Normadan artıq yük götürən avtomobillərin sürücüləri cərimələnib.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən bu cür qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
İyulun 5-də "KaMAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü Seyfullayev Xanmusa Xubyar oğlu və "KaMAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü Orucov Arzuman Valeh oğlu yükdaşıma qaydalarını il ərzində təkrar pozduqlarına görə Baş DYP İdarəsinin YPX Alayının VI taqımının əməkdaşları tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən sürücülük hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 1200 manat məbləğində cərimə ediliblər.
DİN-in Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı müvafiq normalara və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.
Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək.