Meyxanaçı Samirə Yusifqızı
12 yanvar 2021 15:50 (UTC +04:00)

Meyxanaçı Samirə Yusifqızı

“Məcbur olub taksi sürməyə başladım” - Pandemiyada peşəsini dəyişən Samirə Lent.az-a danışdı

“Vaxt var idi bəzənib-düzənib hörmətli insanların iştirak etdiyi məclislərə gedirdim və əvvəlcədən danışdığım məbləği alırdım. İndi isə tanımadığın-bilmədiyin müştəriləri mindirirəm maşına”.

Bunu Lent.az-a açıqlamasında meyxanaçı Samirə Yusifqızı deyib. İllərdir müğənni və meyxanaçı kimi fəaliyyət göstərib, məclislərdə iştirak edən Yusifqızı indi o günləri xoş xatirələrlə yada salır. Buna səbəb isə...

“Bəli, bu pandemiya hamıya olduğu kimi, mənim də həyatıma və sənətimə pis təsir etdi. Belə deyim də, durumumuz çox pisdir. Elə indi də elədir”.

Buna görə də Yusifqızı başqa işlə məşğul olmaq qərarına gəlib:

“Məcbur olub taksi götürüb sürməyə başladım. Çətindir. Çox çətindir. Bir vaxtlar bəzənib-düzənib hörmətli insanların iştirak etdiyi məclislərə gedirdim və əvvəlcədən danışdığım məbləği alırdım. İndi isə tanımadığın, bilmədiyin müştəriləri mindirirsən maşına. Əlbəttə, bilmirsən o müştəri sənə nə sürpriz eləyəcək. Hərə bir cür olur. Bir şey deyim, əli yüzlüklərlə oynayan Samirə indi qəpiklərlə əlləşir”.

Samirə xanımın səsindəki ümidsizliyi eşidib “hər şey yaxşı olacaq” desəm də, buna çox inanmadı...

“Sağ ol canım, sağ ol. Amma o günlərin geri gəlməyinə inanmıram. Toylar, məclislər ola bilər. Əlbəttə, olacaq da. Amma nə əvvəlki işlər olacaq, nə də həmin o qazanc”.   

Bəli, Samirə xanım bu vəziyyətdən çıxmaq üçün tamamilə fərqli bir peşə, taxsi sürücülüyü ilə məşğul olmağa başlayıb. Amma onu da deyim ki, şou-biznesdə sənətini dəyişən təkcə o deyil. Bu sıraya Türkan Vəlizadəni və Nura Suri də daxildir.

Nura Suri indi özəl şirkətlərdən birində Reklam və ictimai əlaqələr şöbəsinin müdiri işləyir. Türkan Vəlizadə isə özəl klinikalardan birində menecerdir. Açıqlamalrının birində bu işə ehtiyacı olduğunu da vurğulamışdı:

Klinikanın sahibi mənə təklif etdi ki, birgə çalışaq. Razı oldum. İndi bütün müğənnilərin vəziyyəti çətindir. Amma səbir etmək lazımdır".

Müğənni Ayaz Qasımov vəziyyətin belə olmasından şikayətlənsə də hələ ki əlavə işlə məşğul olmur:

“Gözləmə mövqeyindəyəm. Gələcəkdə biznes qurmağı düşünürəm. Onsuz da indi qida və tibb sektorundan başqa heç bir sahə normal işləyə bilmir. Çox güman ki, mən də qida sektoruna üz tutacam. Çünki nə olur-olsun bu sektor daim işləyir. Bu pandemiyada buna bir daha şahid olduq”.

Bəs sənətçilərin işlərini tamam fərqli sahə ilə əvəzləməsi onlara nə kimi təsirlər edə bilər? Psixoloq Əfsanə Rüstəmova bildirib ki, əvvəllər peşə dəyişmək fərqli səbəblərdən idisə, indi bu pandemiyaya görə baş verir:

“İxtisas və peşə seçimi həmişə insanları narahat edən və doğru qərar verilərsə, həyatını dəyişən addım olub. Həyat normal tempində davam edəndə də insanlar müəyyən zamanda ixtisas və ya işlərində radikal dəyişimlər edirdilər. Bu addımı atmağa onları işdəki məsuliyyətləri, iş qrafiki, yaxud, sadəcə həmin işdə xoşbəxt olmamağı vadar edirdi. Hazırda ölkəmizdə və dünyada bir ilə yaxındır davam edən pandemiya dönəmi əksər sahələrdə məhdudlaşmalar, azalmalar və ya sahənin tamamən bağlanması kimi fəsadlar yaratdı. Əslində, bu hardasa anlaşılandır. Lakin müddətin bu qədər uzun olacağını heç kəs təxmin etməmişdi. Müddət uzandıqca ehtiyat da tükənir, bu isə insanları daha da gərginləşdirirdi. Alternativ addım kimi peşə dəyişənlər də oldu.  Mikrafon yerinə əlində pambıq gözləyən müğənnilər, idman aləti yerinə inşaatda daş qaldıran gənclər, xidmət sahəsində içki qapağı açan oğlanlar yerinə marketdə paket açan uşaqlar... Bu, əlbəttə, arzuolunan bir əvəzləmə deyil. Amma hazırda keçim məcburiyyəti insanları bu addımı atmağa məcbur edir. Bu addım onları xoşbəxt etməsə də, günlük güzəranlarını təmin edir”.

Psixoloq bildirir ki, bu dəyişikliklər öz təsirini də göstərəcək:

“Müasir gəncliyin "comford zona" anlayışına zidd olan bu gedişat, əlbəttə, təsirsiz ötüşməyəcək. Lakin hamılıqla gözləntimiz bu pandemiya dönəminin və məhdudiyyətlərin bitməsi və hər kəsin xoşbəxt olduğu sahəyə geri dönməsidir. Bitəcəyinə əmin olduğumuz bu dönəmin psixoloji sakit keçməsi özümüzü və çevrəmizi gərginləşdirən hər şeydən uzaqlaşmaqdan başlayır. Əmin olun ki, bu dəyişim və təcrübə nə vaxtsa bizə fayda qatacaq. Amma necə?! Bunun üçün sağlamlığımızın qeydinə qalıb yaşamağa davam etmək lazımdır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4200
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar