Bakı şəhəri 157, 158, 267, 307, 309 nömrəli məktəblərin birgə təşkilatçılığı ilə 31- Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Həmrəyliyimizin Qələbəsi” adlı videokonfrans keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə məktəb rəhbərləri, müəllim və şagirdlər iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra 158 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Nəzakət Cəfərova konfransı açıq elan edib.
Konfrans iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müzəffər ordumuzun şücaəti nəticəsində qəhrəmanlıq tariximizin yeni şanlı səhifəsi yazılıb.
Konfransda iştirak edən Milli Qəhrəman general Polad Həşimovun oğlu atasının xatirələrindən danışıb. Daha sonra şagirdlər hazırladıqları şeir və musiqi nömrələrini təqdim ediblər. Sonda müxtəlif xarici dillərdə bütün dünya azərbaycanlılarına təbriklər ünvanlanıb. Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət dilənib.