Qəhrəman Ana nazirə müraciət etdi:  “Məni Laçına aparın”
01 iyul 2021 14:43 (UTC +04:00)

Qəhrəman Ana nazirə müraciət etdi: “Məni Laçına aparın”

Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana Şərqiyyə Vəliyeva anadan olduğu Laçın rayonuna getmək üçün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.

Lent az-ın məlumatına görə, 85 yaşlı Şərqiyə xanım nazirə ünvanladığı məktubunda 28 ildən sonra işğaldan azad olunmuş Laçın rayonunun Nağdalı kəndinə gedib əzizlərinin qəbrini ziyarət etmək, öz yurd yerinə baş çəkmək arzusunu yerinə yetirmək üçün ondan kömək istəyib.

Şərqiyyə xanımın qızı Aybəniz Laçınlı Lent.az-a bildirib ki, Qəhrəman Ana hələ may ayında nazir Vilayət Eyvazova müraciət edib: “Anam səbirsizliklə cavab gözləyir. Hər gün bizdən bir xəbər olub olmadığın soruşur. Yaşının bu vaxtında doğma kəndini görmək, əzizlərinin qəbrini ziyarət etmək ən böyük arzusudur. Çox istərdik ki, cənab nazir ən qısa müddət də anamızı sevindirsin”. 

Yeri gəlmişkən, Şərqiyyə Əkbər qızı Vəliyevanın bu gün  85 yaşı tamam olur. O, 1936-cı il iyulun 1-də Laçın rayonunun Pirçəniş kəndində anadan olub, amma atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçüblər. O, ömrü boyu maldarlıqla məşğul olub, qazandığı uğurlara görə, 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müxtəlif illərdə 2 dəfə “Lenin”, “Şərəf Nişanı”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub. 

Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilib. 1997-ci ildə YAP-ın üzvüdür. 2002-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə ona “Prezident təqaüdü” verilib. 

Şərqiyyə Vəliyevanın oğlanlarının dördü Qarabağ müharibəsində iştirak edib. Oğlu Füzuli Vəliyev Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin təyyarəçisi idi. 252 uçuş keçirən, kapitan Vəliyev 2003-cü ildə hərbi vəzifəsini yerinə yetirərkən həlak olub. Onu da qeyd edək ki, bu illər ərzində Şərqiyə xanımın daha iki övladı da dünyasını dəyişib. Şərqiyyə Vəliyeva Laçının işğalından sonra Bərdə rayonunun Zümürxan kəndində məskunlaşıb. 

Xatırladaq ki, bir qədər əvvəl 84 yaşlı Güldəstə Ağayeva 1993-cü ildə Cəbrayıl şəhərində şəhid olmuş oğlu Ramiz Ağayevin qəbrini ziyarət etmək üçün nazir Vilayət Eyvazova müraciət etmişdi. Həmin vaxt nazir onun müraciətini müsbət qiymətləndirmiş, ananı arzusuna çatdırmışdı.

# 4443
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar