Kəlbəcər yaylaqlarından YENİ VİDEO
16 iyul 2022 11:06 (UTC +04:00)

Kəlbəcər yaylaqlarından YENİ VİDEO

Düz 30 il idi ki, bu dağlar, qayalar öz sahibinin səsinə həsrət qalmışdı. Düz 30 il idi ki, bu yaylaqlarda quzu mələşməsi, arı vızıltısı eşidilmirdi. Düz 30 il idi ki, Kəlbəcər səssiz idi. Sanki gülü, çiçəyi, daşı, qayası ilə bu günü gözləyirdi Kəlbəcər. Öz sahibinə qayıdacağı günü....

Lent.az-ın APA TV-yə istinadən məlumatına görə, artıq iki ildir ki, Kəlbəcərdən olan fermerlər öz təsərrüfatlarını ata ocağının yaylaqlarında bəsləyirlər. Onlardan biri də Elşən və Tamella Abbasovlardır. Kəlbəcərin Təzəkənd kəndindən olan ailə bu gün Abdullauşağı kəndinin sovet dönəmindən qalan qoyun fermasında öz şəxsi təsərrüfatlarını saxlayırlar. Təzəkənd kəndinin yaxınlığında sülhməramlılar olduğundan onlar müvəqqəti bu ərazidə yerləşiblər. 
Bu gün Kəlbəcər yaylaqlarında 200 başdan çox qoyun saxlayan ailə həm təsərrüfatlarını çoxaldır, həm də qış azuqələrini yığırlar:

Elşənin məşğuliyyəti təkcə qoyunçuluq deyil. Onun 40-dək arı ailəsi də var. Əslində arıçılıq elə Kəlbəcərlilərin əsas məşğuliyyətlərindən bir olub. Onlar məcburi köçkün düşəndə bütün təsərrüfatları məhv olsa da, bu ötən illər ərzində dövlətin dəstəyi ilə yenidən öz dədə-baba təsərrüfatlarını qurublar.

Abbasovlar ailəsi Kəlbəcəri tərk edəndə bir qızı, bir oğlu olub. Hazırda Ağdam rayon ərazisindəki məcburi köçkünlər üçün salınmış “Dörd yol-1” qəsəbəsində məskunlaşıb. İndi isə ailənin 4 oğlu, bir qızı, 2 nəvəsi var.

Ailə başçısı Elşən Abbasovla danışmaq istəyirik, qəhər onu boğur.

Bir də cəhd edirik... Söhbət zamanı öyrənirik ki, bu qəhərin səbəbi təkcə Vətən həsrəti deyil. Elşənin qardaşı şəhid olubmuş bu torpaqlar uğrunda. Qardaşı Murov dağın ətəyində erməni gülləsinə tuş gəlib. Bu səbəbdən də tez-tez kövrəlir. Müsahibə vermək istəmir. Deyir ki, dağlara baxdıqca itirdiklərimiz yadıma düşür: “Bu günkü günə şükür. Şükür ki, qanları yerdə qalmadı. Vətəndir, gəlmişik. Allah Prezidentimizə dəyməsin, şəhidlərə Allah rəhmət eləsin. Qazilərimizə kömək olsun”.

Kənd təsərrüfatı nazirliyi ailənin rahat olması üçün onları bu dağlarda yerləşdirib. Elşən deyir ki, bu mövsüm təsərrüfatını daha da böyüdüb, növbəti illərdə öz yaylaqlarına gedəcək.

# 2664
avatar

Oxşar yazılar