Daş atıldıqdan, söz deyildikdən, fürsət qaçırıldıqdan, zaman keçdikdən sonra gec olur...
Hər birimizin həyatında elə anlar olur ki, bilərəkdən və ya bilməyərəkdən etdiyimiz əmələ görə sonradan peşmanlıq hissi keçiririk. Məhz ona görə də, hər bir addımı atarkən səbir və təmkinlə hərəkət etmək ən başlıca şərtdir. Bu zaman, «kaş ki» ifadəsini işlətməyə belə ehtiyac qalmaz.
Real həyatda tez-tez belə hadisələrin şahidi oluruq. Hava limanında gənc bir xanımın üzləşdiyi hadisə də onlardan biridir:
Gənc bir qadın hava limanının gözləmə zalında təyyarəsinin uçuş vaxtını gözləyirdi. Xeyli vaxtı olduğundan zaman keçirmək üçün bir kitab və kiçik peçenye alır. VIP salonuna keçərək kitabını oxuya-oxuya peçenyedən dadmağa başlayır. Yanında oturub jurnal oxuyan yaşlı xanım da peçenyedən birini götürdü. Gənc özünü çox narahat hiss etməyə başladı... O, hər peçenye götürdükcə, digərini də yaşlı qadın götürürdü və beləcə qutuda 1 ədəd peçenye qalır. Bu zaman “həyasız qadın” cəld tərpənərək peçenyeni ikiyə bölüb gənc xanıma uzadır. Bu hərəkətdən özünə hakim ola bilməyən gənc əsəbi halda, “Daha bu qədər də olmaz”, deyib oradan uzaqlaşır...
Artıq təyyarə havaya qalxmaq üzrə idi, gənc qadın eynəyini götürmək üçün çantasını açır və gördükləri ona şok yaşadır. Sən demə, xanım aldığı peçenyeni heç çantasından çıxarmayıbmış, qadının aldığını yeyirmiş. Çox utandı... İlk sözü bu oldu: “Kaş ki, geri dönüb ondan üzr istəyə bilərdim, necə də alicənab, kübar xanım imiş...”.
Bəli, bu anda vəziyyəti düzəltmək mümkün deyil. Üzr istəmə imkanı da qalmayıb. Kim bilir, onlar nə vaxtsa bir də qarşılaşacaqlarmı? Çətin...
Bəli, həyatda dəyişə bilməyəcəyimiz elə şeylər var ki... Ona görə də səbirli, təmkinli və diqqətli olaq!