Nəzirlərin kart sistemiylə ödənilməsi: Kim istəsə qutuya, ya da...
16 fevral 2022 22:22 (UTC +04:00)

Nəzirlərin kart sistemiylə ödənilməsi: Kim istəsə qutuya, ya da...

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə edilən dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nəğd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

Bundan başqa qanuna təklif edilən dəyişikliklə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən olunacaq.

Ekspertlərin fikrincə, qanuna təklif olunan bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənlinin fikrincə, dini icmalar ianələr hesabına fəaliyyət göstərir:

“Müasir dövrdə bunun bank hesabları ilə, onlayn qaydada edilməsi normal haldır. Pandemiya vaxtı bizim icmaya yardımlar məhz köçürmələr vasitəsilə olurdu. Xaricdə yaşayan vətəndaşlar da dəstəklərini bu cür ifadə edirdilər. Bu həm şəffaflığı təmin edəcək, həm də müasir dövrün tələbləri ilə uzlaşır. Ona görə də hesab edirəm ki, bu, normal haldır. Əgər icmalar prosesə nəzarət edəcəklərsə, proses şəffaf icra olunacaqsa, bu, insanlar üçün də bir arxayınlıq yaradacaq ki, ödədikləri vəsait lazımı istiqamətdə xərclənəcək”.

İlahiyyatçı Elşad Miri Lent.az-a açıqlamasında bildirir ki, ödənişlərin həyata keçirilməsi üçün mexanizm olmalıdır:


“Ödənişin hansı üsullarla olacağı haqda cəmiyyətə məlumat verilməyib.  Düşünürəm ki, mexanizm düzgün qurulsa, mümkündür bunu etmək.  Çünki bu gün yaşlı insanlar belə kartdan istifadə edir. Amma bir məsələ var ki, biz o mexanizmdən hesabat tələb edə biləcəyikmi?

Deyək ki, biz onlayn ödəniş etdik. Biz hardan bilək ki, onlar da bunu onlayn şəkildə qəbul edəcəklər və ya nəğdləşdirərək haralarasa yönləndirəcəklər. Bunu kimlər edəcək, insanlar istədikləri vaxt bunu görə biləcəkmi?

Bu suallar müsbət cavabını taparsa, düşünürəm ki, nəzirlərin onlayn qəbul edilməsində şəffaflıq təmin oluna bilər”. 

Millət vəkili Fazil Mustafa Lent.az-a bildirir ki, bu cahillərin ortaya atdığı fikirdi:

“İslamda nəzir qutusu anlayışı yoxdu. Gör biz nə gündəyik ki, nəzir qutusu anlayışını qanuniləşdirmişik”. 


Millət vəkili  Ceyhun Məmmədov mediaya açıqlamasında bildirib ki, ianələrin elektron qaydada toplanmasının uğursuz olacağı barədə fikirlər əsassızdır. Onun sözlərinə görə, burada hər hansı çətinlik olmayacaq:

"Əgər 20-30 il əvvəl kimsə desəydi ki, bütün ödənişlər elektron qaydada həyata keçiriləcək, insanlar təəccüblənərdi. Amma elektron texnikanın inkişaf etdiyi bir dövrdə bunu mümkünsüz saymaq ancaq kiminsə şəxsi maraqlarına xidmət edə bilər. Həmçinin ödənişin yalnız elektron qaydada qəbulundan söhbət getmir. İanələr elektron yolla yanaşı, nağd formada da qəbul ediləcək. Kim istəsə məscidlərə gedib birbaşa ianə edə biləcək”.

Onun fikrincə, vətəndaşlar həmişə şübhə ilə yanaşırdılar ki, bu ianələr hara gedir. Belə bir sistemin işə düşməsi bu şübhələrə son qoyacaq. Bununla vətəndaşa etdiyi ianənin hara xərcləndiyi barədə məlumat verilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Aytəkin Cəlali

Oxşar yazılar