Dövlət sərhədində erməni təxribatı nəticəsində şəhid olan Quru Qoşunlarının hərbçisi, baş leytenant Əliyev Əli Cavad oğlu Şərur rayonunda dəfn edilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Şərurun Yengicə kəndindən olan 1997-ci il təvəllüdlü Əli Əliyev Şərur Şəhidlər xiyabanında son mənzilə yola salınıb.
Mərasimdə rayon rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.