İyunun əvvəllərində havanın temperaturu çoxillik normadan 1-3,5 dərəcə yüksək, iyunun 6-da isə 35 dərəcəyədək yüksələrək normadan 6,5 dərəcə çox olub. Müqayisə üçün ötən ilin iyun ayında 41 dərəcə isti qeydə alınıb.
Lent.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
"Bu il iyunun 1-də isə havanın temperaturu 17.1 dərəcə isti qeydə alınıb, lakin son onilliklərdə ən minimal temperatur 2008-ci il iyunun 5-də 13.1 dərəcə isti olub. İyun ayının ilk 14 günü ərzində ümumilikdə ölkə ərazisində 5 gün (18 dəfə) dolu müşahidə edilib."
Xidmət rəisi qeyd edib ki, iyun ayının 10-da isə soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində yağıntılar leysan xarakterli intensiv olub, çaylarda sululuq artıb, Tovuz, Daşkəsən və Goranboy rayonları ərazisindəki çaylardan sel keçib. May ayı ilə müqayisədə güclü küləklər daha az olub. Cəmi 5 gün küləyin sürəti 20 m/s-ə çatıb.
"Lakin yay fəslində Bakıda əsən şimal küləyi həm havada olan rütubətin, həm də temperaturun kəskin yüksəlməsinin qarşısını alır. Bu baxımdan, həftənin sonunadək gözlənilən hava şəraitini nisbətən əlverişli saymaq olar. Xəzri küləyinin üstünlüyü havanın temperaturunun paytaxtda kölgədə 31-33 dərəcədən yüksək olmayacağını təmin edəcək".
U.Tağıyevanın sözlərinə görə, aran bölgəsində 36 dərəcəyədək isti gözlənilir.
Yalnız bəzi şimal və qərb rayonlarında 23-27 dərəcə isti fonunda lokal yağış yağacağı ehtimalı var.