Məhşur filmin çəkildiyi yerdə DƏHŞƏT: Lent.az  narkoman yuvası tapdı...
09 sentyabr 2022 18:05 (UTC +04:00)

Məhşur filmin çəkildiyi yerdə DƏHŞƏT: Lent.az narkoman yuvası tapdı...

 "Bəxtiyar" filmində maraqlı bir səhnə var. Bəxtiyar klubda komissiya qarşısında “Üzüyümün qaşı” mahnısını oxuyub, insanları gözəl səsi ilə heyran edir. Bax, şəkildə gördüyünüz bu xarabalıq vaxtilə mədəniyyət evi olmuş həmin binadır.

Xətai rayonu ərazisində, Mirzə Davud küçəsinin girişindədir. Bu gün lələ köçüb yurdu qalmış, gözəl günlərin yaşandığı yerdə bayquş ulayır. Bir zamanlar mədəniyyət yuvasıydı, indi narkoman yuvasına dönüb.

 90-cı illərdə bu bina yataqxanaya çevrildi, qaçqın və köçkün ailələri  burda məskunlaşdırıldı. Təxminən 10 il öncə həmin ailələr evlə təmin edilib, burdan köçürüldülər. Keçmiş mədəniyyət evinin uçuq-salxaq binasında bir dəfə yanğın çıxdı, qapı-pəncərələri də kimlərsə tərəfindən sökülüb aparıldı, damsız, qapısız, pəncərəsiz quru divarlarının arası dönüb oldu zibillik.

Həmin ərazidə həyət evlərində yaşayanlar əllərinə keçən zir-zibilləri, məişət tullantılarını gətirib bura atırdılar. 
Bir il öncə şikayət və müraciətlər əsasında İcra Hakimiyyəti göstəriş verdi,  binanın həyətindəki zibillər təmizləndi (içi qaldı- üstü bəzək, altı təzək qaydasıyla), amma yara sağalmadı.

Bina döndü oldu narkomanların yuvası. İndi yanından keçməyə adam ürkür. Gecələr bu xarabalığın içərisində onlarla narkoman hərəsi bir tərəfdə  uyuyub qalır. Gündən-günə sayları artır, sağlam gəncləri də sıralarına qatırlar. Gözdən uzaq, könüldən iraq. 

Mirzə Davud küçəsində 4-5 min sakin yaşayır, adına küçə deyilir, bura əslində bir kiçik qəsəbədir. Küçədə uşaqların əylənməsi üçün yer yoxdur, sakinlər bu binanın sökülüb yerində abad  uşaq meydançası, park salınmasını istəyirlər. Böyük həyəti var. Amma istəməklə deyil ki. Görünür dövlətin balansında olan bu binanın yerinə kimsə gələcək planları üçün göz dikib deyə, oranın elə xaraba şəklində qalmasında maraqlıdırlar. Lap göz dikməsələr belə onu abadlaşdırmaq və ya sökmək əvəzinə, bu şəkildə qalmasında maraqlıdırlar? Niyəsi bəlli deyil.

Məhəllə sakini Minarə Əliyeva deyir ki, dəfələrlə işdən gələndə bu qaranlıq küçədə arxasına narkomanlar düşüb, kimsə qarşılamasa, evinə gedib çıxmağa qorxur. Dəfələrlə məktəbə gedən uşaqların qulağından sırğalarını açıblar, çantalarını götürüb qaçıblar.

Digər sakin Mötəbər Nuriyeva da eyni fikirləri səsləndirir, bura bir çarə edilməsini xahiş edir. Mirzə Davud sakinləri Nihad Abbasov, Yeganə Heydərova, Xalidə Hüseynli, Cəfərağa Dadaşov ərazinin abadlaşdırılıb, gənclərin ağ ölümün əlindən xilasını, ərazidə kiçik bir park salınmasını istəyirlər. Bu qədər insanın asudə vaxtında çıxıb nəfəs alacağı balaca bir abad məkanı yoxdur.

Buranı abadlaşdırmaq böyük xərc tələb eləmir, ağaclar var, xaraba bina sökülsə, yerində çəmənlik salınsa, böyüklər və uşaqlar üçün bir neçə idman qurğusu quraşdırılsa, abadlıq yaradılsa hamı məmnun qalar. İcra Hakimiyyətinin də işinin real nəticəsini görmüş olarıq. Yoxsa "Mirzə Davud"u Allah da unudub, məsul dairələr də. Bir sakin həyətində tikinti işi aparanda məhəlləyə o qədər adam gəlib yasaq tətbiq edir, sayını, hesabını bilmirsən. Bəs küçənin girişindəki bu boyda biabırçılıq, göz dağı, üfunət niyə görülmür?

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7116
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar