Leysan, dolu, sel  - Daha bir HAVA XƏBƏRDARLIĞI
21 iyun 2024 09:29 (UTC +04:00)

Leysan, dolu, sel - Daha bir HAVA XƏBƏRDARLIĞI

İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı sinoptiklər tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Lent.az-a bildirib ki, öncədən verilən sarı və narıncı xəbərdarlığa uyğun olaraq dünən ölkənin bir sıra bölgələrində güclü qərb küləyi əsib, leysan xarakterli yağış yağıb.

"Qazax-Gəncə, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Mərkəzi Aran, Balakən-Şəki, Dağlıq Şirvan, Lənkəran-Astara, Qarabağ və Şərqi Zəngəzur bölgəsində qeyri-sabit hava şəraitinin davam edəcəyi, iyunun 23-ü gündüzədək bir sıra yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

21-22 iyun tarixlərində gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı vətəndaşlardan artıq dərəcədə xahiş edirik ki, sinoptiklər tərəfindən verilən sarı, narıncı və qırmızı xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar”.

Qeyd edək ki, ötən gündən başlayaraq bölgələrdə hava dəyişib. Əksər rayonlarda müşahidə olunan güclü qərb küləyi gecə saatlarından tədricən zəifləyib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Şəkidə 32 mm, Ceyrançöldə 29 mm, Yevlaxda 28 mm, Gədəbəydə 19 mm, Qubada 17 mm, Göygöldə 16 mm, Ağstafa, Tovuzda 15 mm, Şahdağ, Daşkəsən, Şamaxıda 12 mm, Qaxda 11 mm, Gəncə, Bərdə, Mingəçevir, İsmayıllı, Şəmkir, Naftalan, Qrız, Qəbələ, Goranboy, Oğuz, Şahbuz, Ağdam, Zaqatala, Balakən, Zərdab, Ağsu, Sədərək, Qusar, İmişli, Naxçıvan, Şərur, Culfa, Ordubad, Tərtər, Göyçayda 10 mm-dək olub.

İyunun 20-də saat 19:00 radələrində Gədəbəy rayonunun Novo Saratovka kəndinə diametri 25-28 mm olan dolu düşüb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

İyunun 21-22-də bəzi bölgələrdə əvvəlcədən verilən sarı, narıncı və qırmızı xəbərdarlığa uyğun olaraq qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8583
avatar

Oxşar yazılar