Teleaparıcı Rövşanə ilə söhbətə hazırlaşarkən Facebookda millət vəkili Etibar Hüseynovun statusuna rast gəldim. Deputat yazırdı: “Dostlar, sabah səhər saat 10.00-da ANS-də “Bazar səhəri” proqramında qonağam. Maraqlı mövzu barəsində danışacağıq. Əlbəttə ki, Rövşanə xanım imkan versə”.
Təəccüblənmədim, çünki mən də kimə dedimsə Rövşanə xanımla müsahibəyə gedirəm, hamıdan eyni sözü eşitdim: “Sənə danışmağa imkan verməyəcək”. Uzun sözün qısası, çox uzatmayıb Rövşanə xanımın bu xarizmasını dağıtmadan sizə onun monoloqunu təqdim edirəm:
Mətbəx qadının qərərgahıdır. Ordan hər şeyi idarə etmək olur, yeməyə sevgi də qatmaq olur zəhər də
- Qurmanam. Sevirəm dadlı yeməklər bişirib yeməyi. Bəlkə də aşpaz olsaydım daha çox uğur qazanardım. Bax bura gəlməzdən öncə tez bir qazan tərəvəz dolması büküb, hazırlayıb gəldim. Evdə hər gün çalışıram süfrəyə ən azı üç-dörd çeşid yemək gətirəm. Hərəsindən bir az, amma müxtəlif yeməklər bişirirəm. Şirniyyatı, meyvəni çox sevirəm. Yay gəldi, evimdən dondurma əskik olmur. Xaricə hər səfərimdə yeni mətbəxlərlə tanış oluram. İndi bizdə suşini çox tərifləyirlər. Mən isə heç sevmədim. Sən Allah, o nədir elə? Bəlkə uzaqdan hər şey yaxşı görünür, amma yeyib baxırıq ki, otdur, içində bişib əzilmiş düyü... Bizim qadın plovun düyüsünü bir azca əzsə, o suşi sevən kişilər deyər “Bu nədir? Düyü yeməli deyil!” Amma o əzik düyülü suşini elə şişirdirlər ki... Bir azca da qırmızı balıqdan kəsib dürmələyib içinə qoyurlar, bu da olur suşi. Mənasız bir şeydir.
Stilini tapmayan qadın hələ özünü tapmayıb, ondan ciddi bir iş gözləmə
- Dəyişikliyi heç sevmirəm. Hesab edirəm ki, şou nümayəndəsi dəyişə bilər, amma jurnalist sadə görkəmdə olmalıdır. Məsələn, efir adamları çox vaxt saç yapışdırırlar, mən heç sevmirəm. İnciməsinlər, adamı qaraçı kimi göstərir. Anlamıram ki, onun-bunun tükünü başımda gəzdirməyin nə mənası var? Qısa, sadə və ciddi geyimləri sevirəm. Uzun geyimi heç sevmirəm və nadir hallarda geyinirəm. Elə geyimlər alıram ki, onu hər yerə geyinə bilim. Efirdə heç qır-qızıl taxmıram. Amma qızıl-brilyant üçün ürəyim gedir, efirdə olmayanda lap üst-üstə taxaram. Xüsusi ilə yayda. Yayda sarı, qışda ağ qızıla üstünlük verirəm. İndi şəkil çəkdirəcəyik deyə taxmadım, efirdə də taxmıram. Mənim tamaşaçılarımın icində elə qadınlar da var ki, onların həmin zinət əşyalarını almağa imkanı yoxdur. Efirdən onlara qızıl-brilyantımı göstərim? Məncə bu etik deyil. Niyə bir qadının içindəki həsrətə səbəb olum? Mən axı o qızılı özümü göstərmək üçün yox, öz kefim üçün taxıram.
Depressiya - qadın ruhunun tez-tez üz tutduğu “ata evi”dir
- Dəyər verdiyim insanlardan gördüyüm haqsızlıq məni depressiyaya sala bilər. Gözümdə böyütdüyüm insanlardan başqa münasibət görəndə mənə çox pis təsir edir, əhvalım korlanır. Onda başlayıram özümə hədiyyələr almağa. Yəni ki, sən dəyər vermirsən vermə, özüm özümə dəyər verirəm. Qızılı da hər yerdən almıram, ancaq inandığım, etibar etdiyim mağazalar var ki, oradan alış-veriş edirəm. Çox qadınlar kimi bundan sonra kefim düzəlir. Bilirsiz, o vicdansızlığı, ədalətsizliyi hərdən elə insanlardan görürəm ki, büllur vaza əlindən düşəndə necə olur... bax elə cilik-cilik oluram... Bilirəm ki, günah bizdədir. O adamı biz gözümüzdə o qədər qaldırmışıq ki... O heç oralara yox, onun yarısına da layiq deyil. İnan ki, o adamların dəyəri o aldığım metaldan da aşağıdır. Bu tək qiymətli metal, daş-qaş deyil, xəyanət edən insanlara bir mesajdır: “Metal belə öz dəyərini saxlayır, amma sən...”
Ayağını yerə bərk basa bilməyəndə qadın tez basılar
- Qarderobumda ən önəmli yeri ayaqqabılar tutur. Ayaqqabıları sevirəm. Xaricə gedəndə ancaq ayaqqabı alıb gətirirəm. Bu dəqiqə evimdə haradasa 30 cüt geyilməmiş ayaqqabı var. Hələ etiketləri üzərindədir. Geyinməyə növbə çatmayıb. Lütfən, oxucular məni meşşan hesab eləməsin. Bu haradasa bir qadınlıq qürurudur. Ayaqqabı deyib keçməyin, bu bir göstərişdir. Misal var, “Düşmən ayağa baxar”. İstəmirəm ki, kimsə ayağıma baxanda ayaqqabılarım gözəl olmasın. Əhməd Kayanın bir mahnısı var, “Əzdirməm sənə kəndimi, gövdəmi yakar gidərim”. Mən içimdə əziyyət çəkərəm, hətta yanıb kül olaram, amma özümü kimsəyə əzdirmərəm. Mənə dəyər verilməyən yerdən sükutla gedərəm. Geriyə belə cevrilmədən. Ayaqqabılarım yaxşı olmalıdır ki, onları yerə bərk-bərk basa bilim, heç bir vəziyyətdə büdrəməyim. Yəni etibarlı ayaqqabılar olmalıdır.
O mənim qürurumdur!
- Mən özümə baxmağı sevirəm. Aylinim də özümə oxşayır. Bir də görürəm ayaqqabılarımı geyinib, şərflərimi üst-üstə bağlayıb, sırğalarımı, qolbaqlarımı taxıb, çantamı yerlə sürüyə-sürüyə olub balaca Rövşanə. Ana olmağımla elə qürur duyuram ki... Allah hamıya bala qismət eləsin. Əsl bəxtəvərlik budur. Həyatımda mənim üçün hər şeyin üstündə Aylinim dayanır. İmkanım daxilində çalışıram hər şeylə məşğul olsun. Səkkiz yaşı var, üzgüçülüyə aparıram, rəsmlə, idmanla məşğul olur. İngilis və rus dillərini çox gözəl bilir. Qoy bir uşaq olsun, amma hər tərəfli, keyfiyyətli övlad olsun. Böyüyəndə içindən keçməsin ki, anam mənim üçün bunu etmədi... Məsələn, mən gözəl rəqs etməyi yaxşı bacarmıram. Çox istəyərdim ki, uşaq vaxtı valideynlərim məni rəqsə aparsınlar. Demirəm ki, qızım sənət adamı olsun, hətta mən indidən ona aşılayıram ki, sən sənət adamı olmayacaqsan. Həkim olmasını çox istəyərdim.
Onlar önəmlidir, amma bir yerə qədər
- İnanın ki, avtomobil sürən qadına münasibət indi-indi düzəlsə də, hələ də sükan arxasında qadın görəndə baxışlar fərqli olur. İnciməsinlər, bizim bəzi kişilər paxıldır. Qadınların qabağa getməsini qəbul etmək istəmirlər. Bəzilərinin çox mental qüsurları var. Haradasa efirdə kişi siması azalıb, radiolardan kişi səsi yoxa çıxıb. Olanlar da arvad səsi ilə danışırlar. Həyat ağırlaşır, bəzi qadınlar kişiləşdikcə, bəzi kişilər də qadına bənzəməyə çalışırlar. Əgər əvvəllər geyimində, davranışında ciddi olan kişilərə önəm verilirdisə, indi şalvarında daha çox cırıq olan kişilərə diqqət verilir. Ümumiyyətlə, biz kişilərı həmişə həddindən artıq dəyərləndirmişik. Gör məsələ nə yerə çatıb ki, demişik kişi başımızın tacıdır, evin Allahıdır. İş hara gedib çıxıb ki, qızı evdən çıxardanda ana deyib ki, “get, o evdən kəfənlə çıxacaqsan”. Niyə? Əgər bir yerdə yaşamaq mümkün deyilsə niyə ayrılmasın? O kişinin insanlıqdan kənar hərəkətlərinə, mənasız kaprizlərinə, xəyanətlərinə dözmək mümkün deyilsə, niyə bu qız oturub öləcəyi günü gözləməlidir? Bəlkə belə yanaşmalardır ki, intiharların coxalmasına gətirib cıxarır.
Kim deyir qadının yaşı var? Yaşlı olan dünyadır!
- Heç vaxt gizlətməmişəm, 34 yaşım var. Hətta xoşuma da gəlir ki, deyirlər bu yaşda nə yaxşı cavan görünür. Mən yaşdan qorxmuram. Qızım yaşımın göstəricisidir, səkkiz yaşı var! Niyə gizlədim, onu 13 yaşımda dünyaya gətirməmişəm ki? Universitetə gedəndə çox sadə geyinirəm və tələbələrimdən seçilmirəm. Tələbələrimlə özümü iyirmi yaşında, qızımla ilə səkkiz yaşında hiss edirəm. Bu Üzeyir Hacıbəyovun Məşədi İbad yaşına çatması kimi bir şeydir. Əslində yaş artdıqca yaxşıdır. Adam müdrikləşir. Məsələn, əvvəllər belə deyildim, daha həssas, daha emosional idim. İndi məni incidən şeylərdən qaçıram. Bilirəm ki, bu yazı məni incidə bilər, onu oxumuram. Bu insanla münasibət məni üzəcək, ondan uzaq dururam. Zamanla başa düşürsən ki, insanları çox yaxına buraxmaq olmaz. Həddindən artıq içinə buraxdığın insan sənə elə zərbə vurur ki, bundan ağır heç nə ola bilməz. Adam parça-parça olur. O insanları öz yerlərinə qoymaq üçün adama müəyyən həyat təcrübəsi, yəni yaş və vaxt lazımdır.
Kişilərin devizi: “Özgə malı, can dərmanı”
- Mənim yaralı yerim qadının ömrünü əri üçün şam kimi əritdiyinə kimi kişinin də qadına sahib çıxmamasıdır. Ayib olan odur ki, qadınının uzərindən belə kecib, hətta övladına yiyə durmurlar. Kişi adını daşıyıb, mənəvi cəhətdən sahib cıxmamasına rəğmən ailənin bütün yükünü də qadına yükləyir. Evindəki xanımından xəbəri olmayan, gedib başqasının qadınına göz dikən, özgəsinin qadınını arzulayan kişilərə necə kişi demək olar? Qadın səhər tezdən uşağını məktəbə aparır, yemək bişirir, pul qazanmaq dalınca gedir, qaz pulu, işıq pulu verir, bazardan əlində ağır-ağır yükləri daşıyır... Bu qadın eşşəkdir, inəkdir, nədir? Qadın da insandır, bir ananın balasıdır. Kişi də maşınında geyimli, bəzəkli gəzir, “facebook”da hər qızla bir adla çatlaşır. Əvvəl kişi evdən çıxanda subay idisə, indi elə evdə də subaydır. Telefonları əllərində, notebookları dizlərinin üstündə. Amma alqış o kişiyə ki, xanımına sahib çıxıb, övladına atalıq edə bilir. Axşamlar evinə qonaq kimi gəlmir.
Hər qadının vaz keçə bilmədiyi əşyaları var
- Avtomobilim? O mənim balamın rahatlığına xidmət edir. Qızım yanımda olmayanda inanın ki, tıxacda maşını qoyub ayaqla getmişəm. Kitabxanamdan vaz keçə bilmərəm. Evim elə də böyük deyil, atamgildə özümə kitabxana düzəltmişəm. Öz evimdə isə otağın bir hissəsini kitabxana etmişəm. Çarpayımın yanında həmişə kitabım olur. Bəzən elə əsəbi, gərgin oluram ki, yuxum qaçır. Onda həmişə kitab oxuyuram. Nəinki kitabxanamdan, mən heç bir dənə kitabımdan da vaz keçə, onu kiməsə verə bilmərəm. Çünki orda mənim göz yaşlarım, sevgim, hislərim, ruhum, qeydlərim var. Bəlkə gülünc gələ bilər, geyimin icərisində ayaqqabını vurğulamaq təəccüblü ola bilər. Ayaqqabılarımdan vaz keçə bilmərəm, bu aksesuar ona görə önəmlidir ki, bir qadının ayaqda dik dayanmasını saxlayan həm də ayaqqabıdır. Qızıllarımdan da vaz keçməyi düşünmürəm, ən azı ona görə ki, onları sabah qızım taxacaq və onların hər birində mənim izim qalacaq.