Qazi Tural Əsədzadə anası ilə
08 yanvar 2021 18:03 (UTC +04:00)

Qazi Tural Əsədzadə anası ilə

“Lazımdısa, ayaqlarımı da kəsib ona verərəm” - Qazi Turalı necə xilas etməli?

“Bu gün yazıq uşaq ikicə qaşıq sıyıq yeyib. İnanın, elə bil dünyanı mənə veriblər. Bircə istəyim var. Tural əvvəlki kimi olsun. Lazım olsa ayaqlarımı da kəsib ona verərəm. Təki o gəzsin...”

 

Şəlalə xanım deyir bu sözləri. Gözünün ağı-qarası bircə oğlu, Turalın dərdi onun qamətini büküb, gözünü yaşlı qoyub. Səsində kədər, əlacsızlıq, bir az da ümid var...

Bir qədər əvvəl sosial şəbəkələrdə yayılmışdı Şəlalə xanımın video müraciəti. Həyəcansız dinləmək olmurdu ananı. İmdad diləyirdi. Gözünün ağı-qarası Tural üçün. Vəziyyəti həddən artıq kritik olan Turalın xüsusi qayğıya ehtiyacı var. Ona görə də, həmişə belə həssas məqamlarda öz himayəsini əsirgəməyən Cənab Prezidentə, ölkənin Birinci Xanımına müraciət edib Şəlalə xanım.

 

Tural Əsədzadənin 22 yaşı var. Bərdədə doğulub, böyüyüb. Könüllü olaraq Vətən müharibəsinə yollanıb, döyüşüb və yaralanıb. Talışda başından aldığı güllə yarası indi onu yatağa məhkum edib. Nə gəzə bilir, nə əl-qolunu tərpədə, nə də danışa . 

 

“Oktyabrın 1-də bizə məlumat verildi ki, yaralanıb. Xəstəxanaya gətiriləndə vəziyyəti ağır idi. Uşağımı bu halda görmək məni öldürür, bala. Amma müalicə aldıqca yaxşılaşmağa başladı. Noyabrda bizimlə gülüb-danışırdı. Qohumlar zəng edirdilər, hamıyla mehriban söhbət edirdi. Bir-iki adım atır, əl-qol hərəkəti edə bilirdi. Ümid edirdim ki, yavaş-yavaş daha da yaxşı olacaq. Amma əksinə oldu”.

 

Hə, ananın ümidi boşa çıxır. Dekabrda Turalın vəziyyəti pisləşməyə başlayır. Yerindən qalxa, danışa bilmir, yemək də yemir. Düz, indiyədək bu günə qədər... İndi ananın bir əlində boşqabda yemək, digərində qaşıq. Oğlu bircə qaşıq yemək yeyəndə necə xoşbəxt olur ana.

 

“Bu gün uşaq iki qaşıq sıyıq yeyib, elə bil dünyanı mənə veriblər. İndi mənə heç nə lazım deyil. Təkcə bir istəyim var. Tural əvvəlki kimi olsun. Lazım olsa, ayaqlarımı da kəsib ona verərəm. Təki o gəzsin...”

 

Ananın səsinə-səs verənlər az olmayıb. İradə İbrahimova, Tural Davutlu, Mehriban Xanlarova... 

 

“Sağ olsun İradə xanım çox köməklik etdi. Videonu səhifəsində paylaşması ilə telefonlarımız susmaq bilmir. Hər yerdən zəng edib yardım etmək istədiklərini bildirirlər. Vallah bala, mənə pul lazım deyil. Mənə Turalın sağlamlığı lazımdır. Əvvəlki kimi olsun. O, mənim bircə balamdı. O, mənim dayağımdı...”

 

Zəng edənlər arasında həkimlər də olur.

 

“Elə əvvəldən deyirdim ki, bir həkim tapıla, çıxa ortaya deyə ki, mən bu uşağı sağaldaram. Bax, mən bunu istəyirəm. Deyəsən, Allah səsimi eşidib. Moskvada yaşayan bir professor deyib ki, uşağı müalicə edə bilərəm. Amma gərək əvvəlcə onun analizlərini, dəqiqləşdirmək üçün KT və MRT kağızlarını görəm. Ondan sonra əminliklə sizə bir söz deyə bilərəm”.

 

Bu sözü onlara israilli həkim də deyir. Amma ortaya bir “əmma” çıxır.

 

“İndi bu kağızların şəklini çəkib həkimə göndərmək müşkülə dönüb. Turalın hazırda müalicə aldığı Mərkəzi Hərbi Klinik Hospitalına neçə dəfə buna görə müraciət etdik. Amma bilmirəm niyə cürbəcür bəhanələr eşitdik. Kağızı bizə verən yoxdur. Bilirəm ki, Tural bir-iki aya sağalıb ayağa dura bilməz. Amma zamanla sağalar bəlkə də. Nə bilim, bəlkə də bir möcüzə baş verdi...”

 

Hə, bəlkə də bir möcüzə olar... Elə ananın da dediyi kimi, təki bir həkim çıxıb “Mən Turalı sağalda bilərəm” desin. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10419
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar