Mətbuat Şurasının Dil Komissiyasının tərkibi yenidən formalaşdırılıb-FOTO
09 yanvar 2026 16:08 (UTC +04:00)

Mətbuat Şurasının Dil Komissiyasının tərkibi yenidən formalaşdırılıb-FOTO

0

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin 2026-cı ildə ilk iclası keçirilib.

MŞ-dan Lent.az-a verilən xəbərə görə, sədr Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizin qorunmasının vacibliyini vurğulayıb.

Rəşad Məcid rəhbərlik etdiyi qurumun noyabrın 7-də bununla bağlı Medianın İnkişafı Agentliyi ilə birgə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirdiyini xatırladıb.

Şura sədrinin sözlərinə görə, Agentlik sözügedən konfransa dair xülasə hazırlayıb ki, bu sənəd, həm ana dilimizin qorunması ilə bağlı çağırış əhəmiyyəti daşımaqdadır, həm də görüləcək işlərin parametrlərinə sistemli baxış nümunəsidir.

Rəşad Məcid bildirib ki, Şuranın İdarə Heyətinin 2025-ci ildə keçirilmiş son iclasında da Prezident İlham Əliyevin fikirlərindən irəli gələn məsələlər müzakirə edilib və müvafiq olaraq Mətbuat Şurasının Dil Komissiyasının tərkibi yenidən formalaşdırılıb. Komissiyanın sədri İH üzvü, “APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı seçilib. Qurumun tərkibində İdarə Heyətinin digər üzvlərindən - “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin təmsilçiliyi məqbul sayılıb.

MŞ sədri rəhbərlik etdiyi qurumun Dil Komissiyasının bu gün keçiriləcək genişləndirilmiş iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı daha geniş müzakirənin aparılacağını, konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini vurğulayıb.

Müzakirələrdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Hacıyevin (Tofiq Müzəffəroğlu), AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərovun, əməkdar artist, tanınmış teleaparıcı Nərgiz Cəlilovanın, İTV telekanalının aparıcısı Vüsalə Məmmədovanın da komissiyaya üzvlüyü təsdiqlənib. Həmçinin, APA İnformasiya Agentliyinin redaktoru Nadir Yalçın qurumun katibi seçilib. Beləliklə, Şuranın Dil Komissiyası sədr Vüsalə Mahirqızı, sədr müavini Seyfənddin Hüseynli və katib Nadir Yalçın olmaqla, ümumilikdə 12 nəfərdən ibarət olaraq təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1851

Oxşar yazılar