Deputat Ramil Həsənli
29 iyun 2021 13:15 (UTC +04:00)

Deputat Ramil Həsənli

Ramil Həsənli ilə bağlı QALMAQAL böyüyür: Deputat cərimələnə bilməz?

Yerli mediada, eləcə də sosial şəbəkələrdə Milli Məclisin deputatı Ramil Həsən və Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında baş verən mübahisə və bir-birlərini təhqir etməsi ilə bağlı yayılan video geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən deputat Ramil Həsəni qapalı məkanda tibbi maskadan istifadə etmədiyinə görə cərimələnib. Vəkil Muxtar Mustafayevə isə xəbərdarlıq olunub.

Lent.az məlumat verir ki, bu barədə sosial şəbəkə hesabında yazan deputat Razi Nurullayev bildirib ki, Ramil Həsənlinin cərimələnməsi düzgün deyil:

Deputat Razi Nurullayev

“Yalnız deputat həmkarım olduğu üçün yox, həm də ədalətli olmaq üçün yazıram. Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda elə bilirəm ki, məni cərimələyiblər.

Əslində, qanun qəbul olunanda, doğru xatırlayıramsa, deputatlara şamil olunmaması qeyd edilmişdi. Etiraz etmirəm, qanunu dəyişək və sonra isə hamısını tutub cərimələsinlər. Amma, indiki qanunla Ramil müəllimin cərimələnməsi qanuna ziddir.

Mən onun ailə məsələsində kimin haqlı, kimin haqsız olduğunu bilmirəm. Bunu aidiyyəti orqanlar araşdırır. Hər kəsin bir haqlı və haqsız tərəfi olur”.

Mövzu ilə bağlı suallarımızı cavablayan vəkil Əsabəli Mustafayev bildirib ki, Konstitusiyanın 90-cı maddəsinə əsasən, səlahiyyət müddəti ərzində Milli Məclisin deputatının şəxsiyyəti toxunulmazdır:

Vəkil Əsabəli Mustafayev

“Deputat səlahiyyət müddəti zamanı cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz və s. Burada isə məhkəmə qaydasında tənbeh deyil, inzibati qayda da, yerində tənbeh tədbiri görülüb. Yəni, Ramil Həsənlinin cərimələnməsi doğrudur”.

Qeyd edək ki, deputat Ramil Həsənin videoda yer alan mübahisəsinin və vəkili təhqir etməsindən sonra onun Milli Məclis tərəfindən cəzalandırılması mövzusu da aktualdır.

Bununla əlaqədar Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı saytımıza açıqlamasında bildirib ki, deputat Ramil Həsənin adının hallandığı qalmaqal sadəcə anlaşılmazlıq müstəvisində yaranmış vəziyyətdir:

Deputat Fəzail Ağamalı

“Sözügedən məsələnin İntizam Komissiyasına çıxarılmasına gərək yoxdur. Çünki ortada ictimai təhlükəsizliyin pozulması, başqa insanların həyatına təhlükə yaradılması və s. pozuntular yoxdur”.

Xatırladaq ki, vəkil M.Mustafayev Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsidir. Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənlə evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıdadır. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsi görüş üçün qərar çıxarıb, ancaq iddialara görə, deputat Ramil Həsən görüşə mane olur və elə videodakı mübahisəyə də səbəb budur.

Almari Vael Süleyman qızı ilə

# 6294
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar