Leyla Əliyeva və Arzu Əliyeva ŞƏKİDƏ - FOTOLENT
28 aprel 2026 09:52 (UTC +04:00)

Leyla Əliyeva və Arzu Əliyeva ŞƏKİDƏ - FOTOLENT

0

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.

Lent.az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatla baxış keçirilib. Muzeydə ümumilikdə üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onlardan 1826-sı sərgi zallarında təqdim edilir.

Qeyd olunub ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işləri mərhələli şəkildə davam etdiriləcək.

Səfər zamanı Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçirilib. Qeyd olunub ki, burada şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb.

Leyla Əliyeva və Arzu Əliyeva məşhur şəbəkə ustası Tofiq Rəsulov və onun şagirdləri ilə görüşüb, şəbəkə nümunələrinin hazırlanması prosesində iştirak ediblər. Onlar Azərbaycanın bu qədim sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərə görə Tofiq Rəsulova minnətdarlıqlarını bildirib, ustaya və şagirdlərinə uğurlar arzulayıblar.

Sonra şirniyyat hazırlanmasında iştirak edən Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin ABAD Keramika mərkəzi ilə tanış olublar.

Həmçinin Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

Səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin fəaliyyəti, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan şərait, onların təlim-tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusi hazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsində uşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim olunub, teatr məşğələsində hazırlanmış səhnəciklər nümayiş etdirilib. Uşaqların yaradıcılıq bacarıqlarını, istedadını və səhnə mədəniyyətini əks etdirən çıxışlar maraqla qarşılanıb.

Sonda müəssisənin kollektivi və uşaqlar ilə xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar