Mediada işıqlandırılan problemlər niyə həllini tapmır?  – Məmurların ÜMUMİ CAVABI 
08 sentyabr 2025 17:06 (UTC +04:00)

Mediada işıqlandırılan problemlər niyə həllini tapmır?  – Məmurların ÜMUMİ CAVABI 

0

Son illər  narahatedici bir tendensiya kök salıb. Hansısa ciddi problem mətbuatda işıqlandırılır. Media öz missiyasını yerinə yetirərək problemi gündəmə gətirir, məsul quruma rəsmi sorğu göndərir. Qurumdan isə təxminən belə bir cavab gəlir:

“Bununla bağlı xüsusi işlər görmək barədə müzakirələr aparmaq üçün təxirəsalınmaz tədbirlər planının hazırlanması istiqamətində ciddi addımlar atmağa səylər göstərmək nəzərdə tutulub”.

Qurum cavab verir, amma heç bir cavab almırsan. “Nəzərdə tutulan” bu hər nədirsə qədim və əlçatmaz bir arzu kimi xəbər lentimizdə itib-batır. Məsələn, aylar əvvəl redaksiyamıza “Bakıkart” terminalına qəpik daxil edə bilməyən sakinlərin şikayəti daxil olmuşdu. Aidiyyəti quruma sorğu göndərdik və belə bir cavab verdilər: “Mövcud texniki nasazlıq səbəbindən dəmir pul daxil edilən hissə müvəqqəti bağlanılıb. Problem aradan qaldırıldıqdan sonra həmin hissə açılacaq”.

Başımıza bəla olan bu “müvəqqəti narahatlıq”, “müvəqqəti nasazlıq” ifadələri yenə öz sözünü dedi. Amma “Bakıkart” son sözünü deyə bilmədi. Yəni “narahatlıq” aylardır davam edir. Problemin nə vaxt həll olunacağı ilə bağlı cavabları isə yüksək yumor hissi ilə hazırlanıb: “Problemin həlli mərhələli şəkildə aparılır”. Yəni digər problemləri həll edib ağ günə çıxaraq, sıra sizə də gələcək. Ortada isə nə həll edilən problem var, nə bitən “narahatlıq”.

Eyni ilə AAYDA (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) “Azərsu”, “Azərişıq”, “Azəriqaz”… Fərq eləməz, eyni avaz, eyni şablon cümlələr və bu problemlər içində vurnuxan əhali. 

Əslində isə mətbuat xidmətinin işi, rəhbərliyin adını “yumaq” deyil, vətəndaşın səsini eşidib, problemi həll etmək üçün real addımlar atmaqdır. Təəssüf ki, bu gün mətbuat xidmətləri əksər hallarda “tədbir görən” yox, “tədbiri ört-basdır edən” struktura çevrilib. Əsas missiyaları qurumlarının reputasiyasını qorumaqdır. 

Yollar aylarla, illərlə eyni gündə qalır. Su kəsintisi ilə bağlı xəbərlər tirajlanır, insanlar əziyyət çəkir. Və bu qədər reportajların, yazıların üstündən həmin qurumların “müvəqqəti narahatlıq” karvanı keçir.

Ən təhlükəli məqam budur ki, mətbuat xidmətlərinin bu susqunluğu və ya “cavab vermiş kimi göstərmək” siyasəti insanların dövlətə və ictimai institutlara inamını zəiflədir. İnsan hər dəfə oxuyur, görür ki, problem var, mətbuat yazır, qurum isə yalnız “şablon” danışır. Vətəndaş nəticə görə bilmir və ümidini itirir.

Bu, sadəcə məsuliyyətsizlik deyil – bu, xalqa hörmətsizlikdir. İnsan vergisini ödəyir, haqqı olan xidməti tələb edir, amma qurumlar onun qarşısına “copy-paste” cavabla çıxır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2626

Oxşar yazılar