Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI
16 fevral 2024 15:44 (UTC +04:00)

Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI

Kəndin girişindəki postda dayanan növbətçi əsgərə telefonun ekranını göstərib soruşuram:

“Burada belə bir kilsə olmalıdır”.

Əsgərin duruxmağından sualın qeyri-müəyyənliyini anlayıb aydınlıq gətirirəm:

“Buralar nəzarətimizə keçəndən kilsənin yanında bizim polislərin mühafizə postu qurulub”.

“Siz kilsə postunu deyirsiniz?” – əsgər dillənir.

“Hə, hə, odur”, – cavab verirəm.

“Qabaqdadır, bu yolla düz gedin”, – gəldiyimiz istiqamətin əksini göstərir.

Qırmızı Bazardan ayrılandan sonra “Google map”in bələdçiliyi ilə Xocavənd rayonunun Sos kəndinə gəlmişik. Burada isə əsgərdən ayrılıb dediyi istiqamətə getməliyik, görək axtarışlarımız bir fayda verəcəkmi?

Sosa qədər yolumuz heç də rahat olmayıb. Nabələdlik burulğanına düşmüşük. Bəzi məntəqələrin ermənicə yazılmış adları hələ dəyişmədiyindən hara çatdığımızı, haradan keçib getdiyimizi, sağamı, solamı dönməli olduğumuzu bilməmişik. Onun üçün özümüzü bütövlükdə naviqatorun ixtiyarına vermişik. Tərslikdən internet də arabir kəsilib, azıb vaxt itirəcəyimizdən qorxmuşuq.

Gəldiyimiz yol təpələrdən, dərələrdən burula-burula meyvə, üzüm bağlarının yanından sovuşub ilan kimi uzanırdı. Yol narahat idi, bəzi yerlərdə asfalt örtük qopub torpağa çıxırdı. Əvvəl buna fikir vermədik. Şəhər deyil ki, şüşə kimi düz asfalt tələbində olaq? Lakin qəfildən yolun qırağında rusca yazılmış və güman ki, sülhməramlılar tərəfindən çoxdan qoyulmuş - rəngi ağarıb - lövhədən oxuyuruq ki, ərazidə mina təhlükəsi var...

Asfaltın üzərində hərəkət etmək qorxulu deyil. Əsas narahatlığımız asfaltın qopduğu hissələrlə bağlıdır. Həmən hissələrdə dərisi soyulmuş yara kimi yerin “əti” – torpaq görünür. Tədbirli davranıb torpaq yerlərdən diqqətlə bizdən əvvəl oradan keçmiş avtomobillərin təkərlərinin izi ilə gedirik.

İçimdəki nigaran səslə “Google map” bir-birinə qoşulub bayaqdan: “Səhv gedirsiniz”, – deyə bağırsalar da, fikir verməmişəm, indi də gəlib çıxmışıq bir kəndin mərkəzinə.

Xəritədə baxıram, Güneyçartar yazılıb.

“Səhv gəlmişik”, - yoldaşlara deyirəm. Açığı, büruzə verməsəm də, əsəbiyəm. Axtardığımı tapa bilməyəcəyimə görə... Adamı ən çox kilsənin bir addımlığımızda olması yandırır, bilirik ki, buralardadır, amma tapa bilmirik.

Bəli, əziz oxucu! Xocavənddə Alban Həvari Kilsəsinin ən önəmli məbədlərindən sayılan Amaras monastırını axtarırıq. Vikipediada abidənin Sos kəndi ərazisində yerləşdiyi yazılsa da, bayaq əsgər kənddə bu nişanda kilsə olmadığını demişdi. “Google map” isə Sosun ağzından yana yol burulduğunu, həmən 7-8 kilometrlik yolun monastıra gedib çıxdığını göstərirdi. Fikirləşdik ki, yəqin, xəritə səhv edir, kilsə Sosdan bu qədər uzaqda olmaz.

“Xəritə Amaras”ı geridə göstərir e”, – sürücümüz Şamil deyir.

“Bilirəm, yoldan xeyli çıxarır. Qorxuram xəritənin göstərdiyi yolla gedib başqa yerə çıxarıq. Orada da bir yarım saat itirərik”, – narahatlığımı bildirirəm.

“Gəl yoxlayaq da, naviqator hara aparırsa, ora gedək. Quql səhv etməz”, – Şamil əminlik nümayiş etdirir.

“Başqa əlacımız yoxdur”, - ümidsizcə dillənsəm də, özlüyümdə qətiyyətliyəm: Amarası görmədən buralardan gedən deyiləm!

Təzədən geri qayıdırıq. Vaxtımız uçur. Neynək, bu variantı da yoxlayaq. Sos kəndini keçəndən sonra baş yoldan Cütcü – ermənicə adı Maçqalaşendir, lövhədə də belə yazılıb - kəndinə buruluruq. Bu kəndi keçib, təxminən, 7 km avtomobil sürməliyik.

Yenidən füsunkar mənzərələr kitab səhifələri kimi üzümüzə açılır. Gözoxşayan təpələrdən, düzlər boyu yayılmış, üzüm, meyvə bağlarından, xalı kimi torpağa sərilmiş sarı-yaşıl otlaqlardan doymaq olmur. Tələsməsək, maşını yol qırağına verib bu əsrarəngizliyi gözdolusu seyr edərdik! Hələ üstəlik xudmani piknik də qurardıq!

Gözüm qorxub, maşındakılara tapşırıram:

“Gözünüzü dörd açın! Ətrafa, dağa-dərəyə diqqətlə baxın. Kilsə görən kimi xəbər edin. Birdən geridə qoyarıq”.

Cütcü kəndinin içindən keçib gedirik. Yaxınlıqdakı yüksəkliklərdə heç bir kilsə, monastır gözə dəymir. “Google map”ə baxıram, alət: “Hələ bir az da gedəcəksiz”, – deyir.

Kənd artıq geridə qalıb. Yenidən üzüm, meyvə bağları, düzənlik... Və birdən uzaqdan Amaras monastırı görünür. Quruluşundan tanıyıram, internetdə şəklinə 50 min dəfə baxmışam. Elə bil çox oldu, hə? Yaxşı, 100 dəfə.

“Tapdıq!” - sevincək deyirəm.

“Hanı?” tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev həyəcanla soruşur. Büruzə verməsə də, bu onun üçün çox önəmli səfərdir. Bir alim olaraq illərlə həsrətini çəkə-çəkə tədris etdiyi abidəni öz gözləri ilə görəcək. Tarixçi üçün bundan sevindirici nə ola bilər, özü də Bayram müəllim kimi mütəvazi həyat sürən bir alim üçün?

Yaxınlaşdıqca monastırın hündür qala divarları, Müqəddəs Qriqoris kilsəsinin damı görünür, ətrafı isə səliqə ilə budanmış meyvə bağlarıdır.

Monastıra 500 metr qalmış polis postu qurulub. Post lokal antiterror əməliyyatlarından qısa müddət sonra oktyabrın 5-də abidənin mühafizəsinin təşkili məqsədilə fəaliyyətə başlayıb. Gəlişimizin məramını bildirəndən sonra monastıra aparan yola dönürük.

Bu da Amaras monastırı. Yol abidənin yan tərəfindən sola burularaq cənub istiqamətinə gedir. Sonradan öyrənəcəyik ki, buranın bircə qapısı var, o da cənub-şərq istiqamətindədir.

Amaras monastırı Alban Həvari Kilsəsinin Xudavəng, Gəncəsər monastırları, Böyük Arran məbədi kimi önəmli dini mərkəzlərindən olub. IV əsrin 30-cu illərindən etibarən yeparxiya mərkəzinə çevrilib və XIX əsrə kimi bu funksiyanı yerinə yetirib. Alban Həvari Kilsəsi 1836-cı ildə Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edildikdən sonra isə Amaras Erməni Qriqoryan Kilsəsinə tabe edilib.

Bu baxımdan, monastır olduqca əhəmiyyətli dini-tarixi kompleksdir. Elə buna görə də Qarabağ azad edilən gündən görmək istədiyim abidələr siyahımın başına yazmışdım.

Amaras monastırına ermənilər iddialıdırlar. Bu səbəbdən də monastır Erməni Qriqoryan Kilsəsinə veriləndən sonra ermənilər burada bərpa işləri aparıblar. Doğrusu, abidənin sovet dövründəki taleyindən xəbərsizəm. Yalnız onu deyə bilərəm ki, 1988-ci ildə Moskva Qarabağ ərazisində bəzi kilsə və monastırların açılmasına icazə verən zaman Amaras monastırı da fəaliyyətə başlayan dini komplekslərdən olub.

Maşından düşən kimi dərhal monastırı əhatə edən qala divarlarının tağlı girişinə yaxınlaşıram. Dəmir barmaqlıqlı qapını kilidli görəndə məyus oluram. Barmaqlığın üzərinə yapışdırılan kağız parçasında yazılıb ki, abidə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qorunur və ərazisinə keçmək cinayət məsuliyyəti yaradır.

Açığı, pərişan oluram. Belə çıxır ki, bunca əziyyətdən sonra tapdığımız monastırın içinə girib tanış ola bilməyəcəyik, sevincimiz qursağımızda qalacaq, onun ürəyi sayılan Müqəddəs Qriqoris kilsəsini ziyarət edə bilməyəcəyik.

Nə qədər mümkündür, barmaqlıqlardan içəri boylanıram. Monastırın tağlı qapısı təsərrüfat tikililərinin olduğu həyətə açılır, kilsə isə birinci həyətdədir. Dayandığımız yerdən kilsənin yalnız bir divarı sezilir.

Tarixi mənbələr həm monastırı, həm də onun əsas məbədini Qafqaz Albaniyasının birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirirlər. Rəvayətə görə, Müqəddəs Qriqoris Vatnan çölündə öldürüləndən sonra cəsədi Maarifçi Qriqori tərəfindən inşa edilmiş monastır kilsəsinə gətirilib və burada altar altında dəfn edilib. Lakin Bayram müəllim bu faktla razılaşmır. Gəlin onu dinləyək:

“Bir neçə qaynaqda Müqəddəs Qriqorisin burada dəfn edilməsi faktı qeyd edilsə də, arxeoloji qazıntılar nəticəsində heç bir insan qalığı aşkar edilməyib. O da məlumdur ki, IV əsrdə, Urnayrın dövründən etibarən xristianlıq Albaniyada rəsmi dövlət dininə çevrilib. Bu zamana qədər xristianlar ya mağaralarda, ya da evlərdə ibadət edirdilər. Lakin rəsmi surətdə xristianlıq qəbul edildikdən Albaniyada iki əsas kilsə inşa edilib. Onlardan biri Şəkinin Kiş kəndindəki kilsə, digəri də budur. Albaniyada xristianlığın zirvəyə qalxdığı iki dövr var: Biri Urnayrın, digəri isə Mömin Vaçaqanın dövrüdür”.

Alimin sözlərinə görə, kompleks Alban hökmdarı Yesuqenin dövründə tədris kompleksi kimi də fəaliyyət göstərib: “Bu cür komplekslər din xadimlərinin yaşayışı üçün münasib vasitələrlə təmin edilir. Fikir versək, monastırın iki həyəti var. Biri kilsənin yerləşdiyi qərb həyəti, digəri isə din xadimlərinin yaşadığı, köməkçi tikililərin olduğu, sırf mülki əhəmiyyət daşıyan qarşımızdakı həyətdir”.

İkinci həyətdə, əsasən, iş otaqları, mətbəxlər, anbarlar və sair yerləşir. Monastır kompleksinin cənub-şərq tərəfdə olan yeganə giriş qapısı da əsas yox, məhz qarşısında dayandığımız kiçik həyətə açılır. Qapının kiçik həyətə açılması monastırın müdafiə xarakteri ilə əlaqələndirilir: İşdir qalaya hücum olarsa, əsas kilsə zərbələrdən qorunmuş olsun.

“Monastırın divarının uzunluğu nə qədərdir?” – soruşuram.

“Qala divarı düzbucaqlı formasındadır, uzunluğu 85 metrdir, künclərdə isə dairəvi formada qüllələr-bürclər yerləşir. Təəssüf ki, içəri girmək imkanımız olmadığı üçün geniş məlumat verə bilmirik”.

Məncə, kompleksin mərkəzində yerləşən əsas abidəni – Müqəddəs Qriqoris kilsəsini görməsək də, haqqında məlumat vermək gərək: Əsas məbəd binası, 15.9x11 m ölçülərinə malik, uzun bazilikadır. Kvadrat formalı dörd sütun, onlar arasında inşa edilmiş tağlar vasitəsilə neflərin tağvari tavanını saxlamağa kömək edir. Altar hissəsi uzun nalvari absidadan və onun hər iki tərəfində yerləşən oxşar formalı yan otaqlardan ibarətdir.

Bayram müəllim kilsədə Müqəddəs Qriqorisin qalıqlarının olmadığını bildirsə də, dindarlar onun məzarının kilsənin altarı altında yerləşdiyinə inanırlar. Buna görə də əsrlər boyu monastır xristianların əsas ziyarətgahlarından sayılıb.

Kompleksin daxilinə keçə bilməsək də, qala divarları boyu gəzişirik. Bayram müəllim əsas bazilikanın Urnayrın dövründə inşa edildiyini bildirir: “Ərəb işğalları dövründə kilsə dağıdılıb. Azərbaycana moğollar gəldiyi dövrdə isə xristianlara xüsusi rəğbət bəslədikləri üçün bazilika yenidən tikilir”.

“Mənim oxuduğum məlumatlara görə, monqolların hücumları zamanı abidə dağıdılıb”, – etiraz edirəm.

“Monqollar dövründə bu abidənin dağıdılması mümkün deyil. Hazırda gördüyümüz tikili isə XIX əsrdə bərpa olunmuş versiyadır. Qaynaqlarda kilsənin köhnə özüllər üzərində orijinala uyğun şəkildə inşa edildiyi yazılıb”, – Bayram müəllim israrlıdır.

Divarda daşdan olan çərçivəni göstərirəm: “Adətən, bu cür çərçivələrin içində daş kitabə olur”.

Bayram Quliyev: “Yox, burada kitabənin olması mümkün deyil. Yeri gəlmişkən, qarşısında dayandığımız qala divarlarına bitişik trapes formalı ikimərtəbəli tikili də baş keşişin iqamətgahı olub”.

Yeri gəlmişkən, Amaras monastırı qala divarları ilə örtülmüş çox azsaylı monastırlardandır. Mən Xudavəng monastırında da, Ağoğlanda da olmuşam, heç birində bu cür hündür divarlar görməmişəm. Amaras monastırının qala divarlarının hündürlüyü 5 metr, eni də 6 metrdir. Ərazidəki otaqlar məhz divarların içində yerləşir.

 

Bayram Quliyev də mənim sözlərimi təsdiq edir:

“Qafqaz Albaniyası kilsələri içində bu qədər hündür, bu qədər enli qala divarı olan monastır çox azdır. Böyük ehtimal ki, qala divarının tikilməsinin səbəbi ərəblər dövründə dağıdılan monastırı qorumaq, hücumun önünü almaq olub. Bürclər də qala divarlarının müdafiə məqsədilə tikildiyini göstərir”.

Qala divarlarının üzərindəki mazğallar, yeganə tağlı qapının yuxarı yan tərəflərində konus formalı çıxıntı, eyni zamanda, bürclər onun müdafiə məqsədilə inşa edildiyini gözgörəsi təsdiq edir.

Onu da deyim ki, Vətən müharibəsindən sonra ermənilər monastırdan özlərinin qondarma “Artsax”larının bayraqlarını asırlar. Azərbaycan tərəfinin kəskin etirazından sonra isə bayraq çıxarılıb atılır və kompleks sülhməramlıların müvəqqəti nəzarətinə verilir.

“Mən bir məqamı qeyd etmək istəyirəm: Qala divarlarının enli tikilməsinin səbəbi içəridəki kilsəni qorumaq olub. Özü də, təxminən, 6 m enində olan divarların bütün perimetri boyunca yaşayış otaqları, hücrələr və digər məişət tikililəri tikilib. Hər iki həyəti bölən divar boyu da uzun otaqlar yerləşib”, – Bayram müəllim izah edir.

“O zaman qala divarlarını sədəfə bənzətsək, kilsə də onun mirvarisidir”, – söhbətimizə bədiiyyat qatıram.

“Eynən. Bir məqamı da qeyd edim ki, monastırdakı bütün otaqların qapısı kilsəyə baxır. Bu da ehtiram əlamət sayılır” – o, aydınlaşdırır - Ehtiram əlaməti demişkən, mən Qarabağ əhalisinin də xristianlığa münasibətindən danışmaq istəyirəm. Amaras məbədi ərazidə yaşayan müsəlmanlar üçün də müqəddəs hesab edilib. Sadəcə Amaras deyil, Albaniyadakı bütün xristianlıq məbədləri məhz əski paqan dini məbədləri üzərində inşa edilib. Arxeoloji qazıntılar da onu göstərir ki, Amaras kompleksi də əski dini məbədin qalıqları üzərində inşa edilib. Eyni zamanda, Qarabağ əhalisinin belə bir xüsusiyyəti var. Bu, bəlkə də, dini tolerantlıqdan doğur. İslamı qəbul etmələrinə baxmayaraq, zaman-zaman kilsələri, müəyyən ağacları ziyarət edərdilər. Mən özüm də buna şahid olmuşam, pambıqdan çıraq düzəldib pirlərə aparır, orada yandırırdılar. Bu, şübhəsiz ki, xristianlıq ayinidir. Lakin Qarabağın müsəlman əhalisi də yerinə yetirirdi. Bu fenomen dünyada etnoqraflar tərəfindən araşdırılası məsələsidir. Dünyada bunun ikinci analoqu yoxdur ki, müsəlman əhali xristian əhaliyə bu qədər isti münasibət göstərsin”.

“Buradakı arxeoloji qazıntılar nə zaman aparılıb? Biz bilirik ki, Azıx mağarasında ermənilər işğal illərində arxeoloji qazıntı işləri aparıblar”, - soruşuram.

Bayram Quliyev:

“Böyük ehtimal ki, sovetlər dönəmində aparılıb. Amma işğal dövründə burada hansısa arxeoloji qazıntı aparılmasına dair məlumatımız yoxdur”.

Mən:

“Bayaq dediniz ki, Müqəddəs Qriqorisin burada cəsədi yoxdur. Amma bir məsələ var ki, əksər Alban kilsələrində müqəddəslər dəfn edilib. Lakin biz onu da bilirik ki, ermənilər bu kilsələrin tarixini təhrif etmək üçün hələ sovet dövründə qalıqların çoxunu oğurlayıb Ermənistana aparıblar. Ola bilər ki, ermənilər Müqəddəs Qriqorisin də cəsədinin qalığını oğurlayıb aparsınlar?”

 

Bayram Quliyev:

“Ola bilər, amma əlimizdə belə bir fakt yoxdur. Eyni zamanda, arxeoloji qazıntı zamanı kiçicik də olsa, bir insan qalığı tapılmayıb”.

“Adətən, kilsələrin, monastırların divarlarında xaçdaşlar olur, burada isə onlara rast gəlmədik”, – deyirəm.

Bayram Quliyev:

“Bu gördüyümüz müdafiə divarı olduğu üçün burada xaçdaş olması mümkün deyil. Təəssüf ki, içəri də girə bilmirik ki, kilsənin divarlarına xaçdaş vurulub-vurulmadığını görək”.

Uzun axtarışlardan sonra, nəhayət, tapa bildiyimiz Amaras monastırının içinə girə bilməsək, səfərimiz səmərəsiz olmadı. Bayaqdan Bayram müəllimlə monastırın tarixi barədə danışa-danışa qala divarının qərb bürcünün yanına gəlib çıxmışıq. Bizim başımız söhbətə qarışmışkən, deyəsən, uşaqlar da haradansa balaca bir miz tapıb yol azuqəmizi üzərinə düzüblər. Yanlarına gəlirik. Hazırkı “çölçülük” şəraitində bu süfrənin misli yoxdur.

Mən axı Amaras monastırını dünən yox, srağagün yox, Vətən Müharibəsi bitən gündən ziyarət etmək, gəlib görmək istəmişəm. Nəhayət, arzuma çatmışam. Elə bilirəm ki, çiynimdən çox ağır bir yük götürülüb. Kefim düzəlib. Artıq rahatcana piknik edə bilərik...

FOTO: İlkin Nəbiyev

Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI Qarabağın müsəlman əhalisinin də ziyarət elədiyi xristian məbədi - AMARAS MONASTIRI

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6909
avatar

Mirmehdi Ağaoğlu

Oxşar yazılar