Koronavirus əleyhinə ən yaxşı peyvənd hansıdır? - Azərbaycanlı alimdən AÇIQLAMA
08 yanvar 2021 11:03 (UTC +04:00)

Koronavirus əleyhinə ən yaxşı peyvənd hansıdır? - Azərbaycanlı alimdən AÇIQLAMA

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə olan peyvəndlərlə bağlı qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirib. 

Lent.az-ın suallarını cavablandıran N.Abdullayev bildirib ki, aparılan bütün elmi tədqiqatlar heç bir peyvəndin 100 faiz effektli olmadığını göstərib.

Onun sözlərinə görə, “ABŞ-da “Moderna” peyvəndinin elmə məlum olan tətqiqatlarından biri, təxminən, 30 000 insan üzərində aparılıb: 

"4 həftəlik fasilə ilə 2 dəfə əzələdaxili iynə vurulub və “Placebo” (psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) kontrol qrupla müqayisə edilib. Burada vacib məqam budur ki, effektivliyə görə 2-ci peyvənddən, yəni 30 gündən sonra virusa yoluxmaya diqqət ediblər. 95 xəstədə yoluxma görünüb, bunların da 90 nəfəri “Placebo” olan qrupda olub və nəticə 94,5 faiz effektivlik ilə baş tutub. Ciddi ağırlaşmalar isə 11 nəfərdə olub ki, bu da “Placebo” olan qrupda, yəni peyvənd qəbul etməyən qrupda olub". 

Tibb elmləri doktoru bildirib ki, “Moderna” peyvəndində allergik reaksiyalara rast gəlinib, amma elmi ədəbiyyata rəsmi olaraq heç bir ölüm halı daxil edilməyib. Onun sözlərinə görə, allergik reaksiyası olanların isə əvvəllər də allergiyasının olduğu üzə çıxıb. Başqa yan təsirlərlə bağlı elmi qeydiyyatları gözləməliyik.

“Biontech” peyvəndi ilə bağlı sualımıza cavab verən azərbaycanlı alim deyib ki, bu peyvənd də iki dəfə vurulur, amma tədqiqata görə onun qoruyuculuğu 10 gündən sonra, yəni ikinci peyvənd vurulmadan qabaq əldə olunur: 

"Peyvənddən sonra bəzi ağrılar, allergik hallar müşahidə edilib, ancaq burada da hələ rəsmi ölüm halı qeydə alınmayıb. Diqqət edilməli olan xüsusi məqam isə tədqiqat zamanı 4 nəfərdə əmələ gələn üz sinirinin parezidir ki, bu da peyvəndin tətbiqi zamanı mütləq ciddi nəzarətdə saxlanılmalıdır. Digər yan təsiri limfa düyünlərində şişmə olmuşdur ki, bu da 64 nəfərdə rast gəlinib və 10 gün davam edib. “AstraZeneca” isə fərqli dozalarda insanlar üzərində tətbiq edilib. Təxminən 90 faiz maksimum effektivlik əldə edilib. Tədqiqatda heç bir yan təsirə rast gəlinmədiyi bildirilir. Amma tədqiqat bitdikdən sonra 23 000 adamın iştirakı ilə sorğu aparılıb və 3 nəfərdə xəstəxanada müalicə olunmalı səviyyədə yan təsirlər aşkarlanıb”. 

Azərbaycanlı alim Çin peyvəndləri barədə də məlumat verib: 

“Bu gün "Sinovac"ın effektivliyi barədə elmi ədəbiyyata son tədqiqatlar daxil edilməsə də, media vasitəsilə onun qoruyuculuq faizi geniş şəkildə ictimaiyyətə çatdırılıb. “Sinovac" peyvəndinin Braziliyada tətbiqindən sonra effektivliyinin 50-90 faiz arası, sonradan isə Türkiyədə aparılan tədqiqat zamanı 91,25 faiz olduğu müəyyən edilib. Bundan başqa Çində eyni üsulla hazırlanan "Sinopharm" peyvəndinin də istifadəsinə icazə verilib və orada effektivliyin təxminən 79 faiz olduğu bildirilib. Bu peyvəndlərin hazırlanma və ölkələrə çatdırılma üsulu Avropa və Amerikada hazırlanmış gen texnologiyasına əsaslanan peyvəndlərdən daha asan və tez başa gəlir. Bu peyvənd inaktiv, yəni ölmüş viruslardan hazırlanır və bu cür digər xəstəliklərə qarşı olan peyvəndlər bir çox ölkələrdə, eləcə də Azərbaycanda da mövcuddur. Amma gen texnologiyası ilə hazırlanan peyvəndlərin xüsusi daşınma və saxlanma şəraitinin tələb olunmasına görə istehsalçılar o peyvəndi bir çox ölkələrə sata bilməyəcəklər.

Avropa və Amerikanın bu cür peyvəndləri hazırlamamasının səbəbi onların daha öncədən elmə məlum olan çoxsaylı allergik reaksiyaları idi. Amma bu günə qədər olan Çin tədqiqatları isə bunun elə olmadığını elmi formada sübut etməyə çalışır. Çində bu üsulla hazırlanan peyvəndin rəsmi icazəsini gözləmədən artıq səhiyyə sahəsində çalışanlara inaktiv viruslardan hazırlanan peyvənd aylar öncədən tətbiq edilib və pozitiv nəticələr əldə edilib”. 

Virusa təkrar yoluxma ilə bağlı məlumatlara toxunan N.Abdullayevin fikrincə, bu və digər peyvəndlər birinci nəsil peyvəndlərə aiddir: 

“Birinci nəsil peyvəndlərin əsas funksiyası virusa yoluxma baş verəcəyi halda xəstəliyi çox yüngül simptomlarla keçirməyi təmin etmək və ölüm faizini aşağı salmaqdır. İkinci nəsil peyvəndlər isə selikli qişa immuniteti yarada bilmə qabiliyyətinə görə virusa bir daha yoluxmanın qarşısını tam almalıdır. Bu cür peyvəndlərin tam təhlükəsiz tətbiqinə isə təxminən 10-11 aydan sonra başlanacağını ehtimal etmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6498
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar