Dördayaqlı dostlarımız, həyat qurtaran itlər barədə danışacağıq.
Ən çətin anımızda yanımızda olan vəfalı dostlarımız xüsusi təlim gördükdə əvəzolunmaz rol oynayırlar. Mütəxəssislərin də dediyi kimi, bir xilasedici it peşəkar olmayan yüz adamın işindən daha çox fayda verir.
Lent.az-ın müsahibi Fövqəladə Hallar Nazirliyinin 99 /75 saylı Kinoloji Taborunun Kinoloji Qrupunun rəisi kapitan Aslan Orucovdur.
- Cənab kapitan, mərkəzinizdə neçə it təlim görür?
- Sayını demək istəməzdim. Amma yetərincə təlim görmüş itlərimiz var. Onlara əsasən, canlı insanların, cəsədlərin, partlayıcı maddələrin axtarışı, strateji su hövzələrinin mühafizəsi və minaların tapılması istiqamətində təlim keçirik. Qarabağ azad edildikdən sonra minalanmış ərazilərin təmizlənməsi üçün mina axtaran itlərin yetişdirilməsi məsələsi gündəmə gəldi. Hazırda Ağdam istiqamətində mina axtaran qrupumuz işləyir.
- Bir iti yetişdirmək, peşəkarlaşdırmaq üçün nə qədər müddət tələb olunur?
- İtin təlim alması uzun və maraqlı prosessdir. Biz öncə damazlıq şöbələrdə cins itlərdən alınmış yaxşı xarakterli, psixikası güclü itləri seçirik. İki aylıq olduqdan, ana südündən ayrıldıqdan sonra balalar kinoloqlara, öz təlimçilərinə təhkim olunurlar. 7 ayına kimi küçüklər sosiallaşma dövrü keçirlər.
- Bu necə olur?
- Bu itlər xilasedici olduqlarına görə, gələcəkdə insanların içərisində işləyəcəklər. Yəni onların xidməti yeri hava limanlarında, avtovağzallarda, insanların kütləvi toplaşdığı ərazilərdə olur. İnsanlara, səs-küyə, yüksək təzyiqli nasosların, motorların səsinə, helikopter və təyyarələrə, yanğına, alova, ümumiyyətlə, hər bir fövqəladə hala hazır olmalıdırlar. Onları insanların çox olduqları yerlərdə gəzdiririk ki, alışsınlar.
- Amma sadə insanlar bunu görmürlər...
- Mülki geyimdə edirik bunu. Çünki uniformada yanında itlə gəzən əməkdaş yəqin ki, insanlarda gərəksiz həyəcan, xof yaradar. Küçük 7 aylıq olana qədər həm sadaladığım şəraitə alışır, həm də təlim-tərbiyə prossesi keçir. 7 aya çatanda artıq təlimatçının əmrlərini başa düşürlər.
- İtlər əsasən hansı dildə komanda alırlar?
- Hamı elə bilir ki, itlər mütləq alman və ya rus dilində komanda almalıdır. Belə deyil. Hansı dildə öyrətsək, onu başa düşəcəklər. Vaxtilə Rusiyadan, Ukraynadan damazlıq itlər almışdıq, onların ilkin təlimləri rus dilində idi. Son damazlıq itlərimizi 2012-ci ildə almışıq. Ondan bəri öz itlərimizi yetişdiririk. Yaxşı iş keyfiyyəti olan itlər əldə edirik.
- Dediniz psixikası güclü olan itləri seçirsiniz. Bunu necə anlayaq?
- Birinci onu deyim ki, itlər də insanlar kimi dörd psixoloji tipə ayrılırlar. Sanqvinik, melanxolik, xolerik və fleqmatik. Melanxolik və fleqmatik itlər xidmətə yaramırlar. Sanqvinik itlər daha oynaq, tez əsəbiləşib, tez sönən itlərdir, oynamaq və ovlamaq qabiliyyətləri çoxdur. Onlar xilasetmə işlərində daha yararlıdırlar. Xolerik itlər tez qəzəblənir, qəzəbləri gec soyuyur, reaksiyaları güclüdür. Daha mübarizdirlər. Belə itlərdən mühafizədə istifadə edirik. Ov marağı güclü olan itləri seçirik.
- Hər xidmət üçün itlər fərqli yetişdirilir?
- Bəli. 2 ay olduqdan sonra küçük öz xidmət sahəsinə uyğun ərazilərdə sosiallaşır. İt seçimi önəmlidir. Məsələn, insan axtaran itlər dağlarda, meşələrdə, uçqunlarda axtarış aparacaq deyə buna uyğun heyvanlar seçmək lazımdır. Meşədə uzun tüklü itlərə işləmək asan olmaz, tükləri ilişib qalacaq, dağlarda əksinə qalın, sıx tükü olan itlər işləməlidir ki, üşüməsinlər. Uçqunlara, ağır çəkili itləri göndərmək doğru olmaz. Daha balaca, yüngül itlər dağıntılar altında daha rahat işləyirlər. Labrador dağda daha rahatdır, çünki piy qatı qalındır. Dobermanlar soyuqda üşüyürlər və s. İş prinsipləri də fərqlidir. Mina axtaran itlər partlayıcı maddəni görən kimi sakitcə dayanırlar, hətta hürmürlər, çünki səs dalğası partlayışa səbəb ola bilər, insan axtaran itlər isə axtardığını tapan kimi hürür və həmin ərazidə oturub gözləyirlər. Cəsəd axtaran itlər tapan kimi torpağı eşməyə başlayırlar .
- Təlimli xilasedici itləri neçəyə almaq olar?
- Bizim üçün hər bir itin dəyəri var. Biz almırıq, özümüz yetişdiririk. Amma alan qurumlar var. Misal üçün ANAMA Bosniyadan, Macarıstandan, ABŞ-dan müharibə zonalarında xidmət keçmiş itlər alıb. Belə minaaxtaran itlərin 20 min, 30 min dollar qiyməti olur. Qiymət verərkən itin yaşına, iş qabiliyyətinə, xarakterinə baxılır.
- Bu itlərin iş qabiliyyəti genetik ötürülür?
- İtlərin adətən şəcərəsi olur. Biz xidməti itlərimizin anasını, atasını, hətta ulu babasını da qeyd edirik. Xüsusi cins və xidməti olan itlərin cütləşmədən alınan balalar güclü qabiliyyətə sahib olurlar.
- Hər növ iti alışdırmaq olur təlimə?
- 3 növ itə daha çox üstünlük veririk. Belçika ovçarkaları (Malinua), alman ovçarkaları, labradorlar. Labrador ov tulasıdır, bütün ov tulaları xidmətə yarayır. Rus tulaları, Sraniel, Yak Russell Terrier cinsli itlərdən də istifadə edirik.
- Yalnız itləri əhliləşdirirsiniz? Bir xəbər eşitdik ki, minalardan təmizləmə əməliyyatları üçün Azərbaycan xaricdən siçovullar alacaq...
- Bizdə yalnız itlərdən istifadə olunur.
- Narkotik axtaran itlərin 6 ay sonra burnu iybilmə qabiliyyətini itirir deyə eşitmişdim. Bu düzdür? Mina axtaran itlərdə də belə olur?
- Biz narkotik axtaran itlər yetişdirmirik. Amma yanlış məlumatdır. Narkotik və partlayıcını itlər eyni üsulla axtarırlar. Partlayıcı maddələr də kimyəvi tərkibdən ibarətdir, yüksək iybilmə qabiliyyəti tələb edir. Bizim 13 yaşına qədər partlayıcı axtaran itimiz olub.
- Bir təlimatçının yetişdirdiyi it başqa təlimatçının komandasını qəbul edir?
- Adətən itlər bir təlimatçıya öyrəşirlər. Lakin istisna hallar da olur. Çünki itin sahibi müəyyən səbəblərdən işdən ayrılarsa, o itlə başqa təlimatçı işləməlidir. Buna görə hər gün ümumi iş aparılır ki, bir it bir neçə adamla işləyə bilsin. Ümumiyyətlə, itlər ömürləri boyu yeni-yeni təlimlər alırlar.
- İtin psixikasından danışdıq. Təlimatçısına öyrənmiş itlərin onlardan ayrı düşdükdə depressiyaya düşdüyü olur?
- Bəli. İtlər çox sadiq, vəfalı heyvanlardır. Sahiblərini çox sevirlər. Həm də təlimatçının xarakterindən də asılıdır. Bizim bir təlimatçımız var idi, səhhəti ilə əlaqədar işdən ayrılmalı oldu. Onun itləri başqa heç kimlə işləmək istəmirdilər. Bir it xüsusən depressiya keçirdi. Çox gözəl hazırlanmış itdir. Sahibi olan müddətdə heç kimin komandasını eşitmirdi. Artıq başqa təlimçiyə vermişik, alışdırırıq.
- Xüsusi qidalar verilir? Nə yeyirlər?
- Xüsusi şəraitdə yemək hazırlamaq olmur deyə quru it yeməkləri veririk. Amma yemək saatlarını dəyişirik. Çünki iş başında yemək saatının gəldiyini hiss edən it, işi buraxıb yeməyini düşünə bilər.
- Türkiyəyə, zəlzələ bölgəsinə neçə it göndərmisiniz?
- 8 baş. 3 cəsəd axtaran it, 5 xilasedici göndərmişik. Bir xidməti it 100 qeyri-peşəkar adamdan çox və faydalı iş görə bilər.