Azov dənizində azərbaycanlıların  olduğu gəmilərə PUA HÜCUMU:  5 nəfər öldü - YENİLƏNİB
05 iyun 2026 13:23 (UTC +04:00)

Azov dənizində azərbaycanlıların olduğu gəmilərə PUA HÜCUMU: 5 nəfər öldü - YENİLƏNİB

0

Xəbər verdiyimiz kimi, ötən gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.

Hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq.

***
13:00

2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi — Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.

Lent.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı vaxtı ilə saat 04:04-də Taman Dəniz Xilasetmə və Koordinasiya Mərkəzindən daxil olan məlumatda bildirilir.

""Natra" gəmisinə dörd PUA zərbəsi endirilib, ekipajın iki üzvü həlak olub. Yanğın ekipaj üzvləri tərəfindən söndürülüb, gəmi suyun üzərində qalır və yedəyə alınmasına ehtiyac var. "Zirkon" gəmisinin isə üst tikili hissəsinə dörd zərbə qeydə alınıb, ekipajın üç üzvü həlak olub. Ekipaj üzvləri xilasedici qayıqlarla gəmini tərk edib, gəmidə yanğın davam edir”, — deyə operativ məlumatda qeyd olunur.

“Natra” quru yük gəmisində (Beliz bayrağı altında üzür) 12 nəfər, “Zirkon” quru yük gəmisində (Palau bayrağı altında üzür) isə 14 nəfər olub. Onların hamısı fərdi qaydada muzdlu dənizçi kimi işə götürülmüş Azərbaycan vətəndaşları olub. Hər iki gəmi xarici bayraq altında üzür və Azərbaycan dövlətinə aid deyil.

Hücumlar arasında bir saatdan bir qədər artıq vaxt fərqi olub: “Natra” saat 00:45-də, “Zirkon” isə saat 01:55-də vurulub.

Sağ qalan dənizçilər faciə baş verən ərazidən keçən üç gəmi tərəfindən xilas ediliblər. Səhərə yaxın bütün xilas olunanlar Yeysk limanına çatdırılıb. Suyun üzərində qalan və zədələnmiş “Natra” gəmisinin yedəyə alınması üçün iki yedəkçi gəmi hadisə yerinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1323

Oxşar yazılar