Bölgələrə üz tutmaq deyəndə, adətən yay aylarında səfalı yerləri gəzmək, görmək ağıla gəlir. Lakin günü-gündən urbanizasiyanın artması, kəndlərdəki əhalinin kütləvi formada paytaxta axını heç də ürəkaçan mənzərə yaratmır. Bəzi kəndlərdə artıq 5-6 ailə yaşayır, hətta məktəb, xəstəxana, istirahət mərkəzi belə yoxdur.
Bəs görəsən, yetərincə səfalı yerləri olan, havası-suyu, mühiti gözəl əraziləri sosial-iqtisadi cəhətdən necə inkişaf etdirmək olar? Ümumiyyətlə regionların inkişafının dəstəklənməsində hansı xüsusi sahələrin rolu daha çoxdur?
Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Lent.az-a açıqlamasında bildirib ki, bölgələrin sosial-iqtisadi inkişafı ilə səhiyyə xidmətlərinin səviyyəsi arasında birbaşa əlaqə mövcuddur:

“Əhalinin sağlamlığı əmək məhsuldarlığını, məşğulluğu, təhsil göstəricilərini və ümumilikdə regionların inkişaf potensialını müəyyən edən əsas amillərdəndir. Sağlam əhali daha aktiv iqtisadi fəaliyyət göstərir. Bu isə həm yerli iqtisadiyyatın güclənməsinə, həm də regionlardan miqrasiyanın azalmasına müsbət təsir edir.
Son illər ölkə rəhbərliyinin diqqəti nəticəsində regionlarda çoxsaylı müasir xəstəxanalar, diaqnostika mərkəzləri və ailə sağlamlıq mərkəzləri istifadəyə verilib. İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi isə regionlarda yaşayan vətəndaşların keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Bununla yanaşı, görüləsi işlər də qalmaqdadır. İlk növbədə, regionlarda ixtisaslı həkim və orta tibb işçilərinin sayının artırılması vacibdir. Xüsusilə bəzi mütəxəssislərin bölgələrdə fəaliyyətə təşviqi üçün əlavə motivasiya mexanizmləri gücləndirilməlidir. Eyni zamanda, ilkin səhiyyə xidmətlərinin və ailə həkimliyi modelinin inkişafı, profilaktik müayinələrin əhatə dairəsinin genişləndirilməsi, rəqəmsal səhiyyə sistemlərinin tətbiqinin sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bəzi bölgələrdə yüksək texnologiyalı tibbi xidmətlərə çıxış imkanlarının daha da artırılmasına, təcili tibbi yardım infrastrukturunun gücləndirilməsinə və tibbi avadanlıqların müasirləşdirilməsinə ehtiyac var. Həmçinin səhiyyə maarifləndirilməsi istiqamətində fəaliyyətlərin genişləndirilməsi xəstəliklərin erkən aşkarlanmasına və müalicə xərclərinin azalmasına kömək edə bilər.
Ümumilikdə hesab edirəm ki, regionlarda səhiyyə infrastrukturunun və insan resurslarının daha da gücləndirilməsi sosial rifahın yüksəlməsinə, iqtisadi fəallığın artmasına və bölgələrin davamlı inkişafına mühüm töhfə verəcək. Bu istiqamətdə həyata keçirilən dövlət proqramları və islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir və qarşıdakı dövrdə bu prosesin daha da dərinləşəcəyini gözləyirik”.
Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Lent.az-a açıqlamasında bildirib ki, kəndlərdə həkim çatışmazlığı var:

“Regionlarda sosial-iqtisadi vəziyyətin tərkib hissəsində səhiyyənin inkişafının da rolu var. Rayon kəndlərinin bir çoxunda həkim çatışmazlığı mövcuddur. Həmin boş qalan yerlərə kadrlar cəlb edilməlidir ki, xəstələr lazımi anda həkimə müraciət edə bilsinlər.
Tibb sahəsində istifadə olunan elə avadanlıqlar var ki, onlar heç vaxt kənd xəstəxanalarında olmayıb. Bura ulturasəs müayinəsi, exokardioqramma aparatları daxildir. Bu aparatlar o qədər də yüksək qiymətli olmasa da, kənddəki tibb məntəqələrində mövcud deyillər. Əgər bu sadə aparatlar kənd xəstəxanalarında da quraşdırılsa, insanlar 10-20 km məsafə qət edib, rayon mərkəzinə getmək məcburiyyətində qalmazdılar.
Kənd yerlərində yaşayan xəstələr heç olmasa kiçik müayinələr üçün yaşadıqları yerdəki tibb məntəqələrinə üz tutmalıdırlar. Bunun üçün şərait yaradılmalı, Sovet prinsiplərindən uzaqlaşmaq lazımdır. Xəstələr istədikləri klinikanı və həkimi seçə bilməlidirlər. Bu halda həm səhiyyə inkişaf edər, həm də əhalinin sosial rifahı qaydasına düşər”.
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bölgələrin inkişafını dəstələmək üçün təhsilin keyfiyyətini artırmaq lazımdır:

“Cənab Prezident keçirdiyi müşavirədə bir çox vacib məsələlərə toxundu və bunlarla bağlı mühüm mesajlar verdi. Bu gün bizim qarşımızda duran əsas hədəf və məqsəd ondan ibarətdir ki, regionlar inkişaf etsin. Regionların inkişafı müxtəlif proseslərdən keçir. Burada təhsilin rolu çox böyükdür. Bölgələrdə keyfiyyətli təhsil, universitetlərin fəaliyyətinin gücləndirilməsi, yeni ali təhsil müəssisələrinin yaradılması prosesə çox mühüm töhfələr verə bilər.
Qarabağda universitetin yaradılması regiona yeni nəfəs gətirdi. Digər bölgələrdəki təhsil müəssisələri də həmin ərazilərin inkişafına dəstək olur. Düşünürəm ki, regionların inkişafı üçün yeni təhsil müəssisələri, filial universitetləri, yeni peşə məktəbləri yaradıla bilər”.
Turizm eksperti Əziz Şiriyev Lent.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda turizm növlərini inkişaf etdirmək lazımdır:

“Ölkəmizdə dörd unikal məhsul var ki, onlardan dünyada ya az saydadır, ya da ümumiyyətlə, yoxdur. Bura Naftalan nefti, termal və mineral sular, palçıq vulkanları və Naxçıvanda yerləşən Duz dağı daxildir. Bir çox ölkələrdən turistlər məhz həmin yerlərə həm səyahət, həm də reabilitasiya-fizioterapiya üçün gəlirlər.
İkinci məsələ aqroturizmdir. Bu həm kənd təsərrüfatının, həm də aqroturizmin inkişafına birbaşa təkan verir. Ekologiyanın qorunması, gələcək nəsillərə ötürülməsi, Milli parkların, meşələrin, yaşıllıqların qorunması barədə maarifləndirmələr aparılmalıdır. Xüsusən, məktəblərdə şagirdlərin timsalında bu addımlar atılmalıdır.
Kənd yaşıl turizmi və aqroturizmin inkişafı regionların sosial-iqtisadi vəziyyətini yüksəldir, iş yerlərinin artımına, regionlarda yşayan insanların paytaxta axınının qarşısının alınmasına, bölgələrin çiçəklənməsinə, qəsəbə və kəndlərdə yaşayan sakinlərin ümumi rifahına birbaşa müsbət töhfə verir.
Ən vacib məqamlardan biri də təhsil-kadr məsələsidir. Turizm sahəsində təhsil alan tələbələrə praktikaya əsaslanan nəzəriyyə daha çox keçilməlidir. Sənaye və təhsil müəssisələri arasında əlaqələr daha da genişləndirilməli, gənclərin turizm müəssisələrində, restoranlarda, iaşə obyektlərində və hotellərdə praktika keçməsini təmin etmək lazımdır. Bu cəhətən təhsil çox önəmlidir. Kadrların düzgün yetişdirilməsi, əhalinin maarifləndirilməsi və xidmət sektorunun inkişafı xaricdən gələn turist axınına və ölkədaxili turizmin inkişafına çox yüksək töhfə verə bilər”.
Yazı Medianın İnkişaf Agentliyinin “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda dərc edilib.
