"Onlara pul verməyin!":  Və ya bir çağırışın iziylə...- VİDEO
04 fevral 2022 20:15 (UTC +04:00)

"Onlara pul verməyin!": Və ya bir çağırışın iziylə...- VİDEO

Zaman: 8 oktyabr 2020-ci il. 
Məkan: İçveçrə, Sürix. 

İsveçrə Türk Toplumu başqanı, bir Azərbaycan sevdalısı Suat Şahin həyəcanla müraciət yayır: 

“10 günə yaxın vaxtdır ki, 30 ildir Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarını geri almaq üçün Azərbaycan əsgərləri döyüşür və savaşır. İnşallah, yaxın zamanda bu torpaqlar yenidən Azərbaycanın nəzarətində olacaq. Amma sizə çox vacib bir məsələ ilə bağlı xəbərdarlıq etmək istəyirəm. Bu vəziyyətdən istifadə edən fırıldaqçı, mənəviyyatsız və özünə hörmət etməyən iyrənc insanlar Azərbaycan əsgərinə yardım adı altında insanlardan pul yığmağa başlayıblar. Buradan dönə-dönə deyirəm, hər kəsə səslənirəm ki, belə bir köməyə ehtiyac yoxdur. Azərbaycan güclü bir dövlətdir, Azərbaycan ordusu güclüdür. Ehtiyac olduğu zaman isə Türkiyə Cümhuriyyəti Azərbaycanın yanındadır. Belə hallarla qarşılaşsanız mütləq polisə müraciət edin. Polisə xəbər edə bilmirsinizsə, bizə yazın. Şəxsən mənimlə əlaqə saxlaya bilərsiniz. İnşallah, yaxın zamanda o torpaqlara bayrağımızı asacağıq. Burda da hər kəs o günü gözləyir. Hətta hal-hazırda minlərcə türk var ki, orada döyüşmək istəyir. Amma təəssüf ki, buna icazə yoxdur. Bunu bilin ki, həmişə sizin yanınızdayıq. Rəbbim köməyiniz olsun”. 

Bəs nə baş verib? Suat bəy nədən belə həyəcanlıdır? 

Müharibə başlayanda istər Azərbaycanda, istərsə də bu və ya digər ölkələrdə yaşayan, ürəyi Qarabağla döyünən, kim nəyi bacarırdısa vətən üçün əlindən gələni edirdi. Amma həmin vaxt Avropanın mərkəzində, İsveçrədə başqa oyunlar oynanılırdı. Söhbət ondan gedir ki, bu ölkədə fəaliyyət göstərən İctimai Nəzarət Koalisiyasının nümayəndəliyi - təəccüblənməyin, Azərbaycandakı bir QHT-nin İsveçrədəki nümayəndəliyi - tamam başqa və özü də biabırçı işlərlə məşğul olurdu. Bu qurumun Surixin mərkəzindəki Bahnhofplatz küçəsində yerləşən ofisində Azərbaycana kömək adı atında pullar yığılırdı. Və həm də bilirsinizmi hansı məqsəd altında. “Can Azərbaycan köməksiz qalıb, ona dəstək olmalıyıq”. Bu kampaniyaya isə Hakan Sarı adlı birisi başçılıq edirdi. 

“Bu adam İsveçrədə dələduz və özü də FETO-çu biri kimi tanınır. Onun ətrafına yığılanlar da  necə deyərlər, elə özü kimilərdir. Məsələn, Hakan Sarının müavini Kadır Aydın bir qədər əvvəl həbs olunub. O, dələduzluqda ittiham edilir. 2020-ci ildə Bakıdan Rasim Məmmədov və bir qrup adam bura gəlmişdi. Hakan Sarı burada PKK-çı kimi tanınır. Rasimin onunla görüşməsi və burda heç nəfə lazım olmayan bir quruma Hakanı rəhbər qoyması bizi sözün həqiqi mənasında çaşdırdı.  Müharibə günlərində  İsveçrədə və Almaniyada pul yığılıb, özü də çox yığılıb. Azərbaycana isə çatmayıb. Ən acınacaqlısı da o idi ki, bu adamlar dövlətin adında danışırdılar, hamını inandırdılar. Hətta deyirdilər ki, onları bura Azərbaycan dövləti göndərib” deyir, mənbəmiz. 

Zaman: 21 noyabr, 2020-ci il. 

Məkan: Bakı, “Azərbaycan” nəşriyyatı, Koalisiyanın Mərkəzi qərargahı.

 “İctimai Nəzarət Koalisiyası”nın sədri Rasim Məmmədov mərkəzi qərargahda İsveçrədən gələn nümayəndəliyin rəhbəri Hakan Sarı, 14 nəfərdən ibarət üzvlər, təşkilatın idarə heyəti, regional, şəhər, rayon və departament sədrləri ilə birlikdə pandemiya qaydalarına ciddi riayət etməklə iclas təşkil etdi. İclasda təşkilatın sədri R. Məmmədov İsveçrə nümayəndəliyinin rəhbəri H. Sarını qısa müddət ərzində göstərdiyi yüksək iş fəallığına görə ali diplomla təltif edib. Bundan əlavə, xarici nümayəndəliyin 5 nəfər üzvü eyni zamanda İNK-nın mərkəzi qərargah aparat rəhbəri Aygül Bağırova, qərargah rəisi Anar İsmayılov, İKT departamentinin sədri Şahin Alıyev, Gənclər Şurasının sədri Vahid Quliyev, İsveçrə, Almaniya və Fransa nümayəndəliyinin koordinatoru Orxan Baxşəliyev tərifnamələrlə təltif edildi”.

Sonuncu ifadəyə diqqət etdinizmi? Hətta İsveçrə, Almaniyaa və Fransa üzrə koordinatorları da varmış. Bu isə həmin ərəfədə İctimai Nəzərət Koalisiyası və onun İsveçrə nümayəndəliyi barəsində həmkarımız Aygün Muradxanlının qeydləridir. 

Sitat: 

“İndiki həssas məqamda, Qarabağ problemi həll olunan zamanda, Türkiyə ilə Azərbaycan tarixdə olmadığı qədər yaxın olduğu məqamda  Rasimin Hakan Sarını Bakıya dəvət etməsi, onun Bakıya səfəri nə məqsəd daşıyır ? Bu Türkiyə Azərbaycan münasibətlərini korlamaq deyilmi? Axı, belə həssas məqamda Hakan Sarının Bakıya səfərinə kim icazə verib ? Qarabağ qaziləri  və şəhid ailələri üçün Rasimin  Avropada ianə toplamasını kimlər təşkil edib? Yığılan pullar kimlərin cibinə gedib? Bunlara  diplomatik pasportu kim verib?”

 Bu suallara həmin vaxt nə Rasim Məmmədov, nə də elə həmin Sarı cavab verə bilməmişdi. 

Zaman: 4 fevral, 2022-ci il. 

Məkan: Sumqayıt. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi "İctimai Nəzarət Koalisiyası" İB-nin sədri Rasim Məmmədovun saxlanılması barədə məlumat yayır. Nazirlikdən bildirilir ki, vətəndaş Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib. R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib. Faktla əlaqədar Sumqayıt şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb”. 

Nədir axı bu İctimai Nəzarət Koalisiyası? Və bu Rasim Məmmədov təkcə yuxarıda göstərilənlərəmi görə, həbs edilib? 
Təbii, nə vaxtsa məhkəmə istintaqı da gedəcək, araşdırılacaq. Amma bu gün bütün sosial şəbəkələr Rasim Məmmədov barəsində “nəhayət ki bunu tutdular” ifadələriylə doludur. 

Hə, bu koalisiya sovetlərin “narodnı kontrol”unu xatırladır. Ölkənin hər yerində, bütün bölgələrində şöbələri var. Bu qurumun minlərlə cibində “ictimai nəzarət” vəsiqəsi gəzdirən üzvü var. O üzvlər nə işlə məşğul olurlar, kimlərə, nələrə nəzarət edirlər? Bu qurum necə və kimlər tərəfindən yaranıb? Hansı qurumların vəhdətindən təşkil edilib? 

Bəzi adlar sizə bəlkə də qəribə görünəcək. Amma qəribə görünməyən bir həqiqət var: bu qurumun adı həmişə pul və şantajla bir yerdə çəkilib. Və bu da axırı. 

Yox, axırı deyil,  Lent.az-ı izləyin, çox mətləblərdən xəbər tutacaqsınız. Sizə maraqlı deyilmi, bu koalisiyanın ətrafında birləşən 113 QHT, KİV, İnternet portal və saytların adları və kimlikləri? Və onların işləkləri?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8379
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar