Ucarda karantin qaydalarını pozaraq 250 nəfər qonaq qəbul edən şadlıq evinin inzibatçısı barədə bəzi detallar məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, Ucar rayonunda həbs olunan şadlıq evinin inzibatçısı yeniyetmələri qanunsuz olaraq işlədib: "Mənə xüsusi olaraq icazə verilib. 250 nəfər qonaq iştirak edə bilər. Hamısı ilə razılaşdırmışam -deyə xüsusi karantin rejim qaydalarını pozaraq, toy sahiblərinə yalan vəd verən şadlıq evinin inzibatçısı inzibati qaydada 8 sutka həbs edilib.
Görünən odur ki, məhz belə şəxslərin əsassız iddiaları cəmiyyətdə polis haqqında çaşqınlıq yaradır. Hələ bu azmış kimi polisinin keçirdiyi monitorinq zamanı 16 yaşından aşağı olan yeniyetmələri əmək müqaviləsi olmadan çalışdırması aşkarlanıb”.
E. Hacıyev həmçinin bildirib ki, pandemiya şəraitində hər bir şəxs qaydalara əməl etməlidir. Ölkə üzrə xüsusi karantin rejim dövründə toy şənliklərinin keçirilməsi qaydalarının pozulmasına görə 33 cinayət işi başlanıb, 38 nəfər inzibati həbs olunub, 2822 nəfər cərimələnib. Onlardan 1835 nəfər fərdi evlərdə toy təşkil edənlər olub. COVİD-19 pasportu olmayan 52.353 toy şənliklərinə buraxılmayıb.
***
Saat: 10:11
Ucarda toy mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun Bərgüşad kəndində yerləşən “Bərgüşad” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi və 250 nəfər qonağın məclisdə iştirak etməsi müəyyən olunub.
Şöbə əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozan şadlıq evinin inzibatçısı Məcid Xəlilli barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 8 sutka həbs edilib.
Bundan əlavə, keçirilən monitorinq zamanı adı çəkilən şadlıq evində 16 yaşından aşağı olan yeniyetmələri əmək müqaviləsi olmadan çalışdıqları da aşkarlanıb. Bu qayda pozuntusu ilə bağlı M.Xəlilli barəsində toplanmış materiallar inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.