“İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov və işçisi Rübabə Vəliyeva
16 iyul 2021 11:40 (UTC +04:00)

“İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov və işçisi Rübabə Vəliyeva

"Reket jurnalistlər"in pul aldığı şəhid ailələrindən izahatlar alınır - NARAZIDIRLAR

Prokurorluq “İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov və işçisi Rübabə Vəliyevanın çəkiliş müqabilində pul aldıqları şəhid ailələrinin izahatlarını alıb.

Bu barədə Lent.az-a şəhid Elməddin Mustafayevanın anası Könül Mustafayeva, şəhid Rüstəm Atakişiyevin anası Arifə Atakişiyeva və şəhid Adəm Heydərovun atası İkram Hacıyev məlumat verib.

Onların sözlərinə görə, "reket jurnalistlər"in işi ilə bağlı Qəbələ rayon Prokurorluğuna dəvət olunublar: "Baş verənlərlə bağlı Prokurorluqda izahat yazdıq". 

Şəhid ailələri həmçinin onlardan pul alan “reket jurnalist”lərə verilən yüngül cəzadan narazılıqlarını ifadə ediblər. Onlar iddia edir ki, prokurorluğun yaydığı rəsmi məlumatda şəhid ailələrindən 240 manat məbləğində pul alındığı qeyd edilib, ancaq sözügedən rəqəm bundan qat-qat çoxdur: "Ümid edirik ki, adıçəkilən şəxslər layiq olduqları cəzanı alacaqlar". 

Qeyd edək ki, "reket jurnalist"lərin şəhid ailələrindən müəyyən məbləğdə pul alaraq, qarşılığında material hazırlanması barədə ilk olaraq araşdırma Lent.az-da yayımlanıb. 

Baş Prokurorluq mətbuatda yayılan məlumatlarla əlaqədar araşdırma aparıb. Araşdırmalarla Azər Kazımovun Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından cəmi 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib televiziya yayımlarını həyata keçirmədikləri müəyyən edilib.

Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6834
avatar

Oxşar yazılar