Kəlbəcərdə  TƏBİƏT HADİSƏSİ:  2 qurum aydınlıq gətirdi - VİDEO
30 iyul 2022 13:55 (UTC +04:00)

Kəlbəcərdə TƏBİƏT HADİSƏSİ: 2 qurum aydınlıq gətirdi - VİDEO

"İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib".

Lent.az xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb:

"Son günlər temperaturun yüksəlməsi və su hövzəsində buxarlanmanın intensivləşməsi topa yağış buludlarının əmələ gəlməsinə səbəb olub. Topa yağış buludlarının şaquli ölçülərinin böyük , təzyiq fərqinin isə çox olması buludun aşağı hissəsində yaranan hava axınlarının sürətlə buluda doğru hərəkət etməsinə şərait yaradıb".

G.Məmmədovanın sözlərinə görə bu, su hövzəsinə yaxın olan dağlıq ərazilərdə yay fəsli üçün xarakterik təbiət hadisəsidir.

 

Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov APA-ya açıqlamasında deyib ki, Kəlbəcərdə qeydə alınan təbiət hadisəsi tornadodur və bizim iqlim üçün xarakterik deyil.

O bildirib ki, sözügedən təbiət hadisəsi əsasən Amerika regionu üçün xarakterikdir:

"Bizdə buna hava burulğanı da deyilir. Bu təbiət hadisəsinin necə baş verməsi haqda birdən çox versiya var. Konkret səbəbi elmə tam məlum deyil. İlkin versiyalardan biri budur ki, atmosferdə iki əks istiqamətli hava axınları böyük fırlanma hərəkəti ilə toqquşur və təzyiqin həddən çox aşağı düşməsi nəticəsində qeyd etdiyimiz təbiət hadisəsi meydana gəlir. ABŞ-da tornado baş verəndə xəbərdarlıq edilir və insanlar bunkerlərə yerləşdirilir. Çünki güclü tornado hətta beşmərtəbəli binanı belə yerindən qaldıra bilər. Kəlbəcərdə baş vermiş hadisə bunun kiçik variantıdır. Görünür ki, lokal xarakterli olduğundan xortum çox da böyük hərəkətə malik deyil. Səhv etmirəmsə Alagöl üzərində müşahidə edilib. Böyük sürətə malik olsaydı, hadisəni seyr edən insanlar üçün təhlükə yaratmış olardı. Bildirim ki, 2012-ci ildə Qaradağda yerləşən həbsxana üzərində belə bir proses olmuşdu və biz onu radar vasitəsilə müşahidə etmişdik. Həmin vaxt tornado həbsxananın hasarlarını yerindən çıxarmışdı. Qeyd etdiyim kimi bu hadisə bizim üçün xarakterik deyil, lakin iqlim dəyişmələri ilə əlaqədar olaraq bizdə də bu tip hadisələr tez-tez təkrarlana bilər".

# 3618
avatar

Oxşar yazılar