“İslam dini yaşamaq dinidir. Bu gün isə İslam bəzi insanların düşüncələrində yaslarla, ölülərlə, ölü yumaqla, ölüyə Quran oxumaqla əlaqələndirilir”.
Bu sözləri Lent.az-a ilahiyyatçı Elşad Miri deyir. İlahiyyatçıyla mürdəşirlərdən danışırıq.
Yəqin çoxunuz kiməsə əsəbiləşəndə, ondan gileylənəndə “Üzünü mürdəşir yusun” qarğışını edibsiz, nə zamansa. Bəs, kimdi bu mürdəşir? Üzümüzü niyə yusun ki?
Əslində, bunu bilməyən də yoxdu. Çoxunuz onu da bilirsiniz ki, mürdəşir sözünün mənası farsca “murda” (ölü) “şur” (yuyan), yəni “ölüyuyan” deməkdir. Yəni, mürdəşirlər sizin üzünüzü yuyursa, deməli, siz artıq ölüsünüz.
Əslində, mürdəşirlər bunu havayı da etmir. Göstərilən xidmətin haqqı isə prosesdə istifadə olunan su, sabun, sidir ("kamfora" bitkisinin tozu), kafur və digər məmulatlardan asılı olaraq məscidlər üzrə dəyişir. Yeri gəlmişkən, araşdırmalarımız zamanı öyrəndik ki, məscidlərdə meyitlərin yuyulması ölü sahiblərinə 40-50 manata başa gəlir.
Ucar rayonu Müsüslü kənd məscidinin dini icma sədri, məscidin imam müavini Samir Həmidov deyir ki,
meyiti öz yaxını yusa, daha çox savabdır:
Samir Həmidov
“Ölü yumağın qaydaları var. Məsələn, ölü yuyulanda birinci onun baş tərəfi, daha sonra sağ və solunu, ən sonda isə orta hissələr yuyulur. Bir insan sənin yaxınının meyitini yuyursa, təbii ki, ona onun istədiyi pulu verməlisən ki, halallıq olsun”.
Mollanın sözlərinə görə, ər-arvad məcbur qalarsa, biri-birini yuya bilərlər:
“Əgər meyiti yumağa adam tapılmırsa, qadın öz ərini, ər də öz həyat yoldaşını yuya bilər. Başqa qadın başqa kişini, kişi də başqa qadını yuya bilməz. Yenə qeyd edirəm ki, ər-arvad yalnız məcbur qaldıqları halda biri-birini yuya bilərlər”.
Bəs, İslamda mürdəşir, mürdəşirlik varmı?
İlahiyyatçı Elşad Miri deyir ki, İslam dinində mürdəşir adlı peşə yoxdur. Ölü yumaq üçün hansısa qayda-qanunun olması sonradan uydurulan məsələlərdir:
Elşad Miri
“Bəziləri sonradan din xadimi anlayışını ortaya çıxarıblar. Həmin din xadimliyinə də müxtəlif peşələr aid ediblər. Elə bir situasiya da yaradırlar ki, guya bu işləri din xadimlərindən başqa heç kəs edə bilməz. Elə düşünürlər ki, buna görə, onlara vəsait verilməli, pul ayrılmalıdır. Amma anlamırlar ki, axı bu iş deyil”.
İlahiyyatçı həmçinin qeyd edir ki, onların nəslində öz yaxınlarını özləri yuyurlar:
“Mənim əmilərimdən biri vəfat edəndə mən çata bilmədim. Qardaşım və əmim uşaqları əmimi yudular, kəfənlədilər”.
Ölü yumaqda qadın kişi fərqlərindən danışan Elşad Miri kimin yumağının bir fərqi olmadığını bildirir:
“İmam Əli, Əbubəkir, Ömər - bunlar hamısı həyat yoldaşlarını özləri yuyub. Burada heç bir qəbahət ola bilməz. İslam dini adam olmaq, yaşamaq dinidir. Bu gün isə islam dinini çox təəssüf ki, yaslarla, ölülərlə, ölü yumaqla, ölüyə Quran oxumaqla əlaqələndirirlər”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini Hacı Fuad Nurullayev də deyir ki, bu adda peşə yoxdur:
Hacı Fuad Nurullayev
“Belə bir peşə yoxdur. Hər bir insan rəhmətə gedən yaxınını yumalıdır. Məsələn, mən nəslimdə olan kişilərin hamısını yuya bilərəm”.
Hacı Fuadın sözlərinə görə, mürdəşirlik yaxınlarını yumaqdan çəkinən insanlar üçün yaranıb:
“Öz yaxınlarını yumaqdan çəkinənlər üçün isə məscidlərdə qadın və kişi üçün ayrıca mürdəşirlər təyin olunub. Elə bu peşə də ona görə yaranıb. O mürdəşirlərlə də mütləq halallaşmaq lazımdır, çünki insanların öz yaxınlarını yuması onların boynunda vəzifədir. Bunu etmirlərsə, mütləq şəkildə meyiti yuyan şəxslə pul, libas, ərzaq kimi vasitələrlə halallaşmalıdırlar. Şəriətdə isə mürdəşirlər üçün xüsusi qiymət anlayışı yoxdur”.
A.Bakıxanov qəsəbəsində yerləşən Qaraçuxur məscidinin cənazə yuyanı Məşədi Zülfüqar Hacıyev mətbuata açıqlamasında bildirir ki, insanlar mürdəşirlərə hörmətlə yanaşsalar da, bu peşəyə maraq çox azdır:
“Bizim ölkədə bu peşə elə insanların özü tərəfindən təbliğ edilir. Belə ki, əsasən yas mərasimlərində bizim haqqımızda söhbət açılır. Cənazə sahibləri öz məclislərində bizim necə işlədiyimiz, onların ölülərini necə layiqincə yuduğumuz barədə danışırlar. Lakin danılmaz faktdır ki, Bakı şəhərində mürdəşirlərin sayı azdır. Onu da deyim ki, bu sahədə çalışanlarında əksəriyyəti rayondan gələn adamlardır".
Onu da qeyd edək ki, Türkiyədə rəsmi şəkildə cənazə yumağın qaydalarını öyrədən kurs fəaliyyət göstərir. Ərzurumun Oltu bölgəsində 2011-ci ildə təsis edilən bu kursun gələcəkdə digər yerlərdə də filiallarının açılacağı gözlənilir.
Hə, lap sonda: Azərbaycanda isə İlahiyyat Universitetində tələbələrə cənazə yumaq prosesi öyrədilir.