Rusiya və Çin Marsın tədqiqi üzrə birgə missiya çərçivəsində istifadə olunacaq cihaz və texnikalar hazırlayacaqlar.
Lent.az xəbər verir ki, bunu "Roskosmos" dövlət korporasiyasının baş direktoru Dmitri Bakanov bildirib.
"Bizim birgə Ay missiyamız - "Çanye-7" var. İndi isə birgə Mars missiyasına başlayırıq", - deyə o bildirib.
2025-ci ilin mayında "Roskosmos" Çinlə Ayda elektrik stansiyasının yaradılması sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Bu stansiyanın 2036-cı ilədək yaradılması planlaşdırılan Beynəlxalq Ay Stansiyası layihəsi çərçivəsində fəaliyyət göstərməsi nəzərdə tutulur.
Stansiyada müxtəlif kosmik tədqiqatların aparılması, eləcə də gələcəkdə insanların Ayda yaşaması imkanlarının araşdırılması planlaşdırılır. Həmçinin insanların iştirakı olmadan uzun müddət işləyə biləcək stansiyanın istismarını təmin edən texnologiyaların sınaqdan keçirilməsi nəzərdə tutulur.
"Roskosmos"dan bildirilib ki, hazırda Rusiya-Çin Ay stansiyası layihəsinə iki beynəlxalq təşkilat da daxil olmaqla, 16 ölkə qoşulub.