Son vaxtlar bir çox insan “elektrik vurması”ndan şikayətlənir. Kimə toxunuruqsa, hara dəyiriksə bizi sanki yüngül elektrik cərəyanı vurur. Hətta bəziləri bunu daha kəskin şəkildə hiss edir. Çoxları iddi edir ki, buna sintetik geyimlər səbəb olur. Lakin bu da əsl səbəb deyil.
Bəs bu “elektrikvurma”nın əsl səbəbi nədir, nədən yaranır?
Lent.az xəbər verir ki, məsələ ilə bağlı ATU-nun Tibbi və bioloji fizika kafedrasının dosenti Nəzakət Kərimli açıqlama verib.
O deyib ki, bir çox insanın qarşılaşdığı "elektrikvurma" bildiyimiz sabit cərəyan mənbəyi deyil:
"Bioelektrik sahələr insanın əsas varolma səbəblərindəndir. Elektrik sahələri hər yerdə, hətta insan bədənində də mövcuddur. Elektrik hadisələri isə həyatın özü qədər qədim olan proseslər sırasındadır. İnsan öz mahiyyəti etibarilə elektrik strukturlu varlıqlara aid oluna bilər. Bu bizim bildiyimiz sabit cərəyan mənbəyi (batareya) və ya elektrik cihazlarını işlədən dəyişən cərəyan mənbəyi deyil. Sadaladığımız elektrik cərəyanları mənfi yüklü hissəciklərin, yəni elektronların nizamlı hərəkəti nəticəsində baş verir. İnsan orqanizmi isə tamamilə fərqli versiyada baş verən bioelektrik hadisələri əsasında fəaliyyət göstərir. Belə proseslərdə cərəyan əsasən müsbət yüklü ionların - natrium, kalium və kalsiumun nizamlı hərəkəti hesabına yaranır”.
N.Kərimli əlavə edib ki, insan bədənindəki 40 trilyon hüceyrənin hər biri ayrılıqda aşağı gərginliyə malik kiçik elektrik batareyalarıdır:
“Sinir impulsu sürətlə sinir lifi boyunca yayılarkən neyrondakı kanallar açılır və bu kanallardan milyonlarla ion daşınır. Belə kütləvi yük miqrasiyası hesabına yaranan elektrik sahəsinin intensivliyi təqribən 1 V/m olur. Bu isə masştabca, bütöv bir ildırımın uzadılmış bir əldən digərinə ötürülməsinə ekvivalent hadisədir. Çəkilən misal insan bədənində fəaliyyət göstərən hər bir neyronun işinin önəmliliyini göz önünə gətirir. Məhz bu yolla beynin daxilində və onunla digər orqanlar arasında bütün siqnalların ötürülməsi baş verir. Bu isə insanın düşünmə, hərəkət, nitq və s. qabiliyyətləri, eləcə də insan bədəninin zədələndikdə ağrı hiss etməsi, yaralanan dərinin sağalması və digər hadisələrin izahında fundamental əhəmiyyətə malikdir.
Bioelektrik proseslərin nəticəsidir ki, insan turş və şirini differensasiya edə bilir və nə zaman susuzladığını anlayır. Ancaq bioelektrik proseslərin işi təkcə sinir sistemi ilə məhdudlaşmır. Son on illiklərdə məlum olub ki, elektrik siqnalları təkcə qəbuledici və idarəedici hüceyrələr tərəfindən deyil, həm də insan bədəninin bütün hüceyrələri tərəfindən istifadə olunur. İnsan dərisinin hər bir hüceyrəsi digər hüceyrələrlə əlaqəyə girərək məxsusi potensiallarının hesabına ümumi bioelektrik sahəsi yaradır. Yəni insanın sümükləri də daxil olmaqla, hətta onun dişinin də hüceyrələri bioelektrik xüsusiyyətlərə malikdir. Ümumiyyətlə, insan orqanları və onların epitel örtükləri də elektrik təbiətlidir və bu siyahıya qan hüceyrələrini də aid etmək olar”.
Mütəxəssisin sözlərinə görə, aparılan son tədqiqatlar zamanı aydın olub ki, hətta ana bətnində olan döl tam formalaşana qədər fərqli tezlikli elektrik siqnalları yaradır:
“Dünyaya gələcək körpənin ana bətnində inkişafını təmin edən bu elektrik siqnalları, həmçinin insanın ölümünə səbəb olan xərçəng hüceyrələrini də təbii yolla, hüceyrə kommunikasiyası zamanı yanlış siqnalların (fərqli potensialların) söndürülməsi ilə aradan qaldıra bilir. İnsan bədənindəki proseslərin mexaniki və kimyəvi olduğu qədər də elektrik təbiətli olması fikirləri inkişaf etdirilsə, gələcək on ildə bu istiqamətdə böyük nailiyyətlər əldə oluna bilər. Söhbət bioelektrik siqnalların müxtəlif təsirlərini öyrənmək çərçivəsindən çıxıb, bu siqnalların təbiətini öyrənməkdən gedir”.