- Bir ay əvvəl Çukotkadaydım. Təsəvvür edirsiniz, harada? Moskvada işləyirdim. Dostlardan biri dedi ki, orada yaxşı iş var. Yaxşı da pul qazanacaqsan. Mən də qoşulub onlara getdim. Amma orda çox qala bilmədim. Cəmi bir ay. Hava çatmırdı orda. Sanki oksigen qıt idi. Bu səbəbdən də geri qayıtdım.
Çukotka, Maksın başına gələn yüzlərlə macəradan sadəcə birinin baş verdiyi məkanlardandı. 51 yaşlı həmsöhbətimin başına gələnləri yaşadığı ömrə sığdırmaq mümkünsüzdür. Tale onu haralara aparıb çıxarmayıb ki?! İndi isə burdadır. Azərbaycanda. Doğma yurdunda. Qarşımda oturub həyat hekayəsini nəql edir Lent.az oxucuları üçün. Adını, soyadını yazmağa da ehtiyac yoxdur. Əsas odu ki, maraqlı, çox maraqlı bir həmsöhbətimiz var.
- Nə başını ağrıdım. Orda mənə məktəb təmiri işini tapşırdılar. Vallah özüm də elə adamam ki, nə iş desələr, edirəm. Həmin iş də ondan ibarət idi ki, divara kafel yapışdırmalı idim. Düzü, mən bu işi demək olar hələ təzəcə öyrənmişdim. Bir də yanıma Matvey adında yerli bir fəhlə verdilər. Hə, həm də məndən işi öyrənmək üçün. Təsəvvür elə, mən özüm hələ öyrənməmişəm, hələ bunu da öyrətməliyəm. Bir şeyi yüz dəfə deyirsən, amma başa düşmür. 32 yaşı var adamın. Di gəl ki, dediyini anlamır. Məsələn, tapşırmışam ki, divarın bu hissəsini sök. Bu gedib bütün yapışdırdıqlarımı söküb. Sıfırdan başlayırdım yapışdırmağa.
Macəralarla dolu iki aya yaxın bir müddətdə Çukotkada yerli xalqın adət-ənənəsi ilə də yaxından maraqlanır Maks.
- Orda insanlar maral saxlamaqla məşğuldurlar. Ən kasıbının 6-7 min maralı var. Matvey təzə evlənmişdi. Deyir ki, burada başlıq pulu deyil, maral verirlər qızı alanda. Matvey də həyat yoldaşı ilə evlənmək üçün onun ailəsinə 70 maral verib. Nəysə, elə söhbətləşə-söhbətləşə çıxıb işdən evə sarı yollandıq. Bunların evinə yaxınlaşanda Matvey dedi ki, “tanış ol bu da mənim həyat yoldaşım”. Baxıb gördüm ki, bu qadının boyu balaca, ayaqları əyridir. Ağzında da dişi yox. Bir buna baxdım, bir də Matveyə. Dözmədim dedim ki, ay Matvey, sən buna görə 70 maral vermisən? Bu da mənə nə desə yaxşıdır?! Nə 70, camaat 150 maral verir. Mənimki ucuz başa gəlib. Sən demə, maralların sayı qızın gözəlliyinə görə artır.
Bəs, Maksı dünyanın o başına aparan, ölkədən didərgin salan hansı səbəb idi?
- Təxminən 25 yaşım var idi o hadisə başıma gələndə. Bax, görürsən, heç yaşım da yadımda qalmayıb. Ondan sonra o qədər hadisə yaşadım ki. Geriyə dönüb baxanda düşünürəm ki, görəsən bütün bunları mən yaşamışam? Eh, həyatdır da. Sən planlar qurarkən, o da öz tələsini hazırlayır.
Lap gənc yaşında təsadüf nəticəsində yaşanan bir olay onu vətəndən didərgin salır.
Hə, Maks məcburən ölkədən gedir. Rusiyaya üz tutur. 10 il burada sənədsiz yaşayır. Təsəvvür edirsiniz? Düz 10 il. Hər addımda sənədlərin yoxlandığı bir ölkədə pasportsuz dolaşmaq özü də məharət istəyirdi.
- Dəfələrlə polislərin sınağından çıxdım. Amma bir dəfə yaman yerdə axşamladım. Məni sənədsiz görüb tutdular. Həftənin cümə günü idi. Məni gətirdilər ki, deportasiya etsinlər. Məhkəməyə çıxarmaq üçün həftənin birinci gününü gözləmək lazım idi. Amma mən bu dəfə də qaçmağı bacardım.
Bir əhvalat da danışır.
- Bir dəfə də kazinoda idim. Oynadım və həmişəki kimi uduzdum (gülür). Məni çıxarıb atdılar çölə. Çöldə də bir soyuq var ki, gəl görəsən. Mənim dalımca bir cavan qadını da çıxardılar. Bu da bir ağlayır ki... Sən demə, yoldaşı evdə uşaqla qalıb. Bu qadın da çıxıb ki, uşağına yemək alsın. Yolda fikrini dəyişib. Uşağına yemək alacağı pul ilə gəlib kazinoya. Burda da uduzduğuna görə, utandığından evə də gedə bilmir. Elə bunun dərdinə dərman axtarırdıq ki, polislər gəldilər. Tutub gətirdilər bizi şöbəyə. Qadın qaldı orda, məni də apardılar şöbə rəisinin otağına. Sən demə, bu özü də kazinolarda gününü keçirənin biri olubmuş. Vəziyyət o həddə çatıb ki, az qala işi də əlindən çıxsın, ailəsi də üz döndərsin. Bütün bunlar bir il öncə olub. İndi də öz yoluna qayıdıb. Mənə də dedi ki, sən də uzaqlaş. Həmin gecəni elə öz otağında yatızdırdı məni. Səhər də buraxdılar getdim. Qadın hələ də orda idi...
Maksdan soruşuram: “Bayaq uduzdum dediniz. Həqiqətən həmişə uduzurdunuz? Heç udduğunuz olmadı bu kazinolarda?”
- Əlbəttə, udmuşam da. Özü də iki dəfə lap böyük məbləğ. Bir dəfə 17 min dollar. Az pul deyil ha. Deməli əlimdə bir az pul var idi. Mən də öz-özümə düşündüm ki, qoy bu pulu yeyib-içməyə xərcləyim. Bilirəm də öz xasiyyətimi. Aparıb batıracam kazinoda. Yaxşıca içdim. O qədər içdim ki, addım atıb gəzə bilmirəm. Özüm də Moskvada Yekaterina parkının yaxınlığındakı binada qalırdım. Moskvanın ən məşhur aktyorları qonşularım idi. Nə başını ağrıdım. Ofisiantdan xahiş etdim ki, məni evimə aparsın. O da gətirdi. Atıb başımı yatdım. Yuxuda da gördüm ki, kazinoya gedirəm. Rəqəmləri seçirəm. Pulu qoyuram və 17 min dollar qazanıram. Oyandım yuxudan. Dedim, yox e, gərək gedim. Durub getdim. Ruletkada yuxuda gördüyüm rəqəmi seçdim. Təsəvvür edin, möcüzə: qazandım. Bir dəfə də başqa bir məşhur kazinoda idim. Burda da ən məşhur müğənnilər çıxırdı səhnəyə. Mən də oynayıram. Az-az pul qoyuram və uduzuram. Elə bu anda bir də gördüm ki, mənim oturduğum masa düşdü uduşa. Burda da cəmi 7 nəfərik. Nə isə oynadıq və axıra 3 nəfər qaldıq. Mən ikinci yerə çıxdım və 15000 dollarımı aldım. İnanın ki, qazandığım bu qədər pulun hamısını elə boş-boş yerlərə xərcləyib bitirdim.
Həmsöhbətimiz deyir ki, bir müddət Moskvanın ən elitar qəsəbələrindən olan Rubloyvkada da yaşayıb. Moskvanın zənginlərinin yaşadığı Rublyovkada da başına az iş gəlməyib.
- Orda da kazinolara tez-tez gedirdim. Alla Puqaçovanı tez-tez görürdüm. Bir də Aleksandr Abdulovu. Abdulovun əli yaxşı gətirirdi. Demək olar ki, hər axşam əməlli udurdu.
Maksın başına həmişə pis hadisələr gəlməyib. Dinlədikcə üzümüzdə gülüş yaradanları da oldu.
- Bir xanımla tanış olmuşdum. Bu xanım da Filipp Kirkorovun yanında rəqs edənlərin məşqçisi idi. İnanın o qədər geyimi var idi ki, saysız-hesabsız. Müxtəlif ölkələrin rəqs geyimləri. Hər axşam da tərəziyə çıxırdı. Əgər 100 qram artıq çəkisi olsa, ağlayırdı. Bir il yaşadıq onunla. O, mənə dünya xalqlarının rəqslərini öyrədirdi. Həvəsim də o qədər çox idi ki. Yavaş-yavaş maraqlanmağa başladım. Sonra daha da peşəkar olaraq məşğul olmaq istədim. Ona görə də qərar verdim ki, rəqs hazırlığına gedim. Hə, qadın böyük qüvvədir. Xeyli rəqs də öyrənmişdim.
Əslində yaşadıqları bir insanın başına gələn ən çəkilməz hadisələrdir. Amma Maks bunlara həmişə macəra kimi baxıb. Bəlkə də buna görə, bu qədər məşəqqətin öhdəsindən gələ bilib. Maks deyir ki, məni ayaqda saxlayan, gücümə güc verən macəralara olan sevgimdir. Həmişə də axtarışdayam. Macəra axtarışında.
- Bax, elə indicə bilsəm ki, dünyanın o başında mənim marağımı çəkən nəsə var. Heç incimədən durub gedərəm o marağın dalınca. Baxmaram ki, yolda başıma hansı çətinliklər gələr. Dərd etmərəm ki, cibimdə pulum yoxdur. Gedərəm.
*
Ac qaldığı günlərdə olub, vağzallarda, parklarda gecələdiyi də.
- Amma ümidsiz bircə günüm də olmayıb. Həmişə fikirləşmişəm ki, bu da bir taledir. Bu da mənim alın yazımdı. İndi Bakıdayam. Fəhləlik də olsa, bir iş tapıb işləyəcəm. Qesiodin bir sözü var. Deyir, ayıb iş yoxdu, avaralıq ayıbdı.
Qesiod? Hə, Maks dünya filosoflarını, dünya tarixini bilirsiz necə mükəmməl bilir. Söhbət zamanı elə heyrətamiz məqamlardan danışdı ki?
Amma bu gün ona iş lazımdı. Özü də mütləq və təcili…