Ukraynanın Altıncı Apellyasiya İnzibati Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Həmin qərara görə Ukrayna hakimiyyəti 65 yaşlı Azərbaycan vətəndaşı, Kiyev şəhəri Azərbaycanlıları Konqresinin qurucusu və rəhbəri, “Oleq Bakinski” ləqəbli biznesmen Oleq Krapivinə Ukraynada immiqrasiya icazəsinin və daimi yaşayış hüququnun bərpasını təmin etməli idi.
Lent.az xəbər verir ki, bu qərar martın əvvəli hakimlər kollegiyası tərəfindən qəbul edilib. Kollegiyanın tərkibinə sədrlik edən hakim Natalya Bujak, eləcə də hakimlər Vitaliy Faydük və Mixail Kobal daxil olub.
Söhbət 2022-ci ilin iyul ayının sonunda Ukrayna Milli Polisinin Strateji Araşdırmalar İdarəsinin təşəbbüsü ilə biznesmenə qarşı tətbiq olunan məhdudiyyətlərdən gedir. Həmin vaxt Krapivinin Ukraynada qalması üçün hüquqi əsaslar ləğv edilib və faktiki olaraq onun ölkədə qalmasına qadağa qoyulmuşdu. O vaxtdan bəri “Krapivin işi” müxtəlif məhkəmə instansiyalarında araşdırılıb və proses uzun müddət Oleq Krapivinin xeyrinə nəticələnməyib. Lakin ötən ilin payızında vəziyyət qismən dəyişib.

Belə ki, Kiyev Dairə İnzibati Məhkəməsi “yeni aşkar edilmiş hallar”a əsaslanaraq Krapivinə sərhədi keçmək üçün faktiki olaraq “yaşıl işıq” vermişdi. Bu qərarın əsas sübutlarından biri Dövlət Təhqiqatlar Bürosunun müstəntiqi Cahangir Həsənovun imzaladığı məktub idi. Həmin sənəddə Kiyev Azərbaycanlıları Konqresinin rəhbərinin 2019-cu ilin yayında Eduard Bağırovla maliyyə mübahisəsi ilə bağlı başlanmış iş üzrə heç bir prosessual statusunun olmadığı bildirilirdi.
Lakin apellyasiya məhkəməsi fərqli nəticəyə gəlib. Məhkəmə qeyd edib ki, Krapivin tərəfinin təqdim etdiyi sübutlar Ukraynanın İnzibati Məhkəmə İcraatı Məcəlləsinin 361-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq “yeni aşkar edilmiş hallar” hesab edilə bilməz.
Nəticədə apellyasiya instansiyası əvvəlki qərarı ləğv edib və bununla da miqrasiya orqanlarının biznesmenə yaşayış icazəsinin və daimi yaşamaq hüququnun bərpası barədə öhdəliyi qüvvədən düşüb.
Qeyd edək ki, “Oleq Bakinski” xuliqanlıq ittihamı ilə Bakıda mühakimə olunub. Bu iş üzrə ona 2 il 6 ay şərti cəza və 6 aylıq sınaq müddəti təyin edilib. Lakin bu ilin yanvar ayında o, amnistiya ilə azad olunub.