Qəlyana qoyulan qadağa nə vaxt   aradan qalxacaq ?
08 yanvar 2022 18:47 (UTC +04:00)

Qəlyana qoyulan qadağa nə vaxt aradan qalxacaq ?

Koronavirusun dünyanı cənginə aldığı 2020-ci ildən etibarən demək olar ki, bütün iaşə obyektləri qapandı. Hazırda isə həmin məhdudiyyətlərin böyük əksəriyyəti aradan qaldırılıb. Lakin kafe və restoranlarda qəlyanların istifadəsindəki məhdudiyyətlər hələ də qalmaqdadır. Bu da restoran sektorunda çalışanların narazılığına səbəb olur.

Lent.az-ın APA TV-yə istinadən məlumatına görə, Operativ Qərargahda artıq belə bir qərar verilib və qadağanın nə vaxt aradan qalxacağı ilə bağlı müzakirə aparılmır.

Bəs niyə müzakirə olunmur? Digər alternativ variantlara icazə verildiyi halda qəlyan niyə qadağan olunmalıdır? İki ildir bu qadağa üzündən işsiz qalan vətəndaşlar nə etməlidirlər?

Təəssüf ki, Operativ Qərərgahdan bu suallara cavab vermək istəmədilər.

Həkim-radioloq Ayaz Hidayətovun sözlərinə görə, istifadə zamanı qəlyan aparatına hava axını ilə bir çox infeksiyalar daxil olur. Bu da qəlyandan növbəti dəfə istifadə edənlər üçün infeksion xəstəliklərə yoluxma riskini artırır: “Qəlyanlarla bağlı bizdə elmə əsaslanmayan miflər var. Onlardan biri odur ki qəlyanın tüstüsü sudan keçir, buna görə də təhlükəsizdir. Dırnaq içində deyək, sanki sterilizasiya olunur, lakin bu tamamilə yanlış fikirdir və heç bir əsası yoxdur. Biz bilmirik nə dərəcədə sterilizasiya olunur həmin qablar və ya olunmur. Bizdən əvvəl kim istifadə edib. Tək Covid 19 yox, digər infeksion xəstəliklərin də qəlyan vasitəsi ilə yoluxma riski olduqca yüksəkdir”.

Sahibkar Zaur İmanlı isə bildirir ki, qəlyanların istifadəsi ilə bağlı qoyulan məhdudiyyətlər səbəbindən işçilərin əksəriyyəti ixtisara salınıb: “Biz sahibkar kimi eyni zamanda mənim kimi yüzlərlə sahibkarlar bu məhdudiyyətdən əziyyət çəkir. Məcburən işçiləri ixtisar edirik. Müştərilər də azalıb. Turistlər də bu səbəbdən gəlmirlər. Müqayisə eləsək, Türkiyədə Ukraynada, ərəb ölkələrində müəyyən məhdudiyyətlər olsa da, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəlyanlar müştərilərə təqdim olunur”.

13 ildir qəlyançı kimi fəaliyyət göstərən Samir Cəfərov deyir ki, kafe və restoranlarda elektron siqaretlərdən və tütün məhsullarından istifadə edildiyi halda qəlyanların qadağan olunması iki ildir işsiz qalmalarına səbəb olub: “İki ilə yaxındır ki pandemiya səbəbində işsiz qalmışıq. Bizim qəlyanlar 8-9 detaldan ibarətdir. Hər bir detalı ayrıca yuyalaraq gigiyenik qaydalara riayət olunur. Ümumiyyətlə hər istifadədən sonra bu aparatlar yuyulur”.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, vətəndaşların 80-90%-nin vaksin olunduğu və vaksin sertifikatı olmadan ictimai iaşə obyektlərinə daxil ola bilmədiyi halda, qəlyanların istifadəsindəki məhdudiyyətlərin elə bir əhəmiyyəti yoxdur: “Həm ölkənin özündə vətəndaşlar tərəfindən, həm də ölkəyə gələn qonaqlarda tələbat da var. Obyektlərin hansısa yerlərdə qeyri - legal fəaliyyət göstərməkdənsə bu məhdudiyyətlərin aradan qaldırılması daha doğru olar. Nəzərə alsaq ki, covid pasportu olmayanlar kafe və restoranlar ictimai iaşə obyektlərinə buraxılmır. Təhlükə də daha azdır”.

Ekspert düşünür ki, qəlyanların istifadəsindəki məhdudiyyət aradan qalxsa, bu həm sahibkarlar üçün faydalı olar, həm də ölkəyə gələn turistlər üçün əyləncə yerlərinin artması ilə nəticələnər.


 

# 1755
avatar

Oxşar yazılar