Sabahdan bu metro stansiyalara giriş PULSUZ OLACAQ
22 sentyabr 2026 16:00 (UTC +04:00)

Sabahdan bu metro stansiyalara giriş PULSUZ OLACAQ

0

"Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.

“Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.

Bu imkanla Sumqayıt, Xırdalan şəhərləri, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonları nın bir sıra ərazilərindən gələn sərnişinlərin Moskva prospektinə (“Şamaxinka”) və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsi asanlaşacaq.

Beləliklə, qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.

Nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında müəyyən edilmiş zəruri istiqamətlər üzrə bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.

Görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına xidmət edəcək.
Bununla da xətlərin ayrılması layihəsinin icrası müddətində sərnişin axınlarının daha səmərəli bölüşdürülməsi, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və sərnişinlər üçün alternativ marşrutların genişləndirilməsi təmin olunacaq.

Həmçinin AYNA-nın yaydığı məlumata görə, sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostasiyalarından rahat istifadə edə bilməsi üçün bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib.

Bu dayanacaqlardan Bakı–Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən marşrutlar istifadə edəcək.

Belə ki, metronun “Avtovağzal” stansiyasının (“Piramida” tərəf) qarşısında müntəzəm marşrutlar üçün dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılıb və sərnişinlərin rahatlığı üçün dayanacaq məntəqəsi müvafiq nişanlarla işarələnib.

Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500, 503 və 508 nömrəli, Xırdalan şəhərindən 119 və 135 nömrəli, Masazır kəndindən 142, 525A və 525B nömrəli, Müşfiqabad qəsəbəsindən 114A və 114B nömrəli, Hökməli qəsəbəsindən 156 və 156A nömrəli, Sulutəpə qəsəbəsindən 158 nömrəli, Çiçək qəsəbəsindən 159 nömrəli, Binəqədi qəsəbəsindən 170 nömrəli və Biləcəri qəsəbəsindən gələn 83A nömrəli marşrut avtobusları burada aralıq dayanacağı olaraq saxlayacaq. 

Avtobusların yenidən Bakı-Sumqayıt yoluna rahat və maneəsiz çıxa bilməsi üçün ərazidə xüsusi hərəkət zolağı təşkil edilib. 

Eyni zamanda Lökbatan qəsəbəsindən gələn 130 nömrəli və Xocəsən qəsəbəsindən gələn 102 nömrəli marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi metronun “Xocəsən” stansiyası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar