Qərbi Azərbaycanın 734 kəndi bizimdi - Tarixi FAKTLAR
26 dekabr 2022 11:16 (UTC +04:00)

Qərbi Azərbaycanın 734 kəndi bizimdi - Tarixi FAKTLAR

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə mən də iştirak edirdim. Həmin görüşdə dövlətimizin başçısı istər daxili auditoriyaya, istərsə də beynəlxalq aləmə çox ciddi mesajlar verdi və Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Bir yazıda həmin çıxışın bütün aspektlərinə toxunmaq mümkün olmadığı üçün tarixçi kimi, bəzi məqamlar üzərində qısaca dayanacağam.

Bu fikirlər tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafanın yazısında yer alıb. Yazını təqdim edirik.

Nazim Mustafa

Prezident İlham Əliyev tarixə müraciət edərək bu gün Ermənistan Respublikası adlanan dövlətin tarixi Azərbaycan torpaqlarında mövcudluğunu, bunu təsdiqləyən sənədlərin və xəritələrin əlimizin altında olduğunu və dünya ictimaiyyətinin bütün bunları bilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı dedi: “Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb? Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq”.

Dövlətimizin başçısı tariximizin qara səhifələrinin unudulmamasını da tövsiyə etdi və həmin səhifələri bir-bir incəliklə vərəqlədi. 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən İrəvanın yeni qurulan Ermənistan dövlətinə paytaxt kimi güzəştə gedilməsinin tarixi cinayət olduğunu və bu güzəştin ermənilərin növbəti iddialarının baş qaldırmasına səbəb olduğunu vurğuladı. 1920-ci ildə Sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana verilməsini növbəti tarixi cinayət adlandırdı. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasını xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirdi. O xalqa ki, İkinci Dünya müharibəsində Sovet İttifaqının qələbəsini Azərbaycan nefti təmin etmişdi. 1987-ci ilin payızında Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra Moskvanın himayədarlığı ilə erməni millətçiliyinin baş qaldırması nəticəsində azərbaycanlıların üç il ərzində Ermənistandan deportasiyasını xalqımıza qarşı növbəti cinayət kimi xarakterizə etdi. Daha sonra Qarabağın və Şərqi Zəngəzurun işğalı ilə 30 il ərzində növbəti faciələrimizi yaşadıq. Dövlətimizin başçısı xalqımızın əyilmədiyini, sınmadığını, güc toplayaraq 2020-ci ildə düşmənlərimizi torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdiyimizi bildirdi.

Prezident İlham Əliyev dünya ictimaiyyətinin diqqətini bəzi xarici qüvvələr tərəfindən himayə görən erməni xalqının istər işğal illərində Azərbaycan ərazisində, istərsə də Qərbi Azərbaycanda törətdiyi cinayətlərə - məscidləri, qəbirləri, tarixi abidələri dağıtmaları faktlarına yönəltdi və bu cinayətləri dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların görməzdən gəldiklərini qeyd etdi. İndiki Ermənistan ərazisində ermənilər tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağı Qərbi Azərbaycan İcmasının qarşısında bir vəzifə kimi qoydu.

Dövlətimizin başçısı ritorik sual səsləndirdi: “İndi göstərin görək İrəvanın tarixi mərkəzi haradır?” Cavabını da özü verdi: “Bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb.”

Tarixi İrəvan şəhəri dörd hissədən ibarət idi: İrəvan qalası, Bayır şəhər, Təpəbaşı və Dəmirbulaq məhəllələri. İrəvan qalasında və oradakı bütün tikililərdən əsər-əlamət qalmayıb. Bu gün ermənilərin Respublika meydanı adlandırdıqları ərazidə Zal xan meydanı, Zal xan məscidi və Zal xan hamamı yerləşirdi. 2003-cü ildə həmin meydanda aparılan qazıntı zamanı Zal xan məscidinin və Zal xan hamamının qalıqları meydana çıxdı. Tələsik üstünü basdırdılar ki, bu tikililərin bizlərə məxsus olduğu aşkarlanmasın. Dəmirbulaq məhəlləsini indi Karanki Tağ adlandırılar və orada azərbaycanlıların evlərində hazırda ermənilər məskunlaşdırılıblar. Təpəbaşı məhəlləsindəki izimizi silmək üçün Ermənistan hökuməti yeni proqram həyata keçirir.

Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və 2022-ci ilin sentyabrında Ermənistanla sərhəddə keçirilən hərbi əməliyyatların Azərbaycan tarixində mühüm yeri var. Bu, dövlətimizin başçısının qeyd etdiyi kimi, yenidən baş qaldıran erməni revanşizminə qarşı özümüzü sığortalamaq üçün qabaqlayıcı tədbirdir. Son 30 ildə ilk dəfədir ki, biz erməniləri hər hansı hərbi əməliyyata başlamaq imkanından məhrum etmişik. Göyçə gölünün ətraf dağlarındakı yüksəkilklərdən Naxçıvan dağlarının görünməsi, ermənilərin özlərinin təbirincə desək, Ermənistanın başı üzərində damokl qılıncının sallanması deməkdir. Bütün bunlara Müzəffər Ali Baş komandan İlham Əliyevin həyata keçirdiyi misilsiz tədbirlər və şanlı ordumuzun rəşadəti sayəsində nail olmuşuq. Dövlətimizin başçısının öz təbirincə desək, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi tarixi hadisədir və bu, Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq.

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmli olacağını bildirdi. İcmanın bir neçə istiqamət üzrə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə öz işini davam etdirməsinin zəruri olduğunu vurğuladı. Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıldığı kimi, Qərbi Azərbaycan həqiqətləri də çatdırılmalı, sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Qərbi azərbaycanlıların bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş öz tarixi-etnik torpaqlarına qayıtmaq hüquqlarının təmin edilməsi tələb edilməlidir.

Bu barədə dövlətimizin başçısı öz çıxışında dedi: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”.

Çox ciddi tapşırıqdır və məsuliyyətli işdir. Bu işin öhdəsindən gəlmək üçün Qərbi Azərbaycan İcması ətrafında yüksək intellektə malik mütəxəssislər, bu sahədə tədqiqat aparan alimlər və tərcüməçilər cəlb edilməlidir. Tapşırıq verildi ki, ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı bizim üçün dost saydığımız ölkələrdən dəvət edilən alimlərin, arxeoloqların, tarixçilərin iştirakı ilə konfranslar keçirilsin ki, bu mövzu gündəlikdən çıxmasın və beynəlxalq gündəliyə daxil edilsin.

Prezident İlham Əliyev Qarabağ münaqişəsi həll olunandan sonra indi qarşıda duran əsas məsələnin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsinin olduğunu, bu konsepsiyanın sülhsevər konsepsiya olacağını, bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaların əsasında öz hüququmuzu tələb etməli olduğumuzu, bu işə beynəlxalq hüquqşünasların cəlb edilməli olduğunu bildirdi.

Həqiqətən də əgər bu gün Qarabağ İqtisadi zonasında erməni toplumu yaşayırsa, Azərbaycan dövləti bütün digər vətəndaşları kimi, ermənilərin də təhlükəsiz yaşamalarına təminat verirsə, qarşılıqlı olaraq Ermənistan dövləti də Qərbi Azərbaycandan deportasiya edilmiş soydaılarımızın kompakt bir ərazidə yaşamaq hüququnu tanımalı və onların təhlükəsizliyinə zəmanət verməlidir. Onsuz da Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycanlılara məxsus 702 toponim bu günədək erməniləşdirilib. Təkcə Qərbi Zəngəzurda 70-dən artıq kənddə azərbaycanlılar kompakt şəkildə yaşayırdılar. Göyçə gölü hövzəsində də azərbaycanlılar kompakt ərazidə yaşayırdılar. Qərbi Azərbaycanda soydaşlarımızın vaxtilə yaşadıqları 734 kənddə indi ermənilər məskunlaşıb. Üstəlik, Prezidentin dediyi kimi, Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür, insanlar oradan gedir, həm də təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər erməniləri buna vadar edir. Ona görə biz Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində işləməli və istəyimizə nail olmalıyıq.

Prezident İlham Əliyev çıxışları dinlədikdən sonra, yekun nitqində Qərbi Azərbaycan ictimai təşkilatlarının bir təşkilatda birləşməsindən sonra bütün informasiya resurslarının - qəzetlərin, informasiya portallarının, rəqəmsal platformaların məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparmalarının vacibliyini bildirdi. Gələcəkdə Qərbi Azərbaycana Böyük Qayıdış Proqramının da işlənəcəyini diqqətə çatdırdı.

Doğum gününü Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə birgə qeyd etdiyini bildirən dövlətimizin başçısı xüsusilə vurğuladı ki, Qərbi azərbaycanlılar da heç vaxt inamılarını itirməməli, eyni zamanda, addımlar atmalı, fəal olmalıdırlar. Nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən Prezident görüşün sonunda dedi: “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq.”

İnşallah! O gün gələcək. Necə ki 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi gün gəldi. O günün yaxınlaşması üçün hər birimiz Qərbi Azərbaycan İcmasına əlimizdən gələn köməyi əsirgəməməliyik./ AZƏRTAC

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5073
avatar

Oxşar yazılar