Qarabağda yanğın təhlükəsi - MEŞƏLƏRİMİZİ NECƏ QORUYAQ?  - VİDEO
06 avqust 2021 18:45 (UTC +04:00)

Qarabağda yanğın təhlükəsi - MEŞƏLƏRİMİZİ NECƏ QORUYAQ? - VİDEO

Son zamanlar meşə zolaqlarında baş verən yanğınlar demək olar ki, gündəmdən düşmür. Bir neçə gündür Lənkəran və Yardımlıda bu gün isə Ağsuda dağlıq ərazilərdə baş verən yanğınlar bir çox hallarda insan faktoru nəticəsində yaranır.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayevin sözlərinə görə, baş verən yanğınların meşə zolaqlarına, eləcə də, digər ərazilərə keçməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır: “Meşə ərazilərində ən azı 4 metr enində şumlanma yolu ilə mineralizə olunmuş, yəni yanğına qarşı zolaqların yaranması yolu ilə təhlükəsizlik təmin olunmalıdır ki, əgər yanğın baş verərsə ətrafa yayılmasının qarşısı alınmış olsun”.

44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş bir sıra ərazilərdə də yanğınların baş verdiyinin şahidi olduq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyir ki, sözügedən ərazilərdə baş verən yanğınlar daha təhlükəli hesab olunur: “Qarabağda da belə lokal yanğınlar baş verir. Ümumiyyətlə bildirmək istəyirəm ki, bu ərazilərdə baş verən yanğınlar daha təhlükəlidir. Həmin ərazilər partlamamış sursatlardan tam təmizlənməyib. Bu gün də orada proseslər gedir. Həmin ərazilərdə baş vermiş yanğınların fəsadları daha böyük ola bilər ki, bu partlamalarla da müşahidə oluna bilər”.

Xidmət rəisi deyir ki, işğaldan azad edilən ərazilərdə baş verən yanğınlar insan həyatına təhlükə törətməklə yanaşı, bu bölgədə nəsli kəsilmək üzrə olan flora və faunaya da ciddi təhdid sayılır, ərazinin ekosistemini məhv edir: “Bu ərazilərdə qırmızı kitaba düşən flora və fauna növləri çoxdur. Məsələn Bəsitçay qoruğundakı Şərq Çinarıdır ki, yanğın baş verərsə böyük təhlükə altında qala bilər. Bu ərazilərdə baş verən yanğınların əsas səbəblərindən biri də insan amilidir”.

İllərlə işğal altında qalan bu ərazilər ermənilər tərəfindən zəhərli və çətin söndürülən maddələrdən istifadə edilməklə qəsdən yandırılıb. İndi isə bu gözəl təbiəti qorumaq artıq bizim öz əlimizdədir. Unutmayaq ki, yanğınlar zamanı məhv olan meşələr bizim gələcəyimizdir.

Qarabağda yanğın təhlükəsi - MEŞƏLƏRİMİZİ NECƏ QORUYAQ?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2415
avatar

Oxşar yazılar