"Şagird “TikTok”dadırsa, müəllim də orada dərs keçməlidir" – Təhsildə YENİ QAYDALAR
23 fevral 2023 18:30 (UTC +04:00)

"Şagird “TikTok”dadırsa, müəllim də orada dərs keçməlidir" – Təhsildə YENİ QAYDALAR

“Qrupa şeir atdım, uşaqlara öyrədin”, “Yazını vatsapda atdım”, “Düzgün cavabları vatsapda göndərin” və gündəmimizi tutan daha bir çox “Whatsapp” yazışmaları...

Bu günümüz texnologiya dövrüdür. Bütün həyatımızı ələ alan texnikalar təhsilə də təsirsiz ötüşmür. Son zamanlar məktəbləri müşahidə etsək, müəllimlərin valideyn və şagirdlərə dərs vəsaitini çox zaman  “Whatsapp” qrupları üzərindən göndərdiyinin şahidi olarıq. 

Hətta tək dərs vəsaitlərinin yox, qanunsuz pullar belə “Whatsapp”da yığıldığının zaman-zaman görürük. 

Bəs, təhsilin “Whatsapp”a daşınması, bəzi hallarda bu platforma üzərindən idarə olunması nə dərəcədə doğrudur? “Whatsapp” daşınan təhsilimiz hansı vəziyyətdədir?

Məsələ ilə bağlı Lent.az-a danışan təhsil eksperti Kamran Əsədov deyir ki, təhsilin əlçatanlığının təmin edilmə məqsədi ilə texniki avadanlıqlardan istifadə etmək məqsədəuyğun hesab olunur:

“Nəzərə alsaq ki, bu gün bizim 4432 orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. Bu şagirdlərlə 150 min müəllim məşğul olur. Etiraf edək ki, proqramın çoxluğu və vaxt azlığı müəyyən qədər müəllimlərin tam olaraq şagirdlərə nəzarət etməsinə imkan vermir. Eyni zamanda, müəllimlərin şagirdlərin ev tapşırıqlarını yoxlayıb izah etməsinə uzun vaxt sərf olunur. 

Hesab edirəm ki, texniki resurslardan istifadə etmək yaxşı haldır. Düşünürəm ki, dünyada da qəbul olunmuş təhsildə texniki resurslardan düzgün istifadə etmək, bizdə də olmasını müsbət amildir”. 

O, eyni zamanda texnologiyanın hər zaman düzgün istifadə olunmadığını da diqqətə çatdırıb:

“Amma çox təəssüf ki, həmişə müsbət istifadə olunmur. Bəzən görürük ki, əsassız pul tələblərini də müəllim və direktorlar “Whatsapp” vasitəsi ilə həyata keçirirlər. Müəllim və valideyn kommunikasiyasının qurulması üçün texniki resurslardan istifadə müsbətdir. 

Ümumilikdə təhsilin səviyyəsindən razı deyilik. Çünki dərsliklər şagirdlərin yaşına və psixologiyasına uyğun deyil. Bizim ən başlıca şagirdlərin tədrisə cəlb olunması üçün onların maraq dairələrini araşdırmalıyıq. Əgər şagird “Tiktok”dadırsa, müəllim də orada  dərs keçməlidir. “İnstagram”dadısa, ordan. Çünki yeni nəslin tələbatı dəyişilib. Biz də buna uyğunlaşmalıyıq”. 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucovun fikrincə, tədrisdə “Whatsapp”dan istifadənin pis qələmə verilməsi doğru deyil:

“Tədrisin “Whatsapp” üzərindən idarə olunması ittihamları və bu nəticəyə gəlinməsini düzgün hesab etmirəm. Mən belə düşünmürəm. 

Təbii ki, “Whatsapp” üzərindən müəllimin şagirdə yazı və ya məlumatı göndərməsində bir qəbahət yoxdur. Bu əlavə bir dəstəkdir və qəbul ediləndir. “Whatsapp”da tədrislə bağlı hər hansı bir yazışmanın olmasını mən qeyri-adi hesab etmirəm. Yeni texnologiyaların inkişaf etdiyi bir zəmanədəyik. Bu imkanlardan məhz tədris naminə səfərbər olub, istifadə olunacaqsa, müsbət haldır”. 

İ.Orucov “Whatsapp” qruplarından direktorların pul yığmaq üçün istifadəsini yolverilməz hesab edir:

“O ki qaldı direktorların səs yazılarının yayılmasına, bu təbii ki, yol verilməzdir. Müəllim və direktorların vəzifələrindən sui-istifadə etməsidir. Bununla bağlı, müəyyən tədbirlər görülür.

Amma “Whatsapp”ın təhsildə istifadə olunmasını pisləmək düzgün deyil. Məncə, yeni texnologiyalar fərqli imkanlar yaradır və bunlar hər hansı ümumi bir işin lehinədirsə, alqışlamaq lazımdır. Mənim də övladım məktəbdə oxuyubdur, onun da müəllimləri hansısa dərs vəsaitini “Whatsapp” üzərindən göndərirdi. Düzgün istifadə zamanı bu addımlar müsbətdir.

Azərbaycan təhsilində yanlış direktor məsələsi var. Direktorların seçimində kifayət qədər ehtiyatlı olmaq lazımdır. Direktorların seçimində onların “müasir direktor necə olmalıdır” bu obrazı biz mütləq şəkildə formalaşdırmalıyıq. Bizim Azərbaycan təhsilində ənənəvi direktor obrazı var. Hansı ki, o direktorlar kifayət qədər bilavasitə nəyinki məktəbin yükü, həmçinin cəmiyyətin yükünü, yaşadığı kəndin yükünü daşımaq iqtidarında olur. Əlbəttə ki, biz bu cür insanları tapıb təhsilin idarə edilməsinə gətirməliyik. Onları məktəb idarəçiliyinə şövq etməliyik. Yoxsa direktorların səsi yayılanda... Açığı mən də bu cür hallarla tez-tez rastlaşıram – mətbuatda, sosial şəbəkələrdə qanunsuz pul tələb etmək, hədə-qorxu gəlmək. Düşünürəm ki, bunlar yolverilməzdir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5481
avatar

Fidan İlqar

Oxşar yazılar