Namus niyə ancaq qadınlara kəfən olur? - Düşüncələr dəyişməsə günellər çox olacaq
18 avqust 2023 16:46 (UTC +04:00)

Namus niyə ancaq qadınlara kəfən olur?- Düşüncələr dəyişməsə günellər çox olacaq

İki gün öncə Salyan rayonunda ailə faciəsi yaşandı. 25 yaşlı Günel Quliyeva əri tərəfindən qətlə yetirildi. Ölümündən bir neçə saat öncə sosial şəbəkədə videomüraciət edən Günel əri və onun ailəsi tərəfindən incildildiyini, təhqir edildiyini deyib, 10 gün əvvəl sirkə içərək intihara cəhd göstərdiyini söyləyib. Amma yatanların ayılması üçün bu bəs etməyib. Polis də, valideynlər də molla kimi ölüm baş verəndən sonra gəlib.

Günel Azərbaycanda bu il əri tərəfindən öldürülən necənci qadındır? Statistikanı bilmirəm, rəqəmlərin üzü soyuq olur. 5, 10, 15. Amma kimsə bu rəqəmlərin arxasında dayanan hıçqırıqları, körpə qorxularını, göz yaşlarını, özünü öldürəcək qədər ağır olan zülmləri, əzabları görmür. 

Günellərin öldürülməsinə səbəb nədir? İlk növbədə cahil, gəlinin evə qulluqçu, söz eşitmək üçün gətirilmiş səssiz, lal bir varlıq olmalı olduğunu düşünən beyinlərdir çiçək kimi qızlarımızı solduran. 

Güneli “üstünə namus ləkəsi atarıq, uşaqlarını əlindən alarıq” deyərək, susdurublar. Necə namusdursa ancaq qadınların boynuna biçilir, kəfən olur. Bu gün Ucarda  gənc bir oğul anasını o namus üstündə boğaraq öldürüb, Günelin də səsini içinə salıb, dərdini içində çəkməyə məcbur edən o namus qorxusuydu. Qız ərə gedir, ər evindən kəfəni ilə çıxar deyənlər, haqlısınız, qızlarınız o evdən elə kəfənlə çıxırlar. Vaxtsız-vədəsiz. Min əziyyətlə övlad böyüt, onu gəlin köçür, hansısa axmaq düşüncələrə görə qurban verilsin.

“Boşanıb adımızı biabır edəcək” düşüncəsilə ər arvadını öldürür, atalar-analar qızlarına sahib çıxmaq əvəzinə “səbrini bas otur” deyir. Sonu da belə. Sonrakı peşmanlıqlar, ah nalələr nəyə yarayır?

Dəyişməliyik. Dəyişməli olan cəmiyyət olaraq bizim düşüncə tərzimizdir. Boşanan hər qadın namussuz qadın deyil, onun haqqında bilmədən, görmədən  əxlaqsız fikirlər üyüdüb yayanlar, boşanmış qadını əxlaqsız xəyallarının bəzəyi kimi görən kişilər, onları hər an özlərinə rəqib bilib haqlarında qara-qara danışan qadınlardır namusu olmayanlar. Bir qadını canından bezdirib ölümə sürükləməkdir, iftira atıb ev yıxmaqdır, başqasının çörəyinə bais olmaqdır, yetim malı yeməkdir, ayaq altı qazımaq, başqalarının həyatına burnunu soxub tələlər qazmaqdır namussuzluq. Bir gəlini ac saxlamaq, ona-buna möhtaz eləmək, balasından şantaj aləti kimi istifadə etməkdir ən böyük namussuzluq. Kişi ağacdır, qadın sarmaşığı. Kişi ucalarsa qadın ucalar, kişi sürünərsə, qadın da sürünəcək. Boşanmaq, davam etdirə bilmədiyin ailə həyatını yarıda qoyub fərqli seçim etmək xəta deyil. Buna Allahın kitabında icazə verilib, ay azərbaycanlı bəndə, ay türk qanı daşıyan kişi, sən niyə özündən ərəb icadları çıxardırsan? 

Namus əslində insanların qıçlarının arasında yox, düşünmək üçün verilmiş beyinlərində yerləşir. Onu da mövhumat, mentalitet, yaxşı oğlan, “el-oba nə deyər?”, “qohum qonşudan ayıbdır” kimi fikirlərlə yükləyib işləməyə qoymur bir çoxları. Beynini işlətməyən insansa ən vəhşi heyvandan daha qorxunc, daha təhlükəlidir. Düşüncələrimizi dəyişək ki, günellər ölməsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6717
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar