Gülnarə İnanc
14 fevral 2022 20:15 (UTC +04:00)

Gülnarə İnanc

"Məmurlarla da işləyirəm" - Azərbaycanın ilk KVANT PSİXOLOQU Lent.az-a danışdı

Lent.az Azərbaycanda ilk dəfə kvant şüurunu araşdırmağa başlayan Gülnarə İnancla müsahibəni təqdim edir. 

- Nədir kvant psixologiyası?

- Kvant psixologiyası kvant fizikasından yönəlib çıxan bir qoldur. Amerikan humanistik psixologiyanın qanadlarından biridir. Yəni, düşüncə prosesindən  kənarda yaşanan prosesdir. Bu, o deməkdir ki, fikirlərdən kənara çıxırsan və kainatın bir parçası olursan. Fikirdən uzaqlaşanda insan artıq başlayır ətrafında baş verənləri müşahidə etməyə. Bəzən ağlımıza anidən bir fikir gəlir. Bax o fikrə “bu fikir hardan gəldi?” sualını verdikdən sonra artıq siz cavab axtaracaqsınız ki, həmin fikir sizin özünüzündü, ya başqasının düşüncəsidir. Öz fikir və emosiyalarımızı əlahiddə olaraq anlamayınca, başqalarının fikrini və emosiyalarını özümüzünkü kimi qəbul edirik.
Kvant fizikasına görə hər şey nöqtə və dalğadan ibarətdir (maddə və enerjidən). Bizim bədənimiz və hər bir şeyin ən az hissəsi maddədən ibarətdi. Hər şey dalğa vəziyyətindədi. Biz onu müşahidə edə bilsək, o var. 

Gülnarə İnanc və Aytəkin Cəlali

- Gülnarə xanım, bəs, kvant şüurunu sadə dil ilə necə izah etmək olar?

- Bədənimiz enerjimizin qabıdır. Biz nəyi düşünürüksə, o özü bizim həyatımıza gəlir. Kvant şüuru düşüncə prosesi olmadan yaşamaq deməkdir. Düşüncə prosesindən kənara çıxmaq və enerji sahəsində yaşamaq... ruhla yaşamaq.  Bu çətindi, amma mümkündü. İlk vaxtlar mən də diksinirdim. Təsəvvür edin, beyin bomboş olur və informasiya lazım olan vaxt özü sənə gəlir. 

Kvant şüuru genişlənmək deməkdir. Sonsuz, kainat kimi içəri və kənara genişlənmək. Məndə bir mən var məndən içəri həmin o mənadı. Dinlərdə deyilən Allah da boşluqdur. Allah heç yerdə oturmayıb və o bizim içimizdədi. Kvant psixologiyasında məntiq yoxdu, burada hər şey məntiqdən kənara çıxır.
Nizami, Füzuli, Nəsimi, hürufilər də məntiqdən kənara çıxıb və kvant sahəsinə giriblər. Görüblər ki, Allah elə onların özüdür. Amma onlarda eqo olmayıb ki, mən allaham. Nəsiminin dövründə olsaydıq, indi bizim də dərimizi soyardılar...

Bizlər yığılmışıq deyə belə balacayıq. İndi isə biz yenidən başlayırıq genişlənməyə. Nəsimi yaşasaydı ilk kvant psixoloqu olacaqdı. Çünki bunu hiss etmişdi.

- Kvant psixologiyası ilə insan həyatını dəyişə bilər?

Gülnarə İnanc

- Mən çox kitab oxuyan olmuşam. Amma bir şeyi də deyim ki, çox kitab oxumaqla insanın həyatı dəyişmir. Dünya görüşü, nitqi dəyişə bilər bu qədər... İnsan olaraq ruh dəyişmir. Namaz qılmaq, kilsəyə getməklə ruh dəyişmir.  Ruh o zaman  inkişaf edir ki, bədən çıxır, ruh şüuru ilə yaşamağa başlayır və güclənir.

Kvant psixologiyasında insan ağılla deyil, ruhla, ruhun yaydığı informasiya ilə işləyir. Burada məqsəd insanın özünün özünü görməsidir.
Kvant şüuru gözlə görülmür, yalnız vibrasiyası hiss edilir. Kainatın mərkəzi insandı. Bütün insanlar bir-birilərinin proyeksiyasıdı. 
Kainat saysız reallıqlardan ibarətdir. Biz enerjimizi dəyişməklə bir reallıqdan çıxıb  başqa bir reallığa giririk. Seçim isə bizimdir. Bu reallığı şərti yaxşı və şərti pis deyə adlandıraq. Nağıllarda buna işarələr var: Cırtdanın qarşısında 2 yol vardı: işıq gələn və it hürən tərəf. 

- Dediklərinizdən belə çıxır ki, biz istədiyimiz hər şeyi düşüncəmizlə əldə edə bilərik...

- Hər fikrin, emosiyanın gücü var. Biz onlar haqqında nə qədər düşünsək, bir o qədər güclənəcəklər. Başımız ağrıyan zaman bütün düşüncəmizi ağrıdan ayırıb başqa yerə yönəltsək, baş ağrımız gücsüz qalacaq və keçəcək.  Biz fikrimizi hara yönəldiriksə enerji ora axır. İnsanları 90 faiz şüuraltı idarə edir.  Ola bilər şüur nəyisə istəsin, amma şüur altında insan özünü ona layiq bilmirsə, həmin şey olmayacaq.

Məsələn, mən çoxdandı müsahibə vermirdim. Bir neçə gün idi ki, müsahibə vermək istədiyimi düşünürdüm. Və o anda sizdən mesaj gəldi ki, müsahibə edək...

- Bəs, insan şüuraltı ilə ölümsüz ola bilər?

- 3D-də insan ölümlüdür. Çıx ordan, ölmə, xəstələnmə, qocalma, zəngin ol. Kvant şüuru zaman və məkan fəlsəfi anlayışının praktikasıdır. Kvant şüurunda ətrafında baş verənlər sənin güzgündə əks olunub. Güzgünü sındırmaq, pisləmək yox,  özünü dəyişmək lazımdır. Hamı hökumətdən, ailəsindən, dostundan, cəmiyyətdən və sair narazıdır. Kvant şüurunda şikayət yoxdur, kimisə dəyişmək istəyi yoxdur. Özümü dəyişirəm və dünya dəyişir.

Mən məmurların karyera artımı ilə də işləyirəm. Təbii ki, mənim işlədiyim adamlarla rüşvət almamağı birinci məsələ kimi qoyuram. Hətta elə adamlar var ki, demişəm ki, rüşvət olmaz. Yəni, ruhani inkişafda elə şey yoxdu. Bəzən yazırlar ki, mənə filan şey gətirilib, götürüm? Deyirəm əgər, bir dəstə güldürsə götür yox, ondan artıqdısa rüşvət sayılır. Rüşvət vermək istəmirsənsə vermə. Almaq istəmirsən, alma. İnsanı heç nəyə məcbur etmək olmaz.

- Son olaraq nə demək istəyərdiniz, Gülnarə xanım?

- Ola bilsin Azərbaycanda da kvant şüurunu araşdıran var. Mənim məqsədim isə dünya arenalarıdır. Məqsədlər böyük , ambisiyalı və avantürist olmalıdır. Hər an sevgi vibrasiyalarında olmaq, işıq saçmaq, az danışmaq və sonsuzluğa qədər genişlənmək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10938
avatar

Aytəkin Cəlali

Oxşar yazılar