Bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavənd məbədinə alban-udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Komitənin, Alban-Udi Xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüb.
Yolun vəziyyəti nəzərə alınaraq, xüsusi hərbi avtobusla Toğana istiqamətindən hərəkət davam edəcək.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş Kəlbəcər rayonunda yerləşən Xudavəng məbədində tədbir keçirilib. Pasxa bayramı münasibəti ilə keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının, eləcə də digər xristian dini konfessiyaların üzvləri və mətbuat nümayəndələri iştirak edib. Dini icmanın üzvəri qədim alban məbədində dini ayin icra edib, dualar oxunub, ibadət edədək şamlar yandırılıb.
Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksi dünya əhəmiyyətli memarlıq abidələrindəndir. Məbədin əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra - IX əsrdə Qarabağın dağlıq hissəsində yaradılmış Alban Xaçın Knyazlığının dini mərkəzi olaraq qalıb. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın ailəsi tərəfindən monastır yenilənib və orada əlavə tikililər inşa edilib. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Xatırladaq ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Fondun dəstəyi ilə növbəti tədbirin Laçın rayonundakı Ağoğlan məbədində keçirilməsi nəzərdə tutulur.