Necə göz yumaq, cənab müşavir? – “Uşaqlar baxmasınlar” - REPLİKA
19 noyabr 2025 14:03 (UTC +04:00)

Necə göz yumaq, cənab müşavir? – “Uşaqlar baxmasınlar” - REPLİKA

3

Efirdə son zamanlar yaşanan biabırçılıqlara görə cəmiyyət ayağa qalxıb, deyəsən, bircə məsuliyyət sahibləri göz yumurlar. Tənqid gələndə isə Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyir ki, “Efirdəki proqram uşaqların tərbiyəsini pozursa, baxmasınlar”. Sanki məsələ efirdəki rəzillikləri təmizləmək yox, onları görməməyə məcbur olunmaqdır.

Uşaqların tərbiyəsi pozulur? Problem deyil, kanalı dəyişin, məsələ həll olunsun. Cəmiyyət çirkab kontenti tənqid edir? qoy, pultu basmağı öyrənsinlər. Ən gülməlisi isə odur ki, mədəniyyətə cavabdeh olan qurum mədəniyyətin pozulmasından narahat olmaq əvəzinə, “baxmayın, bitsin” məsləhəti verir. Yəni yanğın var, amma “yanğını söndürmək bizim işimiz deyil, siz bir az kənara çəkilin, özü sönər” prinsipi ilə davranırlar. Elə bil, ağrı üçün həkimə gedirsən, o da, əlini-qolunu sallaya-sallaya deyir ki, ağrın varsa, fikir vermə, keçər. Nə gözəl, məsuliyyətdən yayınma “məktəbi” açılıb.

Sanmayın ki, efirdə sosial problemlər işıqlandırılır, xeyr, burada boşanma meydanı, qayınata təhqiri, qonşu söhbəti, kim-kimin arvadına nə dedi marafonu var. Hansısa əlinə mikrofon alan “müğənni” çıxıb, bayağı musiqini oxuyub, zövqümüzü pozmaqla kifayətlənmir, dilimizi də məhv eləyir. Bir-birinə oxşayan simaların absurd bəstəkarlıq “əsəri” olan mahnıları qulağımızı qanadır. Hələ də, doğan və doğulan sözlərinin mənasını bilmədən, dərk etmədən musiqiyə çevirib, oxuyub, gülünc duruma düşürlər. “Mədəniyyət işçi”ləri efirə çıxıb, evli adamla yaşayıram, deyirlər. 5 dəqiqə keçmir o evli şəxdən efirə gül buketləri, mənzil, avtomobil açarı göndərilir. Təsəvvür edin, bunlara baxan yeniyetmə nə düşünəcək? Deməli, yaxşı yaşamaq üçün bu cür həyat sürmək lazımdır. Deməli, oturduğun yerdən evinin və avtomobilinin olması, sənə gül buketlərinin gəlməsi üçün kiminləsə, qeyri-rəsmi münasibət qurmalısan. Bütün bu halların qarşılığında “tərbiyəni pozursa, baxma”,-eşidirik. Mən baxmayım, sən baxma, bəs sonra? Baxılmayacaqsa, onda o verilişlər niyə və kimə lazımdır? İnsanlara xidmət etməyəndən sonra niyə yayımlanır?  Tamaşaçı da çörəyini qoyub kənara, ağzı açıq bunlara baxır. Uşaq da görür ki, valideyni gözün zilləyib dava-dalaşa, düşünür ki, doğrusu budur. Hörmətli müşavirimizə görə də, problem burdadır: sən baxma. Baxma, bitsin. Görmə, yox olsun. Sanki dövlət televiziyası yox, “gözünü yumub keç” MMC-dir. O zaman digər qurumlar da çıxıb desin ki, yollarda tıxac var? Evdə otur. Qiymətlər qalxır? Ac qal. Hava çirklidir? Nəfəs alma. Nə gözəl məntiqlə yaşayıraq. Məsuliyyət götürməmək kursu lap pulsuzdur ki...

Televiziyanı tənqid etmək olur, amma onu düzəltmək olmurmu? Cəmiyyət narahatdır. Əgər hər bir problemə bu yanaşma olacaqsa, onda ölkədə ən rahat işləyən sahə elə media olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 3388

Oxşar yazılar