Sosial şəbəkələrdə və bəzi internet resurslarında jurnalist Orxan Hacıyevlə (Orxan Rasifoğlu) bağlı bəzi ittihamlar yayılır.
Yayılan məlumatlarda o, “APA Media Group”a daxil olan Lent.az xəbər saytının əməkdaşı kimi təqdim edilir.
Lent.az saytı bildirir ki, Orxan Rasifoğlu ilə 2025-ci ilin əvvəlində bir ay müddətində əməkdaşlıq edilib.
İşə götürüldüyü zaman çoxsaylı məşhur media subyektlərində fəaliyyət göstərməsi və təcrübəsi nəzərə alınıb. Lakin digər əməkdaşlarımız tərəfindən onun bir şikayətçi ilə problemləri olması barədə məhkəmə kluarlarında söz-söhbət gəzdiyi barədə məlumat daxil olduqdan sonra şirkət araşdırma aparıb və Orxan Rasifoğlu dərhal işdən uzaqlaşdırılıb, onunla əməkdaşlığa xitam verilib.
Çox təəssüf ki, bu günə qədər rəsmi qurumlar Orxan Rasifoğlu ilə bağlı şikayətlərin onun fəaliyyətinin hansı dövrünü əhatə etməsi və məzmunu barədə suallarımızı cavabsız qoyub.
Lent.az-ın öz araşdırması ilə əldə etdiyi məlumata görə, Orxan Rasifoğlunun barəsində yayılan ittihamlar onun bizimlə əməkdaşlıq etdiyi dövrə qədər baş verib.
Bir daha bəyan edirik ki, bu ittihamların Lent.az saytı ilə heç bir əlaqəsi yoxdur.