Sağalmaq, hansısa xəstəliyin çıxıb getməsi deyil.
Sağalmaq, onun qayıtmamasıdır.
Və o qayıtdı...
*
Mən bu namərd xəstəlik barəsində çox sonra xəbər tutmuşdum. Özü də təsadüfən. 2014-cü ilin apreli idi, deyəsən. Sosial şəbəkələrdə Sabunçu xəstəxanasına 3 yaralı əsgərin gətirildiyini, təcili qan lazım olduğu barədə xəbərlər yayıldı. Həmin gün növbətçiydim, işdə. Dərhal icazə aldım. Qan qrupum yaralı əsgərlərdən biri ilə uyğun gəlirdi. Sabunçuya məni redaksiyanın sürücüsü Elnur gətirdi.
- Cəddim kömək olsun, müəllim, verin gəlin, burda gözləyirəm.
Qan verdim. Amma damardan ilkin müayinə üçün götürülən qanda şəkər aşkarlandı. Tibb bacısı elə beləcə də demişdi o vaxt.
- Sizdə yüksək şəkər var.
Şəkər… Tanış mərəz idi nəslimizə. Bu namərd anamı 54, dayımı 52, bir xalamı da 55-ə az qalmış əlimizdən almışdı. Və indi mən özüm bu namərdlə üz-üzə qalmalı olmuşdum.
Qayıdanda Elnur ürək-dirək verirdi.
- Müəllim, boş şeydi. Pəhrizini gözlə, qorxusu yoxdu.
*
Yaxşı məsləhət idi. Amma bizim işimizdə nə pəhriz, nə vaxtında dava-dərman? Unutdum şəkəri. Amma o unudardımı heç?
*
Yavaş-yavaş yeyirmiş heç demə… Və bu namərd bir də 2018-də qarşıma çıxdı, özü də pis. 2018 mənim həyatımın ən qorxulu ili olub. Sözün bütün mənalarında. Həmin il keçirdiyim stress və əzablar sözünü demişdi. Şəkər pik həddindəydi.
Ukraynanın Mirqorod şəhərində müalicəyə getdim. Orda isə məni sürprizlər gözləyirmiş: Az sonra geniş infarkt.
O vaxt mənim bütün müalicəmi ƏLAHƏZRƏT DÖVLƏT öhdəsinə götürdü. Dövlətimizin başçısı müalicəmlə bağlı göstəriş verdi. Hər şey yüksək səviyyədə təşkil edildi. Sonradan, haqlı olaraq yazacaqdım: “Mənim sizə bir can borcum var, cənab Prezident!
*
Hər şey qaydasına düşdü. Yenə aktiv jurnalistika, yenə sevimli işim- reportajlar hazırlamaq, jurnalistikaya yeni başlayan uşaqlar kimi saytda oxunma sayına görə, elə həmin uşaqlar kimi sevinmək. Həm də o uşaqları öyrətmək!
Hər şey yerində olanda gözəl olur, elə insan da. Nə fərqi, jurnalist, ya qaynaqçı. Lap elə rəsmxətt müəllimi.
Sonra, Zəfər müharibəsi başladı. Bu dəfə reportaj mövzularımız jurnalistikada olduğum 30 il ərzində dəyişmişdi. Artıq biz Qarabağdan yazırdıq. İşğaldan azad olunan müqəddəs torpaqlarımızdan, orada başlayan dirçəlişdən yazırdıq. Nə gözəl bizlərə.
Amma namərd, sən demə boş dayanmayıbmış bu illərdə. İşini görürmüş. Yavaş-yavaş yeyirmiş, qanımıza hopubmuş. 30 ildən sonra Qarabağda çalınan ilk zəngdən, Zəngilanın Ağalı kənd məktəbindəki ilk zəngdən reportaj hazırlamaq da varmış qismətimizdə. Həmin səfər doğrudan da bir başqaydı. Həm Ağalı, həm də ilk zəngin sədaları altında siniflərə axışan o cocuqlar əslində hansı tarixi günü yaşadıqlarının bəlkə də fərqində deyildilər. Bəlkə elə biz də.
*
Ayağım pis dəymişdi. Daş idimi, qaya parçası idimi, nə idi, əslində fərq də eləməmişdim. Hə, çox pis toxunmuşdu, yaralamışdı. Düzü, adi qızartıdı deyib keçəcəkdim, elə keçmişdim də. Sonradan bu qızartı artmağa başladı. Yara çirk verdi. Mən isə məsuliyyətsizcəsinə “boş şeydir” deyib keçirdim. İşdə hamı “həkimə get, pis şeyə oxşayır” deyirdi. “ Pis adama heç nə olmaz” deyib zarafatlaşırdı dostumuz Ehtiram İlham da. Amma doğrudan da bu pis şey idi, yara böyüyür, qızartı ayağımı bürüyürdü. Artıq qızdırma belə verirdi.
Onda, hə məhz onda təcili yardıma üz tutası olduq. Gələn həkim ilk təzyiqimi yoxladı: 220/110. Havalanmışdı az qala. “Siz bu təzyiqlə necə gəzirsiz?”. Mən sadəcə boynumu büküb susmuşdum. Şikayətimi soruşdu. Ayağımı göstərəndə isə, gözləri kəlləsinə çıxdı. Eynəyini çıxarıb bir anlıq gözlərini yumdu. Dedikləri indiyəcən qulağımdadır.
- Bu nədir belə? Özünüzü niyə bu günə qoymusunuz. İndi sizin şəkəriniz bilirsiniz hardadır? Bəlkə də 400. Təsəvvür edirsiniz, ayağınızı itirə bilərsiniz?
Deyəsən, təsəvvür etməyə başlamışdım… Bircə gün uzatmaq, amputasiya demək. Hə, AMPUTASİYA!!!
*
Və yenə DÖVLƏT! YENƏ DÖVLƏT BABA! TƏBİB və onun təbibləri. Təkcə, təbiblərimi?
Tibbi bacıları, “sanitarka”lar, hətta hər gün palatalara yemək paylayan o gülərüz, xoşsifət xanım.
Bura, Akademik M. Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdiriləndə, sözün həqiqi mənasında canımın hayındaydım, canımla əlləşirdim.
Mərkəzin ümumi şöbəsinin müdiri Ramil Məmmədli 100 ilin dostu kimi qarşıladı. Adam pozitiv, sanki enerji deposudur. Vəziyyətimin nə qədər gərgin olduğunu hiss etdirmədi də. Amma qırımından hiss olunurdu. Üzü gülsə də, gözləri başqa şey deyirdi, mənim qızarıb qaralmaqda olan ayağıma baxanda.
Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş həkimi İsmayıl Mirzəliyev də elə qarşılayır ki, elə bil bir əsrdi yoldaşlığımız olub. Xəstəliyimin tarixçəsini dinləyir. Qeydlər aparır. “Özünü sıxma, müalicə edəcəyik, jurnalist müəllim. Səbirli ol. Bircə ölümə çarə yoxdu”.
Cərrahiyyə şöbəsinin müdiri Ceyhun Babayevi çağırır. Əməliyyatdan təzə çıxıb doktor. Ayağımı ilkin müayinə edir. Açığı, doktorun üzündəki həyəcanı sezməmək mümkün deyil. “Sümüyə keçməyib, şükürlər olsun”.
Bəs sümüyə keçsəydi?
Beynimdən keçən bu axmaq fikri anındaca oxuyur doktor. “Sümüyə keçsəydi...”.
Dərhal, elə bu andaca müalicəyə, özü də intensiv müalicəyə başlanılır. Necə deyərlər, bircə dəqiqə də gecikmək olmaz. Açığını deyirəm, bu yaşıma qədər bircə dəfə də Azərbaycan xəstəxanalarında müalicə almamışam. Kiminsə yanına, ziyarətinə getmişəm. Ondan o yana yox. Və onu da etiraf edim ki, qarşıda burada keçirəcəyim günləri fikirləşəndə az qala başıma hava gələcəkdi. Məni palataya aparan tibb bacısı Aidə xanım ürək-dirək verir: “Tez sağalacaqsan, həkimlərin dediyini elə, ən qısa zamanda ayaqdasan”.
*
Palata tərtəmizdir. Tibb personalı adamın üstündə əsir. İstər tibb bacıları. İstərsə də, sanitar xanımlar. Müalicə isə sadəcə, möhtəşəmdir. Sanki proqramlaşdırılıb hər şey. Müəyyən vaxtda həblər, şəkərin miqdarının ölçülməsi, saysız-hesabsız sistemlər.
Artıq dördüncü gün sarğımı açan doktor Babayevin ümid dolu sözləri.
“Düzəlirsən”.
“Üzüm bu yanadı?”
Zarafat edirəm.
O, isə ciddi şəkildə: “Səbuhi, sən bilmirdin durumun necəydi. Şükür, adlatdıq”.
Hə, necə deyərlər, üzüm bu yanadı. Sağalarıq. Bu insanların, bu şəfa verənlərin hesabına. Dövlətin TƏBİB-in, təbiblərin və gecə-gündüz üstümüzdə əsən o xanımların…
Adlarını çəkməsək, günah olar. Tibb bacıları - İradə , Natalya, Nata, xanımların, Səadət və Qızbəs bacıları, Aynur və daha kimlər. Adlarını unutduqlarım, günahımdan keçin. Bu komandaya görə, var olun Rauf doktor, Rauf Ağayev.
Hə, bir də TƏBİB-in ictimaiyyətə və mediaya açılan qapıları: Zamirə Ədilova və Hicranə İsmayılova, diqqətinizə görə, var olun.
Tam səmimi deyirəm, müalicə üçün İrana, Turana getməyə ehtiyac yoxdur.
Azərbaycanda kifayət qədər savadlı və işinin peşəkarı həkimlər var.
Və ən əsası TƏBİB var.