“Bakıdan bir oğlan gəlmişdi. Deyəsən, QHT-çi idi. Xəstəxananı görmək istəyirdi. Nə qədər “getmə” desəm də, qulaq asmadı. Getdi. Üstündən 6 ay keçmədən öldü”.
Çeyildağ qəsəbəsindəyik. Bakının mərkəzindən çox-çox uzaqlarda yerləşən Respublika Cüzəm Xəstəxanasında...
Lent.az 3 min illik tarixi olan cüzəm xəstəliyinin sorağı ilə yola çıxdı. Bu xəstəlik hərəni bir yaşda yaxalayır - kimini uşaqlığının, kimini də gəncliyinin, kimin isə qocalığının qorxulu yuxusuna çevrilir.
Cürüyən bədən, itirilən hissiyyat, ölümü gözləyən insanlar. Sümükdə ərimə, əzələ qrupunun nazikləşib yox olması, görmə qabiliyyətinin itirilməsi...
“Cüzəm” deyəndə gözümüzün qarşısında təxminən belə bir xəstəlik canlanır. Əsrlərdir insanların qorxub, çəkindiyi bu xəstəlik günümüzə qədər gəlib çıxan ən dəhşətli infeksiya hesab olunur. Cüzəm insanda yaranan xroniki infeksion xəstəlikdir. Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılmışdı.
Səngəçaldan ucu sanki sonsuzluğa doğru Ərəbistan səhrasını xatırladan yol ilə getdikcə xəstəliyin nə dərəcə qorxulu olduğunu anlayırıq. Çünki infeksion xəstəlik olduğu üçün şəhərin mərkəzindən kənarda tikiblər.
Yolun yarısında bizi qəsəbənin icra nümayəndəsi Akif Cavadov qarşılayır. Onun sözlərinə görə, xəstəxana 1956-cı ildə tikilib:
- Cüzəm xəstəxanası 1955-ci ilin sonu, 1956-cı ilin əvvəlində tikilib. Qorxulu xəstəlik olduğu üçün şəhərin mərkəzindən kənarda yaradıblar. 70 ildir ki, burdadır. Keçmiş SSRi-də bir də Həştərxanda olub bu xəstəxanadan.
Bir dəfə Almaniyadan ər-arvad gəlmişdi. Onlar da xəstəxana üçün yaxşı sərmayə qoymuşdular. İndi xəstə sayı çox deyil. Keçmişdə 200 nəfərdən çox idi. İndi 10 nəfər qalar, ya qalmaz. Bilirsiniz, həm sağalmaz, həm də qorxunc xəstəlikdir.
Bildiyimiz qədər, 7 dönən arxada bu xəstəlik özünü büruzə verir. Ola bilər ki, oğlunda, nəvəsində olmasın, nəticəsində çıxsın. Bu bilinməz xəstəlikdi. Amma axır-əvvəl nəsildə kimdəsə özünü göstərir.
Akif müəllim deyir ki, xəstələri görən cavan oğlan 6 ay keçmədən öldü:
“Bir dəfə Bakıdan QHT nümayəndəsi gəlmişdi. Cavan oğlan idi. Xəstəxanaya baxmaq istəyirdi. Dedim ki, getməsin. Nə qədər başa saldım. Getdi. Görəndən sonra necə pis oldusa, allergiya verdi. Üstündən 6 ay keçmədi ki, həmin adam rəhmətə getdi.
Biz amma öyrəşmişik. Qəsəbə sakinindən 20-dən çoxu illərdi orda işləyir. Elə xəstə olan valideynlər var ki, övladları sağlamdır”.
İcra nümayəndəsi xəstələrin əvvəllər qəsəbədə gəzmələrinə baxmayaraq, indi qapalı ərazidə saxlanıldığını vurğulayıb:
“Bir zamanlar həmin xəstələr qəsəbəyə su üçün gəlib-gedirdilər. Amma indi tamamilə qapalı ərazidə yaşayırlar. Ancaq xəstəxanada işləyənlərlə ünsiyyətdə olurlar. Keçmiş zamanda onların sözləri keçirdi. İstədikləri müğənnini gətirdirdilər. Zeynəb Xanlarova, Rübabə Muradova və s. Biz gilas yemək üçün yayı gözləyirdiksə, onlar qışda gilas yeyirdi”.
Kiçik evlər, ipdən asılmış paltarlar, üzləri bağlı xəstələr...
Budur, xəstəxananın qapısındayıq. Bizim gəldiyimizi görən xəstəxana nəzarətçisi bütün qapıları bağladı. Baş həkimin gəlməsini gəzləyirik. Bu müddət ərzində xəstəxananın həyətinə diqqət edərkən müxtəlif meyvə ağaclarının yetişdiyini görürük.
Balaca evlər qarşısında ipdən asılmış paltarlar var idi. Çox uzaqdan da olsa, xəstələrin biri gözümüzə sataşır. Üzü bağlı, “göydən alovun yağdığı” saatda qollu paltarda...
Akif Cavadov deyir ki, həmin ağacların hamısını xəstələr əkib:
- Bu ağacların, meyvələrin hamısı xəstələrin əlinin zəhmətidir. Hamısını onlar əkib. Bu bir növ onlara psixoloji terapiyadır.
Bir neçə dəqiqə sonra baş həkimi Vidadi Əliyev xəstəxananın darvazasına yaxınlaşır. Xəstəliyin yoluxucu olması səbəbi ilə onlara yaxınlaşmamağı tövsiyə edir. Söhbətləşmək üçün Vidadi Əliyevin otağına keçirik.
Respublika Cüzam Xəstəxanasının baş həkimi Vidadi Əliyev xəstəlik barədə yazılan məlumatlardan şikayətlənir:
- Bəziləri var ki, bu xəstəlik barədə ağlına gələni yazır. O gün oxuyuram internetdə. Yazıblar ki, cüzəm xəstəliyi irsidir. Yaxşı, bu irsidirsə, biz niyə onları qapalı ərazidə saxlayırıq? Bu infeksion xəstəlikdi. Yoluxmamaq üçün bu qapalılığı qorumaq lazımdır. Bunun hesabına biz yavaş-yavaş bu xəstəliyi ölkəmizdən yox edirik.
Cüzəmin etalogiyasında yazılır ki, bu xəstəlik hava-damcı yolu ilə başqa bir insana ötürülür. Amma təcrübələr, praktikalar bir qədər bunu təsdiqləmir. Çünki dünya praktikası göstərir ki, xidməti vəzifəsini yerinə yetirən adamlar içərisində yoluxmaların sayı o qədər cüzidir ki, əgər buna hava-damcı yolu ilə keçir demək olsaydı, bu rəqəmlər çox yüksək olardı.
O, cüzəmin insanda özünü 15-20, hətta 50 il sonra büruzə verdiyini açıqlayır:
- Hər kəsin ağciyərində vərəm çöpləri var. Amma o demək deyil ki, hər kəs vərəm xəstəliyinə yoluxub. Eləcə də cüzəm də. Bu xəstəlik vərəmlə qardaş-bacıdılar, sanki. Yəni cüzəmin çöpləri hər bir insanın orqanizminə düşmüş də olar, düşə də bilər. Amma o demək deyil ki, mütləq xəstələnməlidir. Qeyd edim ki, bu böyük bir riskdir.
Burda bir məqam var. Vərəmlə cüzəm qardaş-bacı olmasına baxmayaraq, vərəmin əlamətləri qısa vaxtdan sonra insanda özünü büruzə verir. Amma cüzəm xəstəliyində belə deyil. Bu çox gec özünü göstərir. 20, 15 hətta 50 il çəkə bilər. Cüzəm də vərəm kimi vaxtında “mən varam” deyə bilsə, biz onu çox keçmədən söndürə bilərik. Lakin elə deyil. Cüzəm daxildən hər şeyi məhv edəndən sonra özünü göstərir.
Cüzəmi 100 xəstəliklə səhv salmaq olar…
- Bu xəstəliyin simptomları müxtəlif istiqamətlərdə olur. Çox vaxt görmə sinirini zədələdiyi üçün gözdə zəifləmə başlayır. Amma ən birinci bədəndə səbəbi, mənşəyi məlum olmayan ləkələrlə başlayır. Daha sonra bədəndə şişkinliklər. Daha çox allergik şişkinlərə oxşadığı üçün insanlara ona çox da fikir vermir. Amma bu xəstəliyin differensasiyasında 100 xəstəliklə qarışdırmaq olur. Həkimlər çox vaxt yanlış diaqnoz qoyurlar.
23 il ərzində 3 xəstə…
- Mən 23 ildir ki, burada çalışıram. Bu illər ərzində 3 nəfər bu xəstəlik diaqnozu ilə xəstəxanamıza yerləşdirilib. Bizdə bu xəstəliyə yoluxma çox cüzi miqdardadır.
Bir dəfə Hindistanda elmi ezamiyyətdəydim. Orda bir bazara girdim. İnanın, bu xəstəliyin iyini hiss etdim. Cüzəm xəstələrində sinirlər zədələndiyi üçün bədən üzvlərində ərimə gedir. Özlərindən asılı olmadan cürüyürlər. Elə Hindistanda bazarda da cürümüş ət iyini hiss etdim. Soruşdum, dedilər ki, qarşıda oturanların ayaqları yoxdu. Hamısı cüzəm xəstəsidir.
Bizim ölkə bu xəstəliyin son mərhələsindədir. Bir gün elan edəcəyik ki, bu xəstəlik Azərbaycan Respublikasında yoxdur.
Bəs, cüzəm xəstəliyinə yoluxmuş şəxslər nə qədər yaşayırlar?
- Əgər başqa xəstəliklərdə problemi yoxdursa, adi insandan daha çox yaşayırlar. Bunun səbəbini də deyim. Cüzəm xəstələrinin qəbul etdiyi preparatların içərisində “Dapson” adlı dərman var. Mütəxəssislər bu dərmanın uzun ömürlülük yaratdığını mühakimə edirlər. Bu dərman mikrobun bölünüb çoxalmasının qarşısını alır. Aparılan təhqiqatlar onu sübut edir ki, elə cüzəm xəstələrin çox yaşamasına səbəb elə bu dərmanların qəbul edilməsidir.
Əlləri çürüyübsə, yeməyi …
- Bizim xəstəxanada bu xəstəliyə yoluxanlardan ən kiçiyinin 40 yaşı var. Cüzəmin inkubasiya dövrü 15-25 il arasındadır. Bəzən 50 il də çəkə bilər. Adətən, yoluxma ehtimalı uşaqlarda daha çoxdur. Çünki onlarda immun sistemi formalaşmayıb.
Bəzi mənbələr yazır ki, bu xəstəlik irsidir. Bir xəstəliyin törədicisi varsa, o irsi ola bilməz. Bu xəstəliyə yoluxanlar evlənirlər də, uşaqları da olur. Hazırda hansının əlləri yerindədirsə, özü yeyir. Hansı ki, xəstəlik ucbatından əllərini itiribsə, əməkdaşlarımız yedizdirir.
Əvvəllər xəstənin sayı çox olduğu üçün bir neçə adam bir yerdə qalırdı. İndi çox az sayda qaldıqlarına görə hərəsinin özünə uyğun evi var. Zaman olub ki, burda gürcüstanlılar, azərbaycanlılar, qarabağlılar məhəlləsi olub. Bu xəstəxanada, təsəvvür edirsiniz?
Vidadi Əliyevlə söhbətimizi bitirib geri qayıdırıq. Xəstəxananın qarşısında təxminən 8-9 yaşlı uşaq bizi gülərək qarşılayır:
- Adın nədir sənin?
- Murad. Sizin bəs?
- Fidan. Nə edirsən burda? Qorxmursan xəstəxanaya gəlməkdən?
- Yox. Bura çox gəlmişəm. Nədən qorxum ki, onlar da bizim kimi canlıdı.
Bəli, balaca düz deyir. Onlar xəstə olsalar da, bizim kimi bir insandılar. Geri qayıdır. Uzun, kimsəsiz yolla…