Misirdə subay oğlanlar evliliyi "alma, evdə qalsın" kampaniyası adı altında boykot edirlər. Bilirsiniz, niyə? Qızların maddi istəkləri və toy xərclərinə görə. Bəli, oxşar vəziyyət Azərbaycanda da yaşanır. Statistikalar göstərir ki, gənclərin evlilik yaşı artır, evlənənlərin sayı isə azalır. Buna səbəb həm maddiyyat, həm də lazımsız adət-ənənələrdir.
İsrafçılıq...
Gənclər düşünür ki, köhnə adətlər maddiyyat aparırsa, niyə də bundan imtina etməyək? Məsələn, gəlin, bəy hamamına pul xərcləmək nəyə lazımdır? İsrafçılıq hər dövrdə olub, düzdür. Amma qərbdə bəlkə də ən asan proses evlənməkdir. Tanışlıq, birlikdə yaşamaq, ailələrin tanışlığı və toy mərasimi... Bu qədər sadə və şişirdilməyən evlilik prosesi necə də sərfəlidir, deyilmi?
Elimizin toy kimi adəti var...
Gəlin, hesablayaq. Olduğumuz coğrafiyada real rəqəmləri nəzərə alanda evlənmək istəyi bir çoxunun qorxulu röyasına çevrilir. Bəs, evlənmək üçün nə qədər maddi məsrəf gərəkdir?
Lent.az bir cütlüyün evliliyi qız evinə və oğlan evinə neçəyə başa gəldiyi barədə araşdırma yazısını təqdim edir.
1. Adət-ənənəyə görə, elçilikdən sonra nişan və xınayaxdı mərasiminin xərcini oğlan evi qarşılayır. Nişanı evdə keçirmək restoranda keçirməkdən daha sərfəli başa gəldiyini deyirlər. Restoranda balaca banket zallarında keçirilən mərasimə 1000-1500 xərcləyirlərsə, evdə 30 nəfərlik tədbirə 400-500 manat lazım olur. Bu, xınayaxdı mərasiminə də aiddir;
2. Toyların vaz keçilməzi – Xonçalar. Bir xonçanın kirayə qiyməti 15 manatdır. Məsələn, 10-12 xonça üçün içində gigiyenik, gündəlik kosmetik məhsullar, şirniyyatlar və s. olacağını nəzərə alsaq, ümumi qiymət 500-1000 manat arası hesablanır;
3. Nişan üzüklərinə gəldikdə, qiymətlər bəylər üçün 800 manatdan, xanımlar üçün isə 1000 manatdan başlayır, zinət dəsti, bəy üçün qızıl qolbaq – ümumi 7000-8000 manata qədər hesablanır;
4. Nişan tortu – 50-500 manat arası;
5. Xınayaxdı üçün xına libası, saç düzümü, makiyaj, tac və əlin xına ilə bəzədilməsi paketi 200 manata başa gəlir;
6. Xınayaxdı mərasimini əlamətdar etmək istəyənlər buna görə restoranı seçirlərsə, dekor, gəlinin geyimi, qolbaqlar, çələnglər, xına naxışı, fotoqraf, musiqiyə görə 400 manatdır. Əlavə olaraq, rəqqasə və müğənninin olması üçün ümumi məbləğ 2000 manata başa gəlir;
7. Nişan və xınayaxdı konfetlərini saya uyğun hesablasaq, 60 nəfərlik konfet bağlaması 180 manata başa gəlir;
8. Gəlinliyi kirayə götürməyə üstünlük verənlər 250-500 manatdır. Gözəllik salonlarında gəlinin bəzədilməsi də buna daxildir. Amma gəlinin ayrıca bəzədilməsi paketinə saç düzümü, makiyaj, və tac – 150 manatadır. Xına, nişan və nikah paketləri də eyni qiymətə başa gəlir. Manikür, pedikür və xına ilə bəzədilmə - 55 manatdır. Təbii ki, məkan fərqini də nəzər alsaq, tanınmış salonlarda bu qiymət 1000-1500 manat arasında dəyişə bilir;
9. Gəlin ayaqqabısı - 70 manat, gəlin, nişan gülü – kirayə 15, satışı 40-50 manatdır;
10. Manikür, pedikür və xına ilə bəzədilmə paketi - 55 manatdır;
11. Bəy kostyumunun qiyməti 100-300 manat arasında dəyişir;
12. Bəyin saç düzümü 50 manatdan başlayır;
13. Toy fotosessiyası 150 manatdan yuxarı başa gəlir;
14. Mətbəx – dizayn və keyfiyyətinə görə mətbəx mebelinin qiymətləri 1000 manatdan başlayır. Mətbəxin masa və stulları 1200 manatdır. Qab-qacaq - 1500, qazan dəsti - 700, qaz sobası - 700 manat, soyuducu - 1000-3000, paltaryuyan - 700-1000, ətçəkən – 400 manat, ütü – 200 manat, tozsoran 400 manat, mikser 40 manat və s. – mətbəxin ümumi qiyməti 10000-15000 manata qədər hesablana bilər;
15. Qonaq otağı – masa və stulların qiyməti 1500-2000 manat, masa örtüyü 100 manat, divan, 2 kreslo və jurnal masası 3000, xalça və pərdə 700 manat, televizor 1000 manat, aksesuarlar 60, dibçəklər 10-50 manat olacaq. Ümumi qonaq otağına xərclənəcək qiymət 7000 manat dəyərindədir;
16. Yataq otağı – Böyük taxtın qiyməti 1300, döşək 600, yastıq və yorğanlar 200 manat, komod 1600, trümo 1500, dolablar 1000-1500 manatdır;
17. Dəhliz – dolab 300 manat, ayaqaltı 10-20 manat dəyərindədir;
18. Şadlıq sarayı məsələsinə gəldikdə qiymətlər əraziyə və reytinqə əsasən dəyişir. Məsələn, qız evi toy edəndə adambaşı 40 manatdan 200 nəfər gəlirsə, 8 min manat olacaq. Oğlan evi ilə birlikdə ümumi zal 300-400 nəfərlik olsa, 10-12 min manata başa gəlir;
19. Toy maşını kirayələmək 150 manatdan başlayır.
20. Bal ayı keçirmək istəyənlər xarici ölkəyə getmək üçün tur paketlərə üstünlük verirlər. Tutaq ki, Kuşadasında 7 gün, 8 gecə dincəlmək və aviabilet daxil olmaqla 2000 manata başa gələcək.
Belə... İndi gəlin, ümumi nəticəyə baxaq: Azərbaycanda oğlan evi evlənmək üçün 30 minə yaxın , qız evi isə 45 min manat xərcləyir. İndi bəs, necə? Bəylər daha çox sıxılır, ya xanımlar?
Nəzərə alsaq ki, ekspertlərin və ailələrin fikrincə, evlənmək keçən illərə nisbətən “bahalaşıb”. Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, evlənmək iqtisadi problem halına çevrilib. Hesabladığımız xərci görəndə onun sözlərinə haqq verməyə bilərsinizmi? Yəni, ipotekaya və ya kirayə ev götürüb əsas odur xoşbəxt ailə həyatı sürməyə gənclər nə qədər həvəslidir, heç düşünmüsünüz? Qiymət artımı, maddi durumlar və imkanlar gəncləri sıxır.
Göründüyü kimi, evlənmək asandır, amma ailə - ev olmaq çətin.