… Xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı bitirdim...
-"Dayı, 50-lik mismar lazımdı, kley də aboyun qıraqlarını yapışdırmaq üçün..."
Dayı başa düşdüyünü işarə edib gedib dediyimə uyğun gətirdi lazım olanları....çıxanda gördüm dayı nəsə bir telefonuna baxır,bir mənə, ağsaqqalın gözləri dolub dedi:
-“Bala bir dəqiqə gözlə".
Gözlədim...nəsə özünü pis hiss etdiyini hiss elədim.
-"Yaxşısız, dayı? "
-"Yaxşıyam narahat olma,qızım".
Əlini atdı kassaya, ödədiyim pulu geri qaytardı mənə.
-"Bu nə deməkdir, dayı? Niyə qaytardız mənə pulu?"
-"O pul ödənilib, qızım"
Anlamadım məndə, düşündüm ki, yəqin kimsəsiz olduğumu hiss edib, pis olub. Pulu özünə qaytardım
- "Yox, dayı, çox sağolun, özüm ölməmişəmki, kimsə ödəsin".
Düzü pisimə gəldi biraz. Dayı pulu götürdü, amma heçnə demədi. Üzümə baxmaq istəmirdi nədənsə. Məndə pis oldum,öz-özümə qəhər məni boğdu ki, Allahım, mənim kimsəsizliyim bu qədərmi bəlli olur? Axı mən büruzə verməməyə çalışıram. Birdən, dayı başladı söhbətə ki
-"Bala, bir şey deyim sənə mən səndən mismarın ölçüsünü falan, özüm qəsdən soruşdum ki, görüm necə deyəcəksən? Telefonu yalandan qulağına tutdun, özün-özünlə danışırdın. Hiss elədim bunu. Səni mən tanıyıram, qızım. Səni görmüşəm çəkilişlərdə. Bayaq telefonumu ona görə götürdüm ki, birdə baxım ki, görüm həmin çəkilişdəki qızsanmı, yoxsa oxşatmışammı? Həmin qız imişsən, şəhid Farizin yoldaşı. Sən təkliyini hiss etdirmək istəmədin, qızım. Sənə sözüm yoxdu..." deyə gözləri dolmuş halda başını aşağı saldı. Bu sözlər mənə bir ox kimi dəydi.
Elə pis oldum ki. Ağlamiyacam dedim. Nə fayda...Onda gördüm ki, göz yaşlarım hicabimi isladıb artıq. Necə pis olmuşamsa, göz yaşlarım məndən qeyri-ixtiyarsız öz bəndini qırıb. Üzümü çevirib gözlərimi sildim, ağladığımı görməsin. Sağollaşıb mağazadan uzaqlaşdım, gəldim evə. Xeyli də evdə ağlamışam, çöldə ürəyimi boşalda bilmədiyimə görə divarlardı mənim sirdaşım. Dərdimi onlara danışıb ağlayıram. Bir az özümə gəldim. Salafanı açdım ki, işimə başlayım və orda gördüklərim məni yenidən yıxdı. Ödədiyim pul və üzərində "yoldaşınız pulu ödəyib, qızım" yazılmış bir kağız parçası... Dünyam yenidən yıxıldı sanki. Onu görəndən sonrakı halım yəqin ki, hər kəsə məlumdur...”