Sabirabad rayonunda 12 yaşlı qız özündən 20 yaş böyük kişi ilə nişanlanıb. Məktəbdə əla qiymətlərlə oxuyan bu balaca qızın gələcək əri bir dəfə evlənib ayrılıb.
İşin ağrılı tərəfi odur ki, adam etdiyi əməlin düzgün olmadığını nəinki anlamır, üstəlik özünə haqq qazandırıb deyir ki, istəsəm, lap 5 yaşında qıza nişan qoyaram.
XXI əsrdə oturub sürətlə orta əsrlərə doğru geriləməkdəyik. Yəqin el dilində eşitməmiş olmazsınız. Keçmişdə 50-60 yaşlı kişilər balaca qızlara elçi gələndə onları motal papaqları ilə vurarmışlar, qız papağın zərbəsindən yıxılmadısa, ərə getməli yaşa gəlmiş sayılırmış. “Kişiyəm, istəsəm lap 5 yaşında qıza nişan qoyaram” əqidəsindəki insanların zamanına gəlib çatdıq. Öz düşüncəsi natəmiz olan kişilər “təmiz qız” arzusu ilə balaca-balaca qızları seçirlər. Bu gedişlə nişanlılarını, sevgililərini orta məktəbdə yox, uşaq bağçasında da axtararlar.
12 yaşlı qız heç yeniyetmə də sayılmır, hələ uşaqdır. O halda 12 yaşlı qıza həvəs hiss etmək pedofillikdən başqa bir şey deyil.
Keçək məsələnin başqa tərəfinə. 32 yaşlı kişi çox şey arzulaya bilər. Bəs ona qoşulub 12 yaşlı uşağa nişan taxan qohum əqrəbasına nə deməli? Bəs o qızı böyüdən ata-anaya nə deməli? Nə qızlarını verdikləri oğlanın yaşından xəbərləri var, nə evlənib boşanmasından. Bir ovuc qır-qızıla aldanıb qızlarını ona peşkəş ediblər?! Bunun adı balasından bezmək deyil bəs nədir? Süfrədən bir boğaz azalsın deyə, imkanı olan adama uşağını satmaq sadəcə vicdansızlıqdır. Ailə qurmaq bir ailənin yükünü çiyninə almaq deməkdir. O körpə balanı niyə yükləməyə tələsiblər?
Övladın arxasında sona qədər dayanmayacaqsansa, onu dünyaya gətirmə, gətirdinsə “kəkil çıxardı, ver birinə başından rədd elə” ideyası dünyaya yeni-yeni gözüyaşlı uşaqların gəlməsi ilə nəticələnəcək.
Bu zəncirləmə qəza, bu bədbəxt ailələr silsilə şəklində davam edəcək.
Hər nə qədər yalandan deyilsə də ki, qız məktəbi bitirib, sonra ərə gedəcək, inandırıcı deyil. Çox keçməyəcək, “Vağzalı” da çalınacaq, 12 yaşlı “qurbanlıq” qızın toyunda qol götürüb rəqs də edəcəklər.
Niyəsə yadıma Yam-Yam tayfaları düşdülər. Onlar da insanı kəsib yeməzdən öncə ətrafında rəqs edir, başına-gözünə tumar çəkirdilər.
Belə hallara baxanda 20 yaşlı Gülnaza aşiq olmuş 50 yaşlı Məşədi İbada şükür.