Qarlı, çovğunlu gecədə Bakının Yasamal rayonunda küçədə yatan şəxsin sosial şəbəkədə yayılan fotosu geniş müzakirə mövzusu oldu.
Lent.az xəbər verir ki, izləyicilər şaxtalı havada "Qələbə" dairəsinin yaxınlığında, "Baku mall"ın qabağında özünə xırda evcik düzəldən kişinin fotosunu paylaşaraq, kömək edilməsini istəyib. Bədəninin yarısı həmin evcikdə, yarısı isə bayırda üstü adyalla örtülən şəxsin sığınacağa yerləşdirilməsi üçün Lent.az-ın əməkdaşı sığınacaq direktoruna müraciət edib. Direktor Anar İbrahimov məsələyə operativ reaksiya verərək problemi həll edib.
Belə ki, ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, küçədə yatan Əmirov Yusif Əmirxan oğlu hazırda sığınacağa gətirilib. Səhhətində hər hansı problem yoxdur. Agentlik rəsmisi həmçinin onun spirtli içki aludəçisi olduğunu da qeyd edib.